Məhkəmə qərarları › İş №2(125)-205/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-205/2022

11.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-205/2022 11.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Hüseynov Hadı Bahadur oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının Cavabdeh qarşı 05 dekabr 2013-cü il tarixli, 394/13 nömrəli «vakala» borc müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.628 manat 58 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 89 manat 26 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37 manat 18 qəpik, cəmi 1.755 manat 02 qəpik məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatı Cavabdeh qarşı 05 dekabr 2013-cü il tarixli, 394/13 nömrəli «vakala» borc müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.628 manat 58 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 89 manat 26 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37 manat 18 qəpik, cəmi 1.755 manat 02 qəpik məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçının nümayəndəsi F.M.Paşayev məhkəmədə iddia tələbini müdafiə edərək göstərdi ki, «"xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış, «Tələb hüququnun güzəşt edilməsinə dair» 11 avqust 2015-ci il tarixli müqaviləyə görə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə keçmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişikliklərin 2.5-ci bəndinə görə Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum «X2 Edilməsi Agentliyi» Məhdud Məsuliyyətli Cəmiyyəti vasitəsi ilə həyata keçirilir. Qeyd edilmiş dəyişikliklərə əsasən "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini «X2 Edilməsi Agentliyi» MMC həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-1B- 69 saylı, 09 aprel 2019-cu il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC-nin İslam Bankçılıq Departamenti ilə Cavabdeh arasında 05 dekabr 2013-cü il tarixdə, 394/13 saylı «vakala» borc müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 20 faiz tətbiq edilməklə, 24 ay müddətinə 3.070 manat pul vəsaiti verilmişdir. 05 dekabr 2013-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi Cavabdeh ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. Borc müqaviləsinə əsasən Bank borc alana 3.070 manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən kredit müqaviləsindən istifadə müddətinin axımı «Borcalan»ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. «Borcalan»a verilən kredit vəsaitindən istifadə müddəti 24 aydır. Qeyd olunan Borc müqaviləsinə əsasən kredit üzrə faiz şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 20 faizlə hesablanır. Cavabdeh iddiaçı Bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh təhvil verilmiş akta əsasən müqavilə üzrə hazırda olan əsas borc üzrə 1.628 manat 58 qəpik, faiz borcu üzrə 89 manat 26 qəpik olmaqla, cəmi 1.717 manat 84 qəpik məbləğində təşkil edir. İddiaçı Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik hazırki tarixədək yerinə yetirilməmişdir. Bundan başqa, Cavabdeh kredit borcu «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür. Qeyd olunan Fərmanda göstərilən məsələlər öz həllini tapanadək Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qaldıqda, bu yenidən iddia iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Belə ki, analoji mübahisələr mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatn müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin Fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə iddiaçının üzləşmiş olduğu maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni həmin Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına ola bilməz. Sonda iddiaçının nümayəndəsi F.M.Paşayev iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə iddianı qəbul etməyərək, bildirdi ki, 2013-cü ilin dekabr ayında o, «Kriby» firmasının istehsalı olan «Sentia» modelli avtomatik yuyucunu almaq məqsədi ilə satıcı ilə müqavilə bağlamış və bu zaman ona öhdəliklərin hissə-hissə icra ediləcəyi izah olunmuşdur. Həmin vaxt onun yeni doğulmuş uşağı olduğundan və yaşadığı evdə təmizliyin yüksək səviyyədə təmin olunmasını arzuladığından o, həmin satıcının təklifini qəbul etmiş, öhdəliklərin hissə-hissə icrasına dair müqavilə bağlamaqla, dəyəri 3.070 manat məbləğində olan avtomatik yuyucunu almışdır. Lakin bir müddət sonra yaşadığı evdə həmin yuyucudan istifadə olunmadığını görmüş və buna görə də həmin avadanlığı satıcıya geri qaytarmışdır. Bu zaman satıcı tərəfindən malın geri qaytarılması qəbul olunmuş və daha öhdəliklərin icra edilməməsi tövsiyyə olunmuşdur. O isə aldığı malın geri qaytarılması ilə əlaqədar ödənişləri dayandırmışdır. Həmin tarixdən hazırki tarixədək 6-7 ildən artıq müddət keçmiş, ötən müddət ərzində ondan öhdəliklərin icrası tələb olunmadığına görə o, artıq borc üzrə öhdəliklərinə xitam verildiyini düşünmüşdür. Hazırki halda həmin vaxtdan uzun müddət keçdiyinə görə o, satıcı ilə aralarında olan razılaşmaya dair onda olan sübutları özündə saxlamamışdır. Qeyd olunan müddətdən isə 6-7 il müddət keçmiş və bununla da iddia müddəti ötürülmüşdür. Belə olan halda, iddia əsassız olduğuna və iddia müddəti buraxıldığına görə İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının iddiasına iddia müddəti tətbiq edilməklə, iddia rədd edilməlidir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini və cavabdehi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 05 dekabr 2013-cü il tarixli, 394/13 nömrəli «vakala» borc müqaviləsindən və həmin müqavilənin 1 saylı əlavəsindən görünür ki, həmin müqavilənin predmeti «Kriby» firmasının istehsalı olan «Sentia» modelli ********** seriya nömrəli avadanlığın (avtomatik yuyucu) Cavabdeh tərəfindən alınması və lizinq əsasları ilə hesablanan bank gəlirlərinin Manat ilə ifadə edilən pul öhdəliyidir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 3.070 manat məbləğində pul vəsaitini kredit verməyi, Cavabdeh isə 05 dekabr 2015-ci il tarixədək həmin pul vəsaitini ona hesablanmış faizlərlə birlikdə geri qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan hesabdan çıxarışdan görünür ki, olan 05 dekabr 2013-cü il tarixli, 394/13 nömrəli «vakala» borc müqaviləsi Cavabdeh tərəfindən sonuncu ödəniş 04 fevral 2015-ci il tarixdə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhvil-təsliminə dair 09 aprel 2018-ci il tarixli, S-FK-İB-69 nömrəli aktın surətindən görünür ki, İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması zamanı Cavabdeh 05 dekabr 2013-cü il tarixli, 394/13 nömrəli «vakala» borc müqaviləsi üzrə əsas borc qismində 1.628 manat 58 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 89 manat 26 qəpik, cəmi 1.717 manat 84 qəpik məbləğində borcu olmuş, cərimə hesablanmamışdır. İşdə olan İddiaçı QSC bank olmayan kredit təşkilatı tərəfindən verilmiş 07 fevral 2022-ci il tarixli, 681 nömrəli arayışdan görünür ki, Cavabdeh ilə "xxxx" ASC-nin «İslam Bankçılıq Departamenti» arasında bağlanmış 05 dekabr 2013-cü il tarixli, 394/13 nömrəli «vakala» borc müqaviləsi üzrə öhdəliklər 09 aprel 2018-ci il tarixdə "xxxx" ASC tərəfindən İddiaçı QSC bank olmayan kredit təşkilatına 09 aprel 2018-ci il tarixdə ötürülmüşdür. Həmin tarixdə Cavabdeh 05 dekabr 2013-cü il tarixli, 394/13 nömrəli «vakala» borc müqaviləsi üzrə əsas borc qismində 1.628 manat 58 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 89 manat 26 qəpik, cəmi 1.717 manat 84 qəpik məbləğində borcu olmuş, cərimə hesablanmamışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 05 dekabr 2013-cü il tarixdə 394/13 nömrəli «vakala» borc müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə öhdəliklər «"xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış, «Tələb hüququnun güzəşt edilməsinə dair» 11 avqust 2015-ci il tarixli müqaviləyə görə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə keçmişdir. Qeyd olunan 05 dekabr 2013-cü il tarixli, 394/13 nömrəli «vakala» borc müqaviləsinin predmeti isə «Kriby» firmasının istehsalı olan «Sentia» modelli ********** seriya nömrəli avadanlığın (avtomatik yuyucu) Cavabdeh tərəfindən alınması və lizinq əsasları ilə hesablanan bank gəlirlərinin Manat ilə ifadə edilən pul öhdəliyi olmuş, həmin müqaviləyə görə Cavabdeh «Kriby» firmasının istehsalı olan «Sentia» modelli ********** seriya nömrəli avadanlığın dərhal alınmasını öhdəsinə götürmüşdür. Lakin İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatı iddia tələbinin əsası kimi istinad edilmiş 05 dekabr 2013-cü il tarixli, 394/13 nömrəli «vakala» borc müqaviləsinin 2.2-ci bəndində nəzərdə tutulan qaydada əmlakın əldə edilməsi üçün satıcını (mal verəni) müqavilənin subyekti kimi cəlb etməmiş, bununla yanaşı həmin müqavilədə öhdəliklərin icrasının lizinq əsasları ilə hesablanmasına dair şərtlər nəzərdə tutulmuşdur. Hazırki halda isə cavabdeh öhdəliklərin icra edilməməsini lizinq əsası ilə alınmış malı satıcıya (mal verənə) geri qaytarması ilə əlaqələndirmişdir. Lakin iddiaçı borc müqaviləsinin predmeti olan və lizinq əsası ilə əldə edilən malın həqiqətən əldə olunub-olunmamasına, eləcə də öhdəliklərin icra olunmamısına səbəb olan təqsirli hərəkətlərə dair sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 750-ci maddəsinə görə lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Bundan başqa, mülki işin məhkəmə tədqiq zamanı Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə tərəflər arasında olan mübahisəyə iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. Lakin iddiaçının nümayəndəsi Cavabdeh kredit borcunun «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşdüyünü bildirmiş və qeyd olunan səbəbdən hazırki halda tərəflər arasındakı mübahisəyə iddia müddətinin tətbiq edilməli olmadığını göstərmişdir. Məhkəmə mülki işin məhkəmə iclasında tədqiq edilməklə müəyyən olunmuş hallarını sübutların məcmusu ilə müqayisəli tədqiq edərək, hesab edir ki, iddiaçının nümayəndəsinin izahatında iddia müddətinin ötürülməməsi ilə əlaqədar göstərdiyi xüsusat həqiqətə uyğun deyildir və cavabdehin iddianın təmin olunmasına etirazının rəddi üçün əsas hesab oluna bilməz. Belə ki, iddiaçının nümayəndəsi Cavabdeh 05 dekabr 2013-cü il tarixli, 394/13 nömrəli «vakala» borc müqaviləsi üzrə öhdəliklərinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşdüyünü bildirsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhvil-təsliminə dair 09 aprel 2018-ci il tarixli, S-FK-İB-69 nömrəli aktla hazırki iddia tələbi həcmində öhdəliklər İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatına ötürülmüşdür. Yəni həmin aktdan görünür ki, qeyd olunan Fərmanın qəbul olunmasından 10 ay əvvəl İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması zamanı Cavabdeh 05 dekabr 2013-cü il tarixli, 394/13 nömrəli «vakala» borc müqaviləsi üzrə əsas borc qismində 1.628 manat 58 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 89 manat 26 qəpik, cəmi 1.717 manat 84 qəpik məbləğində borcu olmuş, ona cərimə hesablanmamışdır. Hazırki halda isə iddia tələbi də əsas borc qismində 1.628 manat 58 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 89 manat 26 qəpik, cəmi 1.717 manat 84 qəpik məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının xeyrinə tutulmasından ibarətdir. Bundan başqa, işin məhkəmə iclasında müəyyən olunmuş hallarından görünür ki, "xxxx" ASC ilə 05 dekabr 2013-cü il tarixli, 394/13 nömrəli «vakala» borc müqaviləsinin əlavəsində qrafik üzrə sonuncu ödənişin 05 dekabr 2015-ci il tarixdə aparılması nəzərdə tutulmuşdur. Həmçinin iş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan da görünür ki, Cavabdeh tərəfindən kredit borcu üzrə sonuncu ödəniş 04 fevral 2015-ci il tarixdə aparılmışdır. Göründüyü kimi 05 dekabr 2013-cü il tarixli, 394/13 nömrəli «vakala» borc müqaviləsi üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddətdən «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının qəbul olunmasınadək 3 il 04 ay müddət keçmişdir. Beləliklə, Cavabdeh kredit borcunun «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşməsinə görə iddia müddətinin tətbiq edilməməsi ilə əlaqədar iddiaçının nümayəndəsinin izahatında göstərdiyi xüsusat əsaslı hesab oluna bilməz. Digər tərəfdən iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhvil-təsliminə dair 09 aprel 2018-ci il tarixli, S-FK-İB-69 nömrəli aktın surətindən və İddiaçı QSC bank olmayan kredit təşkilatı tərəfindən verilmiş 07 fevral 2022ci il tarixli, 681 nömrəli arayışdan görünür ki, 09 aprel 2018-ci il tarixdə, yəni məhkəmədə iddia qaldırılmamışdan 3 il 10 ay əvvəl Cavabdeh borcu əsas borc qismində 1.628 manat 58 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 89 manat 26 qəpik, yəni hazırki iddia tələbi ilə eyni həcmdə olmuş, məhkəmədə iddia qaldırılmasınadək ötən müddət ərzində öhdəliklərin icrasına, yaxud borcun etirafına dair Cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013-cü il tarixli qərarında müəyyən etmişdir ki, müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Viktor Ozerovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 02 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 15 aprel 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm faktordur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilir ki, kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Avropa İnsan Hüquqları Məhkəməsi «Stanyo Belçikaya qarşı» işi üzrə 07 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunmuş iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382-ci maddəsinə görə iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. İddiaçı isə 05 dekabr 2013-cü il tarixli, 394/13 nömrəli «vakala» borc müqaviləsi üzrə öhdəliklərini icra etmədiyi halda Cavabdeh qarşı öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddətdən 6 il 04 ay sonra məhkəmədə iddia qaldırmasına, bununla da iddia müddətini buraxmasına dair məhkəməyə heç bir üzrlü səbəb və ya həmin səbəblərin üzrlü olmasına dair heç bir mötəbər dəlil təqdim etməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddianın təmin edilməsinə hər hansı faktiki və hüquqi əsas müəyyən edilmədiyinə, habelə iddiaçı iddia müddətini üzrlü səbəblərdən ötürülməsinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim etmədiyinə görə iddia tələbinə iddia müddəti tətbiq edilməklə, İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının iddiası rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia rədd edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37 manat 18 qəpik məbləğində pul vəsaiti iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının Cavabdeh qarşı 05 dekabr 2013-cü il tarixli, 394/13 nömrəli «vakala» borc müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.628 (bir min altı yüz iyirmi səkkiz) manat 58 (əlli səkkiz) qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 89 (səksək doqquz) manat 26 (iyirmi altı) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37 (otuz yeddi) manat 18 (on səkkiz) qəpik, cəmi 1.755 (bir min yeddi yüz əlli beş) manat 02 (iki) qəpik məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə barədə iddiası təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar