Məhkəmə qərarları › İş №2(125)-2068/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2068/2024

21.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2068/2024 21.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Şakir oğlunun sədrliyi, X4 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat dəyərində vəsaitin alınib dövlət büdcəsinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-75/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-75/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü xx.xx.2022-ci il tarixdə Gəncə şəhər Probasiya şöbəsi tərəfindən İddiaçınə göndərilmiş, xx.xx.2022-ci il tarixdə böyük icra məmuru Ə.Fərzəndov məhkumun iştirakı müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Elə həmin gün “Attenti” markalı bir ədəd mobil qurğu, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd mobil qurğunun enerji toplayıcı kabeli, bir ədəd qolbağ məhkuma, hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqları üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Məhkum Cavabdeh ona tətbiq edilmiş elektron nəzarət vasitəsini təhvil verdikdən sonra müəyyən olunmuşdur ki, məhkum ona təhkim olunmuş elektron nəzarət vasitəsini yararsız vəziyyətə salmışdır. Bu barədə cavabdehin ünvanına bildiriş göndərilərək, ona təhkim olunmuş elektron nəzarət vasitəsinin dəyəri olan 2277,40 (iki min iki yüz yetmiş yedi manat qırx qəpik) manat pulu təqdim olunmuş müvafiq hesaba ödəmək təklif olunsa da bu günə kimi həmin məbləğ müvafiq bank hesabına ödənilməmişdir. Belə olan halda hesab edir ki, cavabdehin günahından yəni lazımınca məsuliyyətli olmadığından elektron nəzarət qurğusu zədələnmiş və onlara maddi ziyan dəymişdir. "xxxx" QSC-nin verdiyi maliyyə arayışına görə həmin avadanlığın dəyəri 2277,40 manat təşkil edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin, İddiaçı rəis vəzifəsini icra edən baş ədliyyə müşaviri Elşad Əbdülrəhimzadə məhkəməyə məktub göndərərək, icraatda olan iş yükünün çoxluğu səbəbi ilə təyin edilmiş iclasın və sonrakı məhkəmə iclaslarının İddiaçı səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-75/2021 nömrəli, 30 sentyabr 2021-ci il tarixli hökmü əsasında ona verilmiş cəza müddəti ərzində elektron nəzarət vasitəsini tam işlək vəziyyətdə saxlamışdır. Məhkəmənin sözügedən hökmü ilə verilmiş cəzası bitdikdən sonra icra məmurları ona təhkim olunmuş elektron nəzarət vasitəsini çıxarmışlar və bu zaman elektron nəzarət vasitəsi işlək vəziyyətdə olmuşdur. Onun tərəfindən elektron nəzarət vasitəsinə heç bir ziyan vurulmamışdır. Qeyd edilənləri nəzərə alınaraq iddianın tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-75/2021 nömrəli, 30 sentyabr 2021-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (bir) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs X1 tutulduğu 01 (bir) günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il, 05 (beş) ay, 4 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması və təyin edilmiş cəza müddətində Cavabdeh üzərinə yaşayış yerini (Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, ev 15, mənzil 7) hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması hökm edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 7(044)-186/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli qərarından görünür ki, təqdimat təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-75/2021 nömrəli, 30 sentyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin məcəllənin 69.3-cü maddəsinə əsasən 02 (iki) il, 05 (beş) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Cavabdeh yaşayış yerinin ünvan 1 ünvanına dəyişdirilməsinə icazə verilməsi və hökmlə onun üzərinə qoyulmuş “Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək” vəzifəsi “Bakı şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək” vəzifəsi ilə əvəz edilməsi qərara alınmışdır. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə 13 yanvar 2022-ci il tarixli protokolun surətindən görünür ki, məhkum X3 “Attenti” markalı mobil qurğu, mobil qurğunun enerji adapteri, mobil qurğunun enerji toplayıcı kabeli, elektron qolbaq və çanta təhkim olunmuşdur. Məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. 13 yanvar 2022-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-75/2021 nömrəli, 30 sentyabr 2021-ci il tarixli hökmü (qərarı) üzrə ona təhkim edilmiş mobil qurğu, mobil qurğunun enerji adapteri, mobil qurğunun enerji toplayıcı kabeli, elektron qolbağı, istifadə təlimatını və çantanı qəbul etmişdir. Ona təhkim edilmiş yuxarıda sadalanan elektron vasitələri korlayarsa, zədələyərsə barəsində qanunamüvafiq tədbirlər görüləcəkdir. İltizam Cavabdeh tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 21 noyabr 2023-cü il tarixli, 21-1/3-27709/19 nömrəli bildirişdən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-75/2021 nömrəli, 30 sentyabr 2021-ci il tarixli hökmünə əsasən ona təhkim olunmuş və lakin, tərəfindən yararsız vəziyyətə salınmış elektron nəzarət vasitəsinin dəyəri olan 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat pulu təqdim olunmuş müvafiq hesaba ödəməsi tələb olunmuşdur. Elektron nəzarət vasitəsinin dəyəri olan 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat pul könüllü ödənilmədiyi halda onun dəyərinin məcburi alınması üçün məhkəmə müraciət olunacağı bildirilmişdir. Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyin surətindən görünür ki, 35623019 seriya nömrəli “Attenti V6” Mobil qurğusuna 20 iyun 2023-cü il tarixdə texniki baxış keçirilmişdir. Ana platada korroziya müşahidə olunur. Təmiri mümkün deyildir. İstifadəyə tam yararsızdır. 06 avqust 2021-ci il tarixli, D-8/131 nömrəli məktubda probasiya qeydiyyatında olan “Attenti” markalı elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş mobil nəzarət qurğusunun, sadə elektron qolbağın, habelə ağıllı elektron qolbağın itirilməsi, zədələnməsi və ya digər üsulla yararsız vəziyyətə salınması hallarında sadə elektron qolbağ mobil nəzarət qurğusu (stasionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihazla) qiyməti 2277,4 manat; ağıllı elektron qolbağ (stasionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihazla) dəyəri 2277,4 manat qeyd edilmişdir. Cavabdeh hazırki iddiaya etirazından görünür ki, hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, elektron nəzarət qurğusu cəza müddəti bitənədək üzərində yararlı vəziyyətdə olmuşdur. Əgər, həmin vasitə cəza müddəti bitənədək yararsız vəziyyətə düşsəydi, Probasiya idarəsi məlumatlı olardı və həmin an bu haqda tədbir görülərdi. Həm də iddia ərizəsindən göründüyü kimi, o, elektron vasitəni təhvil verdiyi zaman yox, təhvil verdikdən sonra müəyyən olunmuşdur ki, elektron nəzarət vasitəsi yararsız vəziyyətə salınmışdır. Bu fakt sübuta yetirir ki, elektron nəzarət vasitəsini o, yararsız vəziyyətə salmamışdır, həmin vasitə başqa şəxs tərəfindən yararsız vəziyyətə salınmışdır. Həmçinin, zəruri olaraq qeyd edir ki, ona bu barədə Probasiya İdarəsi tərəfindən ünvanına heç bir bildiriş göndərilməmişdir. Buna sübut odur ki, iş materiallarında həmin bildirişin ona təhvil verilməsi barədə tərəfindən imzalanmış heç bir sənəd (qəbz) yoxdur. Yuxarıda göstərilənlərə əsasən İddiaçı iddia ərizəsinin əsassız olduğun üçün iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)- 75/2021 nömrəli, 30 sentyabr 2021-ci il tarixli hökmü ilə, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (bir) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs X1 tutulduğu 01 (bir) günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il, 05 (beş) ay, 4 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması və təyin edilmiş cəza müddətində Cavabdeh üzərinə yaşayış yerini (Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, ev 15, mənzil 7) hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması hökm edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 7(044)-186/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli qərarına əsasən təqdimat təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-75/2021 nömrəli, 30 sentyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin məcəllənin 69.3-cü maddəsinə əsasən 02 (iki) il, 05 (beş) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Cavabdeh yaşayış yerinin ünvan 1 ünvanına dəyişdirilməsinə icazə verilməsi və hökmlə onun üzərinə qoyulmuş “Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək” vəzifəsi “Bakı şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək” vəzifəsi ilə əvəz edilməsi qərara alınmışdır. Lakin, Cavabdeh elektron nəzarət vasitələrini yararsız hala salmışdır. Cavabdeh X2 isə iddia tələbini qəbul etmədiyini bildirərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh ona tətbiq edilən elektron nəzarət qurğusunu probasiya qurumuna təhvil verən zaman yararlı olduğunu bildirsə də buna dair məhkəməyə heç bir tutarlı sübut təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə cavabdehin qeyd etdiyi dəlilləri əsassız hesab edir. Məhkəmə, iddia tələbinin qanuni əsası ilə bağlı da maddi hüquq normalarını qeyd etməyi lazım bilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göründüyü kimi Cavabdeh elektron nəzarət vasitələrini yararsız vəziyyətə gətirməklə mülki hüquq pozuntusu (delikt) törətmiş və bununla da Azərbaycan Respublikasının Dövlət Büdcəsinə 2277,4 manat dəyərində maddi ziyan vurmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdehdən 2277,4 manat ziyan alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dövlət orqanı olmaqla dövlət rüsumu ödəməkdən azad olunduğundan, eləcə də iddia tələbi tam təmin olunması da nəzərə alınaraq Cavabdeh 42,77 (qırx iki manat yetmiş yeddi qəpik) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi tam təmin edilsin. Cavabdeh vurulmuş ziyana görə 2277,4 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Cavabdeh 42,77 (qırx iki manat yetmiş yeddi qəpik) manat məbləğində dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar