Məhkəmə qərarları › İş №2(125)-2024/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2024/2025

27.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2024/2025 27.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş zərər hesabına ondan 28115 manat pulun və ödədiyi dövlət rüsumunun əvəzində 175 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, l(044)-63/2021 nömrəli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli 1(044)-04/2019 saylı hökmü ilə Cavabdeh təyin olunmuş 1100 manat cərimə cəzasının qalan 1050 manatı hazırkı hökmlə ona təyin edilmiş cəzaya tam birləşdirilərək Cavabdeh üzərində qəti olaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 1050 manat cərimə cəzası saxlanılmışdır. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəndə çəkməklə, cəzasının əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Hökm və məhkəmə qərarı ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Cavabdeh xx.xx.2020-ci il tarixədə saat 01 radələrində bizə məxsus olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə pəncərənin dəmir barmaqlıqlarını çıxarmaq yolu ilə qanunsuz daxil olaraq, oradan hər birinin dəyəri 900 manat, ümumi dəyəri 1800 olan 2 ədəd qızıl 10-luğu, dəyəri 500 manat olan 1 ədəd qızıl qadın boyunbağını, hər birinin dəyəri 150 manat, ümumi dəyəri 300 manat olan 2 ədəd qızıl uşaq sırğasını, hər birinin dəyəri 50 manat, ümumi dəyəri 100 manat olan 2 ədəd qızıl gözmuncuğunu, dəyəri 1500 manat olan 1 ədəd beş qaşlı qızıl qadın nişan üzüyünü, dəyəri 450 manat olan 1 ədəd qızıl 5-liyi, 585 əyyarlı, 30 qram çəkidə, 0,01 və 0,015 karat, ümumilikdə isə 4 karat brilliant qaşlarla birlikdə dəyəri 2500 manat olan ağ qızıldan bilərzik, sırğa və klon dəstini, 750 əyyarlı, 15 qram çəkidə, dəyəri 1350 manat olan hədiyyə kimi istifadə edilən it fiqurunu, 583 əyyarlı, 18 qram çəkidə, ayrı ayrılıqda 0,1 karat, ümumilikdə isə 4,2 karat, 42 ədəd brilliant qaşlarla birlikdə dəyəri 4500 manat olan zümrüd və birilliant qaşlı üzük və sırğa dəstini, 750 əyyarlı 12 qram çəkidə, dəyəri 1080 manat olan qızıl “kitay boyunbağısını, 750 əyyarlı, 18 qram çəkidə, dəyəri 1620 manat olan “yaxalıq boyunbağı”nı, 583 əyyarlı, 50 qram çəkidə dəyəri 3500 manat olan “moruq boyunbağı”nı, 583 əyyarlı, 14 qram çəkidə, 0,2 karat birilliant qaşla birlikdə dəyəri 1100 manat olan brilliant qaşlı bilərziyi, 583 əyyarlı, 12 qram çəkidə, dəyəri 840 manat olan qaşsız bilərziyi, 750 əyyarlı, 5 qram çəkidə, ümumilikdə 0,45 karat birilliant qaşlarla birlikdə dəyəri 550 manat olan üzüyü, 583 əyyarlı, 5 qram çəkidə, ümumilikdə 0,6 karat birilliant qaşlarla birlikdə 550 manat dəyərində klonu, ümumilikdə isə 1100 manat dəyərində üzük və klon dəstini, 583 əyarlı, 5 qram çəkidə, ümumilikdə 0,15 karat birilliant qaşlarla birlikdə dəyəri 450 manat olan kişi üzüyünü, 583 əyyarlı, 4,5 qram çəkidə, ümumilikdə 0,1 karat birilliant qaşlarla birlikdə dəyəri 350 manat olan uşaq sırğasını, 750 əyyarlı. 4.5 qram çəkidə, ümumilikdə 0,6 karat brilliant qaşlarla birlikdə dəyəri 800 manat olan brilliant qaşlı nişan üzüyünü, 750 əyyarlı, 6 qram çəkidə, ümumilikdə 0,6 karat birilliant qaşlarla birlikdə dəyəri 650 manat olan brilliant qaşlı qadın üzüyünü, 10 manat dəyərində 1 ədəd BFL markalı kişi ayaqqabısı, hər birinin dəyəri 5 manat, ümumi dəyəri 20 manat olan 4 ədəd nazik kişi koftası, hər birinin dəyəri 10 manat, ümumi dəyəri 40 manat olan 4 ədəd kişi köynəyi, hər birinin dəyəri 15 manat, ümumi dəyəri 60 manat olan 4 ədəd kişi cins şalvarı, 10 manat dəyərində 1 ədəd Lacoste markalı kişi üçün idman kostuyumu da daxil olmaqla timmnilikdə 1500 manat dəyəri olan təzə və geyinilmiş vəziyyətdə müxtəlif növdə və çeşiddə geyim əşyalarını, 10 manat dəyərində 1 ədəd Gimmy Japan markalı balaca çantanı, 15 manat dəyərində 1 ədəd Jinertai markalı böyük çantanı, hər birinin dəyəri 150 manat, ümumi dəyəri 2100 manat olan 14 ədəd ətiri, ümumlikdə bizim xeyli miqdar təşkil edən, ümumi dəyəri 28115 manat olan əmlaklarımızı gizli olaraq talamışdır. Vurulmuş zərərin məbləği ilə bağlı, yəni oğurlanmış əmlaklarının qiymətləndirilməsi ilə bağlı onlar istintaqda və məhkəmə prosesində əsaslandırılmış etirazlarını təqdim etmişlər. Oğurlanmış həmin qızıllarının və digər qiymətli əmlaklarının dəyəri 54.500 manat təşkil edir. Buna baxmayaraq, ekspertiza rəyinə əsasən əmlakların qiyməti düzgün olmayaraq 28115 manat müəyyən edilmişdir. Bu əsasla həmin hökmdən apellyasiya şikayəti versələrdə də, apellyasiya şikayətləri təmin edilməmişdir. Həmin Cinayət işi üzrə icraat zamanı vurulmuş zərərlə bağlı mülki iddia verilməmiş, ona görə də, məhkəmə vurulmuş maddi ziyanın təqsirləndirilən şəxsdən alınması barədə qərar qəbul etməmişdir. Bu səbəbdən də, o, hazırda vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəsində yazılanların izahatı olaraq qəbul edilməsini və tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı tərəfi dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-63/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli 1(044)-04/2019 saylı hökmü ilə Cavabdeh təyin olunmuş 1100 manat cərimə cəzasının qalan 1050 manatı hazırkı hökmlə ona təyin edilmiş cəzaya tam birləşdirilsin və Cavabdeh üzərində qəti olaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 1050 manat cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Cavabdeh təyin edilmiş cərimə cəzası müstəqil icra olunsun. Həmin hökmdən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 noyabr 2020-ci il tarixli, 9/4898 nömrəli məhkəmə-ekspertizası rəyindən görünür ki, 2020-ci ilin iyun ayına buxarlı və tozsouranlı “Philips” markalı təzə ütünün orta bazar qiyməti 240 manat, Çexiya istehsalı olan, “Rucni Prace” markalı 1 ədəd yemək və çay servis dəstinin orta bazar qiyməti 800 manat, 3x4m ölçülü xalçanın orta bazar qiyməti 400 manat müəyyən edilmişdir. 2020-cı ilin iyun ayına 585 əyyarlı qızılın 1 qramının 70 manat, 750 əyyarlı qızılın 1 qramının 65 manat olması, 16 adda qızıl-zinət əşyalarının orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 16267,50 manat müəyyən edilmişdir. 996-999 əyyarında qızıl külçə formasında olması mümkündür. Maddi sübut qismində, ekspertiza təyini haqqında qərarda, mütəxəssis rəyində qeyd edilən 10 adda üzərində qiymətli daşlar olan zərgərik məmulatları maddi sübut qismində mərkəzə təqdim edilmədiyindən və həmən qiymətli daşlara ekspert baxışı keçirilmədən faktiki olaraq onların modeli, fasonu, çəkisi və keyfiyyəti barədə məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalmmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna (etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Hazırkı iş üzrə iddiaçı cinayət əməli nəticəsində cavabdeh tərəfindən vurulmuş ziyanın əvəzinin ödənilməsini xahiş etmiş və tələbini cavabdehin cinayət əməlinin törədilməsində təqsirli bilinməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, iddiaçının əmlakına dəymiş maddi zərər bilavasitə cavabdehin hüquqazidd əməli nəticəsində vurulduğundan, bununla da mülki hüquq pozuntusu (delikt) cavabdeh tərəfindən törədildiyindən, iddiaçı dəymiş maddi zərərin əvəzini cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Bununla belə məhkəmə, cavabdehdən tutulacaq zərərin məbləğini araşdıraraq qeyd edir ki, iddiaçı tələbində ona dəymiş maddi zərərin məbləğini 28115 manat olaraq qeyd etsə də, cinayət işi üzrə məhkəmə araşdırması zamanı verilmiş ekspert rəyinə əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə Cavabdeh qanunsuz daxil olaraq cəmi 17707,5 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Beləliklə, ekspert rəyi ilə iddiaçıya vurulması müəyyən olunan ziyanın əvəzi qismində 17707,5 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia qalan hissədə - (28115-17707,5=10407,5) 10407,5 manat pulun tutulması hissəsində iddia təmin edilməməlidir. Belə ki, iddiaçı ittiham hökmündə qeyd edilən ifadəsində göstərilən və cinayət nəticəsində oğurlandığını bildirdiyi əşyaların mövcud olduğuna və onların dəyərinə dair hər hansı sübut, beləliklə, 10407,5 manat zərər dəydiyini təsdiqləyən hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi qismində 143.12 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 17707 (on yeddi min yeddi yüz yeddi) manat 50 (əlli) qəpik pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 143 (yüz qırx üç) manat 12 (on iki) qəpik pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar