Məhkəmə qərarları › İş №2(125)-2059/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2059/2024

25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2059/2024 25.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Şakir oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmənin binasında, məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun hesabına əsassız varlandığını nəzərə alaraq, cavabdehin əldə etdiyi 6000 (altı min) manat və 80 (səksən) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq, onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 25 dekabr 2023-cü il tarixdə dostluq münasibətlərində olduğu X3 onunla əlaqə saxlayaraq ona 6000 manat məbləğində pul lazım olduğunu bildirmiş və “Whatsapp” tətbiqi vasitəsi ilə ona “4127-2093-0230-2440” nömrəli kart nömrəsi göndərərək həmin 6000 manat məbləğində pulun həmin kart hesabına köçürməsini ondan xahiş etmişdir. 25 dekabr 2023-cü il tarixdə “MilliÖN” elektron ödəmə sistemi vasitəsilə o həmin “4127-2093-0230-2440” kart hesabına 6000 manat pul köçürmüşdür. Bir neçə gün sonra X1 onunla əlaqə saxlayaraq 6000 manat məbləğində pulun hesaba keçmədiyini bildirmişdir, o isə öz növbəsində köçürdüyü həmin məbləğə dair qəbzin şəklini “Whatsapp” tətbiqi vasitəsi ona göndərmişdir. X1 ona “Whatsapp” tətbiqi vasitəsi ilə göndərdiyi kart hesabının nömrəsini nəzərdən keçirdikdən sonra müəyyən olunmuşdur ki, həmin şəxs ona kartın nömrəsini səhv qeyd etmişdir. O dərhal 24/7 Çağrı mərkəzi olan *0010 nömrəsi ilə əlaqə saxlamış və səhvən pul köçürdüyünü “4127-2093- 0230-2440” saylı kart hesabının Cavabdeh məxsus olması ona müəyyən olmuşdur. Cavabdeh "xxxx" ASC-yə məxsus 4127-2093-0230-2440 nömrəli plastik kart istifadəçisidir. Portal vasitəsi ilə cavabdehin məlumatlarını əldə etdikdən sonra onunla ona məxsus (050)- 790-86-55 nömrə ilə əlaqə saxlamış və həmin pulların ona geri ödənilməsini tələb etmişdir. İlk ərəfələr cavabdeh pulu qaytaracağına söz versə də, lakin sonralar həmin pulun onun hesabına köçürüldüyünü inkar etmiş və pulunu ona geri qaytarmamışdır. Cavabdeh tərəfindən əsassız varlanma nəticəsinə əldə olunmuş vəsait qaytarılmadığından hazırda ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət məcburiyyətində qalmışdır. Cavabdeh heç bir əsas (müqavilə və ya qanuni əsas) olmadan, səhvin baş verdiyinə görə onun hesabına əsassız varlanmışdır. Qeyd olunanlara əsasən Cavabdeh onun hesabına əsassız varlandığını nəzərə alaraq cavabdehin əldə etdiklərini ona qaytarmaqla mülki hüquqi vəzifəsini yerinə yetirməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, 2023-cü ilin dekabr ayında dostu Ayaz İsmayılov ona 6000 manat məbləğində pul lazım olduğunu bildirmiş və ona kart hesabı göndərərək, sözügedən pulu ora yükləməsini xahiş etmiş, o da həmin pulu qeyd olunan kart hesabına 3 dəfəyə, hər dəfə 2000 manat olmaqla “MilliÖN” ödəmə vasitəsilə köçürmüşdür. Bir neçə gün sonra dostu Ayaz İsmayılov onunla əlaqə saxlayaraq, 6000 manat məbləğində pulun karta köçmədiyini demişdir. Kart nömrəsi nəzərdən keçirilən zaman məlum olmuşdur ki, Ayaz İsmayılov ona kart nömrəsini səhv demiş və 3 dəfə 2000 manat olmaqla, cəmi 6000 manat məbləğində pulu səhvən Cavabdeh məxsus kart hesabına köçürmüşdür. Bundan sonra cavabdehdən pulunu tələb etsə də ödəməmişdir. Cavabdeh heç bir əsas olmadan onun göndərdiyi vəsait hesabına əsassız varlanmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında bildirdi ki, İddiaçı tərəfindən hər dəfə 2000 manat olmaqla cəmi 6000 manat məbləğində pul ona məxsus olan karta köçürülmüşdür. Lakin, o, həmin kartı bacısı oğluna vermiş və onun tərəfindən sözügedən kartdan hər hansı məbləğdə pul çıxarılmamışdır. 6000 manat məbləğində pul bacısı oğlu tərəfindən kartdan çıxarılmışdır. Hal-hazırda onun 6000 manat pulu iddiaçıya qaytarmağa maddi imkanı yoxdur. Odur ki, iddia tələbinin təmin edilməsinə etiraz etmir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki, Cavabdeh məxsus kart hesabına “MilliÖn” elektron ödəmə sistemi vasitəsi ilə hər dəfə 2000 manat olmaqla, ümumilikdə 6000 manat məbləğində pul köçürülmüşdür. Gəncə Şəhər Məhkəməsinin 2(125)-2059/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair 25 dekabr 2023-cü il tarixdə İddiaçı tərəfindən “MilliÖn” elektron ödəmə sistemi vasitəsi ilə 6000 (altı min) manat məbləğində pulun göndərilmiş olduğu "xxxx" ASC-yə məxsus olan “4127-2093- 0230-2440” nömrəli plastik kartın kimin sahibliyində olması, həmin hesaba 25 dekabr 2023-cü ildə daxil olan vəsait və vəsaitin kim tərəfindən nə vaxt hansı qaydada nağdlaşdırılması (tətbiq vasitəsi ilə kartdan onlayn istifadə edilməsi və ya ATM-lər vasitəsi ilə çıxarılması) barədə məlumatlar (rəsmi sənədlər) 13 may 2024-cü il tarixinədək məhkəməyə təqdim edilməsi və qərardadın icrası "xxxx" ASC-yə tapşırılması qərara alınmışdır. "xxxx" ASC-nin 23 aprel 2024-cü tarixli, 356 nömrəli məktubunda bildirilmişdir ki, məktubda qeyd olunan plastik kart Cavabdeh məxsusdur. Cavabdeh məxsus olan “4127-2093-0230-2440” nömrəli plastik karta dair xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh məxsus karta 3 dəfə 2000 manat olmaqla, 6000 manat məbləğində pul köçürülmüşdür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, İddiaçı 6000 manat məbləğində pulu dostuna göndərmək istəmiş, lakin dostu ona plastik kart nömrəsini səhv qeyd etdiyi üçün Cavabdeh məxsus “4127-2093-0230-2440” nömrəli plastik karta 6000 manat məbləğində pul köçürmüşdür. Cavabdeh sözügedən səhvin baş verməsi səbəbindən İddiaçı məxsus 6000 (altı min) manat vəsait əldə etmişdir. "xxxx" ASC-nin 23 aprel 2024-cü tarixli, 356 nömrəli məktubunda da plastik kartın Cavabdeh məxsus olduğu qeyd edilmiş və bu hal iş materiallarında olan çıxarışla da öz təsdiqini tapmışdır. Məhkəmə tərəflər arasında olan mövcud (faktiki) münasibəti qanunvericiliyin tələbi baxımdan qiymətləndirərək hesab edir ki, Cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan İddiaçı vəsaiti hesabına əsassız varlanmışdır. Buna görə də cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalıdır. Məhkəmə baxışı zamanı isə cavabdeh iddiaçının hesabına əldə etdiyi pulun qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə hazırki iş üzrə iddia tələbinin hüquqi əsasının düzgün müəyyən edilməsi ilə bağlı mülki qanunvericiliyin bəzi normalarını qeyd etməyi lazım bilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.2-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya 1092.1.2-ci maddəsinə əsasən əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir, Cavabdeh 6000 (altı min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının xahişi nəzərə alınmaqla, həmçinin, iddia tələbi təmin edildiyindən, cavabdehdən 80 (səksən) manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 300 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 6000 (altı min) manat məbləğində pul və məhkəmə xərci qismində ödənilmiş 80 (səksən) manat dövlət rüsumu alınaraq, İddiaçı verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar