Məhkəmə qərarları › İş №2(125)-2061/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2061/2025

14.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2061/2025 14.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 İsa oğlunun sədrliyi, Xudaverdiyeva Nilgün Elbrus qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 mülkiyyətində olan ünvan 2 nömrəli mənzilə vurulmuş zərərin əvəzi qismində 6000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, ünvan 2 daşınmaz əmlak tərəfindən verilmiş ********** nömrəli çıxarış əsasında onun mülkiyyətindədir. Qonşusu Cavabdeh1 ünvan 1 ünvanında fərdi yaşayış evində yaşayır. 2024-cü ilin sentyabr ayında Nüsrətin evi qəzalı olduğu üçün Cavabdeh2 MMC adlı tikinti şirkəti evini söküb, yenidən 2 mərtəbəli ev tikmişdir. Tikən zaman ona məxsus divarlarına ziyan vurub zədələmişdir. Daha sonra həmin şirkət evi tikəndən sonra tikdiyi evin eyvanı ona məxsus olan torpaq sahəsinə daxil olmuşdur. Həmin eyvanı tikilən zaman o, tikintidə işləyən ustalara niyə bu cür tikdiyini bildirsə də, həmin ustalar onun sözünə məhəl qoymamışlar. Tikinti gedən zaman Cavabdeh1 müraciət edərək evinə ziyan dəydiyini, söküntüdən sonra fərdi yaşayış evinin divarlarının nəm çəkməyə başladığını, yağış yağanda dam örtüyündən evin içərisinə su keçirdiyini bildirmiş, lakin Cavabdeh1 sözünə məhəl qoymayaraq şikayət etməsini bildirmişdir. Ona ümumilikdə 6000 (altı min) manat ziyan dəymişdir. Qeyd olunan faktı Cavabdeh1 polis şöbəsində verdiyi ifadəsində təsdiq etmişdir. Onun imkanı yoxdur ki, qonşusunun məsuliyyətsizliyinə görə pullar xərcləsin. Onun imkanı çox aşağıdır. Qonşusunun səhvinə görə onun mülkiyyət hüququ pozulur. Qonşu ilə münasibət qorumaq üçün o, hər zaman hörmətlə yanaşmış, lakin özünə qarşı müsbət hərəkət görməmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən mülkiyyətində olan ünvan 2 nömrəli mənzilə vurulmuş zərərin əvəzi qismində 6000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında İddiaçı iştirak etmiş, iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin sonuncu iclasına iddiaçı gəlməmişdir. Məhkəmədə İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirak etmiş, iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və sonda iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh1 iştirak etmiş, ona qarşı irəli sürülən iddiaya etiraz etmiş və izahatında bildirmişdir ki, iddiaçının mülkiyyətində olan evin çardağının arxa hissəsi onun mülkiyyətində olmuş və sonradan sökülmüş evin divarı üzərində yerləşdirilmişdir. O, özünün mülkiyyətində olan həmin divarı sökmüş, daha sonra yenidən tikmişdir. İddiaçının mülkiyyətində olan evin nəm çəkməsində onun təqsiri yoxdur, belə ki, həmin evin divarları həmişə yerdən nəm çəkmişdir və ev həmişə nəmişlik olmuşdur. Bir qonşu kimi uzun illərdir ki, bu hal ona məlumdur. Sonda cavabdeh ona qarşı irəli sürülən iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 MMC-nin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Cavabdeh2 MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPMin 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanlı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İş materiallarına əlavə edilmiş Əmlak Ekspert Mərkəzi MMC-nin rəyində göstərilmişdir ki, aparılmış hesablamalara və təhlillərə əsasən, Cavabdeh2 təqsiri ucbatından İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş zərərin dəyəri (işçilik və material xərci daxil olmaqla) 6 535,0 (altı min beş yüz otuz beş) manat təşkil edir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3290 saylı 03 sentyabr 2025-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Puşkin küçəsində yerləşən, 62 saylı fərdi yaşayış evinə ziyan dəydiyi müəyyən edilmişdir. Dəymiş ziyanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təqsiri ucbatından olub- olmamasının müəyyən edilməsi “tikintitexniki obyektlərinin tədqiqi” ixtisası üzrə ekspertin səlahiyyətlərinə aid deyildir. Qərardadla ekspertiza qarşısında qoyulmuş ikinci sual ilə əlaqədar qeyd olunur ki, qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. Bu səbəbdən də sual üzrə tədqiqat aparılmamışdır. Bundan başqa, iş məhkəmədə baxılarkən məhkəmə tərəflərin iştirakı ilə iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanlı fərdi yaşayış evinə yerində baxış keçirilmiş və baxış zamanı müşahidə edilmişdir ki, iddiaçının mülkiyyətində olan evin arxa hissəsinin divarı cavabdehin yeni tikilmiş evinin ara hasarı ilə bitişikdir və cavabdeh həmin hasarı sökmüş, daha sonra yenidən tikmiş, ancaq hasar sona qədər, yəni iddiaçının mülkiyyətində olan evin dam örtüyünün altına qədər qaldırılmamışdır. İddiaçı da məhz həmin açıq yerdən onun evinə su axdığını və evin təmirinə ziyan dəydiyini iddia etmişdir. İddiaçının mülkiyyətində olan evin içəri hissəsinə baxış zamanı müəyyən edilmişdir ki, evin daxili hissəsi, yəni otaqların divarları, tavan və döşəmə tam təmirli vəziyyətdədir və təmirə hansısa ziyan dəydiyi müşahidə edilmir. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, Gəncə şəhəri, Puşkin küçəsində yerləşən, 62 saylı fərdi yaşayış evi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Cavabdeh isə ünvan 1 ünvanında yaşayır. İddiaçının evinə bitişik olan ara divarının Cavabdeh1 tərərfindən sökülməsi və bu zaman iddiaçının evinin dam örtüyünə və arxa divarına ziyan dəyməsi məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə işin faktiki halı kimi təsdiq olunandır. Əmlak Ekspert Mərkəzi MMC-nin rəyində göstərilmişdir ki, aparılmış hesablamalara və təhlillərə əsasən, Cavabdeh2 təqsiri ucbatından İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş zərərin dəyəri (işçilik və material xərci daxil olmaqla) 6 535,0 (altı min beş yüz otuz beş) manat təşkil edir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 101-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan həmin evin təmiri üçün qiymətləndirici rəyində müəyyən edilən 6535 manat məbləğində vəsaitin tam olaraq cavabdehdən tutulması üçün əsaslar yoxdur. Məhkəmə bu qənaətlərini onunla əsaslandırır ki, iş məhkəmədə baxılarkən məhkəmə tərəflərin iştirakı ilə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə baxiş keçirmiş, baxış zamanı Cavabdeh1 iddiaçının evinə bitişik olan ara divarının sökməsi və bu zaman iddiaçının evinin dam örtüyünə və arxa divarına ziyan dəyməsi müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir yalnız həmin hissələrdə təmir bərpa işlərinin aparılması üçün tələb olunan vəsait cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Həmin işlərin dəyəri isə 1114 manat məbləğini təşkil edir. Belə ki, İş materiallarına əlavə edilmiş Əmlak Ekspert Mərkəzi MMC-nin rəyinin tədqiqindən belə nəticə müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanlı fərdi yaşayış evinin cavabdehin mülkiyyətində olan evə tərəf olan hissəsində aparılmalı olan işlər aşağıdakılardan ibarətdir; Evin arxa divarında aparılmalı olan işlər-16,6 metr uzunluqda divarın 13,6 metr uzunluqda olan hissəsi 1,2 metr hündürlükdə tikilməlidir ki, qiymətləndirici rəyinə əsasən, bu xərclər 314 manat məbləğini təşkil edir. (Qalan 3 metr isə cavabdehin mülkiyyətində olmuş evin divarıdır və iddiaçının evinin divarından aralıdır.) Dam işlərinin bərpası üçün 500 manat tələb olunur. Yarasız hissələrin sökülməsi və daşınması üçün 200 manat, tullantıların daşınması üçün isə nəqliyyat xərcləri kimi 100 manat vəsait tələb olunur. Adi riyazı hesablamadan müəyyən edilir ki, bu xərclər cəmi (314+500+200+100)=1114 manat məbləğini təşkil edir. Cavabdehin təqsiri ucbatından iddiaçının mülkiyyətində olan evin içəri hissəsinə ziyan dəyməsi öz təsdiqini tapmır. Beləliklə də, məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıya vurmuş olduğu zərərin miqdarı 1114 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlər vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı olduğundan həmin münasibətlərə mülki qanunvericiliyinin maddi ziyanla bağlı münasibətləri tənzimləyən normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə qeyd edilən normaları baxımından iddia tələbi ilə bağlı qeyd edir ki, iddia qismən təmin edilməli, iddiaçının evində aparılmalı olan təmir bərpa işlərinin aparılması üçün cəmi 1114 manat məbləğində pulun Cavabdeh1 alınıb iddiaçıya verilməsi barədə qərar qəbul edilməlidir. Qalan hissələrdə iddianın təmin edilməsi üçün əsas yoxdur. Həmçinin, iddiaçının evinin arxa hissəsnidə olan divar yalnız Cavabdeh1 tərəfindən söküldüyündən və digər Cavabdeh2 MMC bu işlərdə iştirak etmədiyindən, Cavabdeh2 MMC maddi məsuliyyətə cəlb edilə bilməz. Bundan başqa, iş materiallarından müəyyən olunur ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 80 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3290 saylı 03 sentyabr 2025-ci il tarixli ekspert rəyinə əlavə edilən ekspertiza tədqiqatlarına dair bildirişdən müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğini təşkil edir. İş materiallarından müəyyən edilir ki, hazırki işdə qiymətləndirici rəyinin alınması üçün İddiaçı tərəfindən Əmlak Ekspert Mərkəzi MMC-nin hesabına xx.xx.2025-ci il tarixdə 300 manat məbləğində pul şdənilmişdir. Azərbaycan Repsublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Adi riyazi hesablamadan müəyyən olunur ki, 6000 manat məbləğində iddia tələbi (1114 manat hissədə) 18,5 faiz hissədə haqlı sayılmışdır. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən və 18,5 faiz hissədə haqlı sayıldığından, iddiaçı tərəfindən ödənilmiş 80 manat dövlət rüsumunun 14,8 manat hissəsi, bundan başqa, İddiaçı tərəfindən Əmlak Ekspert Mərkəzi MMC-nin hesabına ödənilmiş 300 manatın 55,5 manat hissəsi Cavabdeh1 alınıb, İddiaçı verilməlidir. Bundan başqa, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 manatın 40,75 manat hissəsi İddiaçı, qalan 9,25 manat hissəsi isə Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanlı fərdi yaşayış evinə vurulan ziyana görə 1114 (bir min bir yüz on dörd) manat məbləğində pul Cavabdeh1 alınaraq, İddiaçı verisin. İddia qalan hissələrdə əsassız olduğundan təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 80 manat dövlət rüsumunun ödənilmiş tələblərə mütənasib olan hissəsinin əvəzi kimi 14,8 (on dörd) manat 80 qəpik məbləğində pul və İddiaçı tərəfindən Əmlak Ekspert Mərkəzi MMC-nin hesabına ödənilmiş 300 manatın ödənilmiş tələblərə mütənasib olan hissəsinin əvəzi kimi 55,5 (əlli beş) manat 50 qəpik məbləğində pul Cavabdeh1 alınıb, İddiaçı verilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 manatın 40,75 (qırx) manat 75 qəpik hissəsi İddiaçı, qalan 9,25 (doqquz) manat 25 qəpik hissəsi isə Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar