Məhkəmə qərarları › İş №2(125)-2015/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2015/2022

09.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2015/2022 09.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Şakir oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə alınmış pensiya fərqinə görə 900 manat pulun, sığorta ödənişinə görə 1600 manat pulun, cəmi 2500 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, ixtisasca hüquqşünasdır. xx.xx.2015-ci ildən hüquqi xidmət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Azərbaycan Respublikası Vergilər Nazirliyində sahibkar kimi qeydiyyatdadır. Cavabdeh 2020-ci ilin iyul ayının 27-də ona müraciət edərək AR DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin (indiki Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından) hərbçi kimi pensiya almaq hüququnun yarandığı müddətdən əvvəlki 3 il üçün pensiya məbləğinin alınmasına ona hüquqi yardım göstərilməsini və İİ qrup müharibə əlilliyinə görə 6600 manat məbləğində sığorta ödənişinin alınmasında ona köməklik göstərilməsini xahiş etmiş və bildirmişdir ki, maddi vəziyyəti yaxşı deyil və işə başlamaq üçün ona heç bir ilkin ödəniş etmək qabiliyyətində deyil, lakin əlavə olaraq bildirmişdir ki, alınacaq pensiya fərqinin 50 faizini və sığorta ödənişinə görə ona 1600 manat əmək haqqı verməyə razıdır. Onlar öz aralarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777-ci maddəsinə uyğun olaraq şifahi tapşırıq müqaviləsi bağlamış və işə başlamaq üçün cavabdeh ona xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri 1 saylı notariat ofisində notarial qaydada təsdiqlənmiş etibarnamə vermişdir. Onun tərəfindən tapşırıq müqaviləsinin şərtləri yerinə yetirilmişdir. (cavabdehin adından o ərizələrlə müraciət etmiş iddia ərizəsi, məhkəmələrdə cavabdehin etirazlarına qarşı izahlar, etirazlar hazırlayaraq məhkəmələrə təqdim etmişdir) Həmçinin 1-ci instansiya məhkəməsində ona zəruri hüquqi yardım göstərmiş, məsləhətlər vermiş, onun məhkəmədə bütün çıxışları onun tərəfindən hazırlanmışdır. Cavabdeh 6600 manat mələğində sığorta ödənişinə dair iddia tələbi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təmin edilmiş və 2022-ci ilin avqust ayının 3-də qətnamə icra edilərək ona 6600 manat pul vəsaiti ödənilmişdir. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən Cavabdeh əvvəlki 3 il üçün 6000 manat məbləğində pensiya fərqi hesablanaraq ona ödənilmişdir. Pensiya fərqi cavabdehə ödənildikdən sonra o, vəd verdiyi 3000 manatdan hissə-hissə 2100 manat ödəmiş, 900 manat isə borclu qalmışdır. O, xx.xx.2022-ci il tarixdə cavabdehə bildiriş-xəbərdarlıq məktubu göndərərək tapşırıq müqaviləsinə əsasən icra olunmuş tapşırıq üzrə əmək haqqının (muzdun) ödənilməsini tələb etmişdir. Poçt xəbərnaməsinə əsasən bildiriş-xəbərdarlıq məktubu xx.xx.2022-ci il tarixdə ünvana çatdırılmışdır. Lakin bu müraciəti cavabsız və nəticəsiz qalmışdır. Məhkəmənin 01 noyabr 2022-ci il tarixdə keçirilən hazırlıq iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək mövcud sübutlar əsasında təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmiş, lakin o, məhkəməyə teleqram ünvanlayaraq, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə bu səbəbdən işə iddiaçının iştirakı olmadan baxılmasını mmükün hesab etmişdir. Cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə məhkəməyə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-965/2020 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilmiş və cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6600 (altı min altı yüz) manat məbləğində pul tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixli İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış bildirişxəbərdarlıqdan görünür ki, aralarında bağlanmış tapşırıq müqaviləsinə əsasən icra olunmuş tapşırıq üzrə əmək haqqının (muzdun) ödənilməsini tələb etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehin ona AR DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin (indiki Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından) hərbçi kimi pensiya almaq hüququnun yarandığı müddətdən əvvəlki 3 il üçün hüquqi yardım göstərilməsini və 2-ci qrup müharibə əlilliyinə görə 6600 manat məbləğində sığorta ödənişinin alınmasında köməklik göstərilməsini, cavabdehin maddi vəziyyəti yaxşı olmadığından və işə başlamaq üçün iddiaçıya heç bir ilkin ödəniş etmək qabiliyyətində olmadığını, alınacaq pensiya fərqinin 50 faizini və sığorta ödənişinə görə ona 1600 manat əmək haqqı verməyə razılaşdıqlarını qeyd etsə də buna dair əsaslı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Hətta iddia ərizəsinə əlavə olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-965/2020 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, həmin işə baxılan zaman iddiaçı cavabdehi məhkəmədə təmsil etməmişdir. Ümumiyyətlə məhkəmənin qənaəti ondan ibarətdir ki, İddiaçı sığorta ödənişi ilə bağlı birinci instansiya məhkəməsində cavabdehə zəruri hüquqi yardım göstərdiyini, məsləhətlər verdiyini, məhkəmə çıxışlarının onun tərəfindən hazırlandığını, eyni zamanda sığorta ödənişi ilə bağlı göstərdiyi hüquqi yardıma görə 1600 manat əmək haqqını ödəməyi cavabdehin öz üzərinə götürdüyünü qeyd etsə də, nə qədər ki, cavabdeh həmin faktı etiraf etmədiyindən bu hal işin mübahisəli halı olmaqla iddiaçı istinad etdiyi həmin hallar barədə məhkəməyə əsaslı sübut təqdim etməmişdir. Məhkəmə həmçinin iddiaçının cavabdehin əvvəlki 3 il üçün 6000 manat məbləğində pensiya fərqi hesablanaraq cavabdehə ödənilməsini və pensiya fərqi cavabdehə ödənildikdən sonra iddiaçıya vəd verdiyi 3000 manat puldan 900 manat borcu qalması hissəsini də araşdıraraq hesab edir ki, həmin hissə işin mübahisəli halı olmaqla iddia tələbi həmin hissə də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı həmin hissədə də cavabdehə hüquqi yardım göstərməsini və alınacaq pensiya fərqinin 50 faizinin ödənilməsini iddia etsə, də bu barədə məhkəməyə sübut təqdim etməmişdir. İş materiallarında olan etibarnamədən də görünür ki, hazırki iş üzrə cavabdehin iddiaçıya Mülki Prosessual Məcəlləsinin 74-cü maddəsinin tələbinə əsasən məhkəmədə onun hüquqlarını müdafiə etmək üçün hər hansı səlahiyyət verməsi müəyyən olunmamışdır. Belə ki, MPM-in 74.1-ci maddəsinə əsasən nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Ümumiyyətlə iddia ərizəsinə əlavə olunan etibarnamənin kserosurət mətnindən görünür ki, cavabdeh iddiaçıya hər hansı dövlət orqanlarında və ya qurumlarında onu zərurət olacağı təqdirdə təmsil etməyi və bununla bağlı müvafiq rəsmləşdirilmə aparmağı tapşırmışdır. Həmin etibarnamədə isə etibar edən şəxsin etibar edilənə hansısa məbləğdə muzd ödəmək öhdəliyini üzərinə götürməsi qeyd olunmamışdır. Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan tapşırıq müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığına əsaslanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPM-nin 76.1.və 76.2. maddələri). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud tələbin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Məhkəmə qeyd edir ki, hər bir şəxs öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Əgər bir tərəf digər tərəfin tələbinin əsası kimi istinad etdiyi halı etiraf edirsə və bu hal digər sübutla təsdiq edilməklə inkar edilmirsə, bu zaman məhkəmə əlavə araşdırma aparılmadan iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Lakin, məhkəmə baxışı zamanı iddiaçının cavabdehə pul verməsinə dair tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyini iddiaçı yerinə yetirə bilməmiş və hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “alınmış pensiya fərqinə görə 900 manat, sığorta ödənişinə görə 1600 manat, cəmi 2500 manat pul” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 300 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı “alınmış pensiya fərqinə görə 900 manat, sığorta ödənişinə görə 1600 manat, cəmi 2500 manat pul” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar