Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2014/2022 26.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X17 Şakir oğlunun sədrliyi, X11 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X6 qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 birgə nikahdan doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün alimentin miqdarını artıraraq sabit məbləğdə hər uşağa hər ay 193 (bir yüz doxsan üç) olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat və mediasiya təşkilatına ödədiyi 50 manat rüsumun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-1190/2013 saylı qətnaməsinə əsasən himayəsində qalan iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər uşağa 80 manat olmaqla, cəmi 160 manat məbləğdə aliment pulunun tutulub ona verilməsi müəyyən olunmuşdur. Göstərilən miqdarda aliment uşağın saxlanması üçün yetərli deyildir. Uşağın saxlanmasında çətinlik çəkir. Birgə nikahdan doğulmuş uşaqlara o, tək baxır. Cavabdeh uşaqların saxlanmasında ona heç bir köməklik etmir. Cavabdeh kifayət qədər gəlirə malikdir. Onun uşağın saxlanması üçün kifayət qədər maddi imkanı vardır. Bundan başqa uşaqlar böyümüş və xərcləri daha çox artmışdır. Məktəb və hazırlıq xərcləri alimentin miqdarından dəfələrlə artıqdır. Bundan əlavə qanunun tələblərindən də bilindiyi kimi uşaqlar üçün yaşayış minimumu xeyli artmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X6 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə məhkəməyə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, hesab edir ki, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılması hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 28 iyun 2013-cü il tarixli, 2(043)1190/2013 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2013-cü il ildən başlayaraq, Gəncə şəhəri Tereşkova küçəsi, ev 40, mənzil 43-də yaşayan cavabdeh X1 12 sentyabr 2005-ci ildə doğulmuş X7 və 16 iyun 2008-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 80 (səksən) manat, cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment Gəncə şəhəri, Sərdarov küçəsi, ev 101-də yaşayan X5 ödənilməsi qət edilmişdir. AZ-İİ seriyalı, 127432 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X9 anadan olmuşdur. Doğum haqqında Şəhadətnamədə uşağın atası X10, anası isə X8 qeyd edilmişdir. AZ-İV seriyalı, 556963 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2005-ci il təvəllüdlü X7 anadan olmuşdur. Doğum haqqında Şəhadətnamədə uşağın atası X10, anası isə İddiaçı qeyd edilmişdir. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2022-ci il tarixli, MŞG/1-03206 saylı arayışdan görünür ki, bu arayış vətəndaş İddiaçı “nikahın pozulması, aliment və uşağın xarici ölkəyə aparılması” ilə bağlı müraciəti əsasında yeri və vaxtı 5 iş günü əvvəlcədən telefon və poçt vasitəsi ilə məlumatlandırılan qarşı tərəf X6 mübahisə üzrə 18 iyul 2022-ci il tarixdə saat 09:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməməsini təsdiq etmək üçün verilir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi üçün “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 308 nömrəli Qərarı” ilə təsdiq edilmiş ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. AZ-İ seriyalı, 182587 nömrəli Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, vətəndaş X10 ilə vətəndaş İddiaçı arasında nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2014-cü ildə 39 nömrə ilə qeyd edilmişdir. Məhkəməyə təqdim edilmiş sübutların bilavasitə tədqiqi zamanı aydın oldu ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 28 iyun 2013-cü il tarixli, 2(043)1190/2013 saylı qətnaməsinə əsasən xx.xx.2013-cü il ildən başlayaraq, Gəncə şəhəri Tereşkova küçəsi, ev 40, mənzil 43-də yaşayan cavabdeh X1 12 sentyabr 2005-ci ildə doğulmuş X7 və 16 iyun 2008-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 80 (səksən) manat, cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment Gəncə şəhəri, Sərdarov küçəsi, ev 101-də yaşayan X5 ödənilməsi qət edilmişdir. Lakin, həmin vaxtdan uşaqlar böyüdüyü və onların xərclərinin artdığı üçün qət edilmiş aliment uşaqların saxlanması üçün yetərli olmadığından, cavabdeh uşaqların saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən, İddiaçı “aliment miqdarının artırılması” tələbinə dair mediasiya şurasına müraciət etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən tərəflər arasında razılıq əldə olunmamış, iddiaçı “aliment miqdarının artırılması” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə baxışında iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, iddiaçı cavabdehin yüksək qazancı və gəlirləri barədə heç bir məlumatı və sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlmədiyindən onun hazırki iddiaya olan münasibətini öyrənmək mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, alimentin artırılması tələbi iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, cavabdehin daimi olaraq yüksək qazanca sahib olması barədə sübutu məhkəməyə təqdim edilməmişdir. Lakin tərəflərin birgə uşaqları üçün müəyyən edilən aliment 2013-cü il tarixdə məhkəmə tərəfindən qət edildiyindən və həmin tarixdən doqquz ilə yaxın vaxt keçməsi və uşaqlar böyüdükcə onların tələbatları və saxlanma xərclərinin artması, həmçinin onların məktəbli olması, tərəflərin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşaqların maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, tərəflərin gəlirləri barədə sübutların təqdim edilməməsini və habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşaqları saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşaqların təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə tərəflərin faktiki ailə münasibətlərindən doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh X1 iddiaçı X3 xeyrinə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 28 iyun 2013-cü il tarixli, 2(043)1190/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş, hər ay hər uşağa 80 (səksən) manat olmaqla, cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, cavabdeh X1 hər ay hər uşağa 140 (bir yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı dəyişdirilmiş (artırılmış) alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiya xərcini ödəmişdir. Mediasiya xərci iddiaçı tərəfindən ödənildiyindən, iddia tələbinin təmin edilən hissəsi nəzərə alınaraq, cavabdeh X1 məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 50 (əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, İddiaçı olduğundan dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün ona hər ay cavabdeh tərəfindən ödənilməli artırılmış hissədə 120 manat sabit pul məbləğində alimentin bir il ərzində məcmusu 1440 manat təşkil etdiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən cavabdeh X1 34,4 (otuz dörd manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 28 iyun 2013-cü il tarixli, 2(043)- 1190/2013 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın və xx.xx.2005-ci il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün cavabdeh X1 hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilsin. Artırılmış hissədə alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh X1 34,4 (otuz dörd manat qırx qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdeh X1 məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 50 (əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-2014/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2014/2022
26.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver