Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2072/2023 25.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, ilkin iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılması və mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində pul tələbi» barədə iddiasına, Cavabdeh İddiaçı qarşı «məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin azaldılması tələbi» barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : 22 fevral 2023-cü il tarixdə İddiaçı Cavabdeh qarşı Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli, 2(044)-3896/2018 nömrəli qətnaməsi ilə 14 mart 2011-ci il tarixdə anadan olmuş X1 üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və yetkinlik yaşına çatmayan həmin uşağın saxlanması üçün hər ay 300 manat sabit pul məbləğində alimentin və mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 50 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 25 aprel 2023-cü il tarixdə Cavabdeh İddiaçı qarşı Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli, 2(044)-3896/2018 nömrəli qətnaməsi ilə 14 mart 2011-ci il tarixdə anadan olmuş X1 üçün tutulması müəyyən edilmiş alimentin miqdarının azaldılaraq, ondan İddiaçı xeyrinə hər ay 100 manat sabit pul məbləğində aliment tutulması Məhkəmə iclasında ilkin iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddianı müdafiə edərək bildirdi ki, o, Cavabdeh ilə rəsmi nikaha girərək, ailə qurmuş, onların birgə nikahlarından 14 mart 2011-ci ildə X8 adlı uşaqları anadan olmuşdur. Sonradan onlar cavabdehlə ayrılmış və birgə nikahdan anadan olmuş uşaq onun himayəsində saxlanılmışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli, 2(044)-3896/2018 nömrəli qətnaməsi ilə onunla Cavabdeh birgə nikahlarından doğulmuş uşağın saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması qət edilmişdir. Hazırda qida məhsullarının və məktəb ləvəzimatlarının qiyməti artdığına görə, həmin aliment məbləği uşağın tələbatlarını ödəməyə kifayət etmir. O, uşağın yaxşı təhsil almasında, ilin müxtəlif fəsillərində mövsümi geyimlərlə təmin edilməsində, zəruri olan vitamin kompleksinin qəbul edilməsində çətinlik çəkir. Buna görə də, aliment miqdarının artırılmasına zərurət yaranmışdır. Cavabdeh fərdi əməklə məşğul olur, maddi vəziyyəti yaxşıdır. Cavabdehin qeyri-müntəzəm və dəyişkən qazancı vardır. Sonda İddiaçı ilkin iddianın təmin olunmasını məhkəmədənn xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh bildirdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli, 2(044)- 3896/2018 nömrəli, qətnaməsinə əsasən ondan İddiaçı xeyrinə 14 mart 2011-ci il tarixdə anadan olmuş X1 üçün 154 manat sabit pul miqdarında alimentin tutulması qət edilmişdir. Məhkəmə tərəfindən qeyd olunan alimentin miqdarı təyin olunan vaxt, o əmək haqqısı yaxşı olan işdə işləmişdir və subay olmuşdur. O, 13 aprel 2021-ci il tarixdə X10 ilə nikaha girmişdir və hazırda həmin şəxslə birgə nikahdan onun iki uşağı vardır. O, həmin uşaqların gündəlik tələbatlarını ödəməkdə böyük çətinliklər çəkir. Belə ki, o, 454-K nömrəli, 02 noyabr 2020-ci il tarixli əmrə əsasən əvvəlki iş yerindən azad olunmuşdur və hazırda heç bir yerdə işləmir. O, məşğulluq idarəsində işaxtaran kimi qeydiyyatdadır, evlidir, himayəsində iki azyaşlı uşağı və ahıl yaşlarında əmək qabiliyyəti olmayan pensiyaçı valideyinləri vardır. Uşaqlar körpə olduğu üçün onun arvadı heç bir yerdə işləmir. İİ Qarabağ Müharibəsi zamanı 04 oktyabr 2020-ci il tarixdə Ermənistan Respublikası tərəfindən Gəncə şəhərinə edilən raket hücumu zamanı onun evinə, əmlakına küllü miqdarda zərər vurulmuşdur. O, müharibədən zərər çəkmiş şəxsdir, ailəsi, xüsusilə də azyaşlı uşaqları böyük psixoloji sarsıntı almışdır və hazırda uzunmüddətli müalicəyə ehtiyyacları var, evləri isə 3 ildir ki, tam bərpa olunmamışdır. İddiaçı biri öz şəxsi biznesi olmaqla 2 yerdə işləyir, əczaçı firmalardan, həkimlərdən və digər tibb müəssilərindən aldığı faizləri, əlavə bonusları və aylıq əmək haqqısı, ümumilikdə 4.500 manatdan artıqdır. İddiaçı mülkiyyətində «X19» markalı ** GX *** dövlət qeydiyyat nişanlı avtomobil və «KİA Sportage» markalı ** XD *** dövlət qeydiyyat nişanlı avtomobil var. İddiaçı şəxsi evi var, kirayədə qalmır və maddi cəhətdən uşağın saxlanmasında heç bir sıxıntısı və çətinliyi yoxdur. Buna görə də, alimentin azaldılması məqsədə uyğundur. Sonda Cavabdeh qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia qismən təmin, qarşılıqlı iddia isə rədd olunmalıdır. Belə ki, işdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli, 2(044)-3896/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, 14 mart 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, hər ay 154 manat miqdarında aliment tutularaq, İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 427350 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İbrahimov X3 Jalə Elçin qızı arasında 13 aprel 2021-ci il tarixdə nikah bağlanmışdır. İşdə olan AZ-İV seriyalı, 592136 nömrəli və AZ-İV seriyalı, 592137 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 02 sentyabr 2019-cu il tarixdə X4, 02 sentyabr 2020-ci il tarixdə isə X9 anadan olmuşdur. Həmin uşaqların ataları Cavabdeh, anaları isə X5r. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, Cavabdeh 02 noyabr 2020-ci il tarixli, 454-K nömrəli əmr əsasında ədliyyə orqanlarından xaric edilmişdir. İşdə olan 25 aprel 2023-cü il tarixli, ********** nömrəli məşğulluq haqqında arayışdan görünür ki, Cavabdeh Dövlət Məşğulluq Xidmətində işaxtaran kimi qeydiyyata alınmışdır. İş materiallarında olan Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən «X18» məhdud məsuliyyətli cəmiyyətinə ünvanlanmış 27 sentyabr 2022-ci il tarixli, Ü.Q.101972/2022 nömrəli məktubdan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(104)-42/2013 nömrəli icra sənədinə əsasən borclu İddiaçı 1.219 manat pul alınaraq tələbkar Cavabdeh ödənilməlidir. Buna görə də tələbkarın aldığı əmək haqqından 50% manat məbləğində pul vəsaiti tutularaq, tələbkarın bank hesabına köçürülməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Bundan başqa, həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli sərəncamının 1-ci bəndinə görə minimum aylıq əmək haqqının məbləği 01 yanvar 2022-ci il tarixdən 345 manat müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2018-ci ildə yaşayış minimumu haqqında» 01 dekabr 2017-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2018-ci ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 154 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2023-ci ildə yaşayış minimumu haqqında» 09 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2023-cü ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü bəndinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Həmin Qərarın 8.7-ci bəndində məhkəmələrə izah edilmişdir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi nəzərə alınmamalıdır. Məhkəmə Cavabdeh məhkəmə iclasında iddia tələbinə etirazının və qarşılıqlı iddianın əsası kimi işləməməsinə, yenidən nikaha girməsinə və həmin nikahdan 2 uşağının doğulmasına, habelə İddiaçı maddi vəziyyətinin kifayət qədər yaxşı olmasına dair göstərdiyi xüsusatlara hüquqi qiymət verərək, hesab edir ki, həmin hallar ilk iddianın rədd edilməsi və Cavabdeh tutulması qət edilmiş alimentin məbləğinin azaldılmasına əsas deyildir. Belə ki, cavabdehin etirazının əsası kimi göstərdiyi qeyd olunan xüsusatlar onun İddiaçı ilə birgə nikahdan doğulmuş uşağın maddi təminatının ödənilməsində tam və ya qismən iştirakdan məhrum edilməsinə əsas hesab oluna bilməz. Digər tərəfdən mülki işin məhkəmə iclasında müəyyən olunmuş hallarından görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli, 2(044)- 3896/2018 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmiş alimentin məbləği 2018-ci ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu olan 154 məbləğində pul vəsaitinin 100 faizi həddində, yəni 154 manat olmuşdur. 2022-ci ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu olan 220 manat məbləğində pul vəsaitinin 100 faizi isə 220 manat təşkil edir. Bundan başqa, 2023-cü ildə ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu hazırki tarixədək ötən müddət ərzində 66 manat məbləğində artaraq, 2023-cü ildə 220 manat müəyyən edilmişdir. Buna görə də məhkəmə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli, 2(044)-3896/2018 nömrəli qətnaməsindən keçən dövr ərzində ölkə üzrə yaşayış minimumundakı artım məbləğini əsas gətirərək hesab edir ki, yaşayış minimumunun artması İddiaçı maddi vəziyyətindəki dəyişiklik kimi qiymətləndirilməlidir. Belə ki, qətnamə ilə müəyyən edilmiş aliment məbləği dəyişmədiyi halda yaşayış minimumu məbləğinin artması həmin aliment məbləği ilə uşağın maddi təminatının əvvəlki səviyyəsinin saxlanmasının mümkün olmadığını göstərir. Digər tərəfdən Cavabdeh Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli, 2(044)-3896/2018 nömrəli qətnaməsinin qəbul edilməsindən və həmin qətnamənin icraya yönəldilməsindən sonra 13 aprel 2021-ci il tarixdə X10 ilə nikaha girmiş, həmin nikahdan 2 uşaq anadan olmuşdur. Cavabdeh həmin uşaqların anadan olmasına dair ailə planlaması zamanı mövcud maddi imkanlarını nəzərə almalı, istər İddiaçı və istərsə də J.E.İbrahimova ilə birgə nikahlarından olan uşaqların saxlanması xərclərini hesablamalı idi. Cavabdeh başqa nikahdan uşaqlarının olması onun İddiaçı ilə birgə nikahından doğulmuş uşağın maddi təminatının pisləşməsi ilə nəticələnməməlidir. Həmçinin Cavabdeh əmlak və maddi vəziyyətinin «Elektron Məhkəmə» informasiya sistemi vasitəsi ilə yoxlanılması zamanı Cavabdeh mülkiyyətində 3 torpaq sahəsinin, 2 fərdi yaşayış evinin və 1 qeyri-yaşayış binasının olduğu müəyyən edilmişdir. Cavabdeh mülkiyyətində olan 0,08 hektar həyətyanı torpaq sahəsi Goranboy rayonunun Veyisli kəndində; 0,27 hektar kənd təsərrüfatı təyinatlı əkin sahəsi Tovuz rayonunun Alakol kəndində; 2,994 hektar kənd təsərrüfatı təyinatlı əkin sahəsi Goranboy rayonunun Veyisli kəndində; 0,0116 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 93,8 kvadrat metr olan 4 otaqlı qeyri-yaşayış binası Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospektində (Yevlax şossesinin kənarı 4 saylı ehtiyat hissələri mağazası); 0,0197 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 166,5 kvadrat metr olan 5 otaqlı fərdi yaşayış evi Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 212B ünvanında; 0,0444 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 104,5 kvadrat metr olan 3 otaqlı fərdi yaşayış evi ünvan 2 ünvanında yerləşir. Bundan başqa, Cavabdeh İddiaçı maddi imkanının olduqca yaxşı olduğunu və aliment məbləğinin azaldılmasının uşağın maddi rifah halının pisləşməsinə səbəb olmayacağını bildirsə də, məhkəməyə bu halı təsdiq edə biləcək hər hansı bir sübut təqdim etməmişdir. Bununla əlaqədar məhkəmə tərəflərin maddi vəziyyətini, tərəflərin birgə nikahlarından doğulmuş uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətini, həmin uşağın mənafeyini və aliment qət edildikdən sonra ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artmasını, eləcə də Cavabdeh yenidən nikaha girməsini və həmin nikahdan 2 uşağının olmasını nəzərə alaraq, hesab edir ki, ilkin iddia qismən təmin olunmalı, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli, 2(044)-3896/2018 nömrəli qətnaməsi ilə tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay 180 manat sabit pul məbləğində aliment tutulmalı, qarşılıqlı iddia isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 50 manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ilkin iddiası qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli, 2(044)- 3896/2018 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 14 mart 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddiaçı ilkin iddiası qalan hissədə təmin edilməsin. Cavabdeh qarşılıqlı iddiası rədd edilsin. Cavabdeh mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-2072/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2072/2023
25.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver