Məhkəmə qərarları › İş №2(125)-2023/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2023/2025

21.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2023/2025 21.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1750 (bir min yeddi yüz əlli) manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü Mikrorayon ev 21, mənzil 52-də yaşayan Cavabdeh ilə 2013-cü ildən X1 şəhərində universitetdə oxuyarkən tanış olmuşdur və bu günədək də münasibətləri davam edir. 2024-cü ilin fevral ayının 12-də Cavabdeh ona bildirmişdir ki, anası ağır xəstədir, əməliyyat etdirməyə 2000 (iki min) manat pul lazımdır. O, Nəzakətin ağır vəziyyətdə olduğunu və tələbə yoldaşı olmaqlarını nəzərə alaraq özünün kredit kartından onun kartına 1000 (min) manat pul göndərmişdir. Bundan bir müddət sonra ona məlum olmuşdur ki, Cavabdeh kartından əlavə olaraq bir neçə dəfəyə 1000 (min) manat da pul çıxarıbdır. Nəzakətdən 2000 (iki min) manat pullarını qaytarmağı tələb etsə də o, ona cəmi 250 (iki yüz əlli) manat pul qaytarmışdır. 1750 (min yeddi yüz əlli) manat pulu isə Nəzakət qaytarmaqdan imtina edir. Məhkəmədə İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirak etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, sonda iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh iştirak etmiş, iddiaçıdan 2000 manat məbləğində pulu aldığını etiraf etmiş, 250 manatı qaytarmış və qalan borcunu vaxtında qaytara bilmədiyi üçün hazırda iddiaçının tələb etdiyi 1750 manat məbləğində borcu qəbul etdiyini və həmin məbləğdə pulu iddiaçıya ayba-ay ödəyəcəyini bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edib, hesab edir ki, iddia əsaslı olduğundan, təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1 -ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1 -ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Artıq yuxarıda qeyd edildiyi kimi, cavabdeh məhkəmədə ona qarşı irəli sürülən 1750 manat məbləğində pul tələbini qəbul etdiyini və iddianın tam təmin edilməsinə etirazı olmadığını bildirmişdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, tərəflər arasında borc münasibətləri yaranmış, cavabdeh iddiaçıdan ümumilikdə 2000 manat məbləğində borc almış, alınmış borcun 250 manatı qaytarılmış, qalan 1750 manatı isə qaytarılmamışdır. Ona görə də məhkəmə işin müəyyən edilən faktiki hallarına tətbiq edilməli olan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia edilən 1750 (bir min yeddi yüz əlli) manat məbləğində borcun qaytarılması tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, borc alan borcu qaytarmaq öhdəliklərini lazımınca yerinə yetirmədiyindən iddiaçının cavabdehdən borcun tutulmasını tələb etmək hüququ vardır. Beləliklə də məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1750 (bir min yeddi yüz əlli) manat məbləğində pul alınıb, İddiaçı verilməlidir Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 357 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1750 (bir min yeddi yüz əlli) manat məbləğində pul Cavabdeh alınıb, İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar