Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2073/2023 01.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Tahir oğlunun sədrliyi, Arıxova Nigar Azər qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə və cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı aktın və tələbnamənin ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh X12 İstismar İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X12 İstismar İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın və həmin akta əsasən X12 İstismar İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin əsasız olduğundan ləğv edilməsi və əsassız olaraq hesablanmış 4769,28 manat məbləğində qazdan istifadəyə görə borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa İddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdeh X12 İstismar İdarəsinin əsl cavabdeh «Azəriqaz» İstehsalat Birliyi ilə əvəz edilməsini xahiş etmişdir. MPM-in 54-cü maddəsinə əsasən cavabdeh X12 İstismar İdarəsi əsl cavabdeh «Azəriqaz» İstehsalat Birliyi ilə əvəz edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan Gəncə şəhəri, DOS-6, ev 13, mənzil 8-ə Gəncə Regional Qİİ-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Akta əsasən fərdi yaşayış evində sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, PQ-3, PQ-4 və Kombi kimi qaz işlədici avadanlıqlar aşkar edilmiş və onların hər birinə dair əlavə sərfıyyat hesablanmışdır. Ümumilikdə, dəymiş ziyan həcmi 39744 kub metr hesablanmışdır ki, bu hesablanmış ziyan həcmi 4769,28 manat təşkil edir. ******* saylı akta əsasən Gəncə Regional Qİİ tərəfindən xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə təsdiq edilmişdir. Təsdiq olunmuş tələbnamə ilə razı olmayıb öz etirazını bildirmişdir. Belə ki, evdə aşkar edilmiş kombi cihazı işlək vəziyyətdə olmamışdır və hazırda da işləmir. Belə ki, kombinin xətləri çəkilsə də, o sistemə qoşulmamış və işlək vəziyyətə gətirilməmişdir. Bu baxımdan da kombi aparatı üzrə hesablanmış 22464 kub metr dəymiş ziyanı ümumiyyətlə qəbul etmir. İşlək vəziyyətdə olmayan bir cihaza dəymiş ziyan hesablanması tamamən qanuna ziddir. Bundan başqa o, həmin ünvanda arvadı X1 ilə birgə yaşayır. İşi ilə bağlı demək olar ki, ilin bütün vaxtlarını Respublikanın hüdudlarından kənarda olurlar və orada yaşayırlar. Bu baxımdan da, digər qaz işlədiciləri üçün (PQ-3, PQ-4) hesablanmış dəymiş ziyanıda qəbul etmir. Çünki, onlar ilin çox vaxtını həmin mənzildə yaşamırlar. Bu baxımdan da həmin cihazlar üçün illik dəymiş ziyan həcminin hesablanması real deyildir. Tərtib olunmuş akt və tələbnamədən görünür ki, qaz işlədicilərinin orta günlük iş rejimi 24 saat və hesabat müddəti isə 90 gün kimi qəbul edilmişdir. Hesab edir ki, ümumiyyətlə dəymiş ziyan belə düzgün hesablanmamışdır. X11 Qaz İstismar İdarəsinin gəldiyi nəticəyə görə evdə olan qaz işlədiciləri 90 gün dayanmadan işləmişdir ki, buda həqiqətə uyğun deyildir. xx.xx.2022-ci il tarixdə X12 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt və həmin akta əsasən X12 İstismar İdarəsin tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə əsassız olduğundan ləğv edilməli, hesablanmış 4769,28 manat məbləğində qazdan istifadəyə görə borc silinməlidir. Həmçinin məhkəməyə müraciət etməmişdən qabaq borcun silinməsi ilə bağlı X12 İstismar İdarəsinə müraciət etmiş, lakin, ona hər bir halda tərtib olunmuş akt və tələbnamədən başqa heçnə təqdim olunmamışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, evi artırdıqları üçün dövlət tərəfindən çəkilmiş qaz borusu içəridə qalmışdır. Kombi isə test üçün işləmişdir. İçəridə qanunsuz qaz xətti olduğunu əməkdaşlar özləri də bilirdilər. Əvvəlcədən bu barədə onlara məlumat verilmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi X8 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı ilə «Azəriqaz» İstehsalat Birliyi arasında Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi bağlanılmışdır. Müqavilə əsasında ünvana Smart G4 markalı “İtron” qaz sayğacı quraşdırılaraq təbii qazla təchiz edilmişdir. Müqavilə bağlandıqdan sonra iddiaçı qazdan istifadə qaydalarına əməl etməmiş, qüvvədə olan qanunvericiliyinin tələblərini kobud surətdə pozmuşdur. Belə ki, «Azəriqaz» İstehsalat Birliyinin nümayəndələri tərəfindən xx.xx.2022-ci il tarixdə ünvana baxış keçirilərkən sayğacdan kənar əlavə xətt vasitəsilə qazdan qanunsuz istifadə olunduğu aşkar edilmişdir. Faktla bağlı yerində video görüntü aparılmış, abonentin iştirakı təmin edilmişdir. Bu barədə iddiaçının iştirakı ilə ******* saylı xx.xx.2022-ci il tarixli akt tərtib olunmuş və itirilmiş qaz sərfiyatına görə qanuna müvafiq olaraq zərər hesablanmışdır. Hazırda qazdan qanunsuz istifadə nəticəsində 39 744 m3 qaz sərfiyyatı ilə bağlı borc 4 769,28 manat təşkil edir. İddiaçı yaşadığı mənzilə əlavə artırma işləri apararaq ümumi xətt üzrə istifadədə olan borunu otağın içərisinə salmış və həmin artırma tikilinin içərisindən keçən xətdən şəbəkəyə qoşulmuşdur. İddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında «Azəriqaz» X6 RQİİ İstehlakçılara satılan qaza nəzarət şöbəsinin mühəndisi X2 göstərdi ki, xx.xx.2022-ci il tarixdə qeyd olunan ünvana tərəflərindən baxış keçirilmiş və ******* saylı xx.xx.2022-ci il tarixli akt tərtib olunmuşdur. Baxış keçirilən zaman sayğacda müvafiq göstəricilərin olmamasından şübhələnmişlər. Aylıq borc da həmişə az olmuşdur. Daha sonra evin içərisinə daxil olan zaman mətbəx şkafının üstündə 100-lük qaz borusu olduğu müşahidə edilmişdir. Ev sahibi evi artırma etdiyi üçün dövlət tərəfindən çəkilmiş qaz xətti evin içərisinə düşmüşdür. Həmin vaxt kombi işlək vəziyyətdə olmuşdur. Məhkəmə iclasında «Azəriqaz» X6 RQİİ İstehlakçılara satılan qaza nəzarət şöbəsinin böyük müşəndisi X3 abonentin mənzilində olan kombinin işlək vəziyyətdə olduğunu göstərdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, abonen İddiaçı istifadəsində olan qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar xətt aşkar olunmuşdur. xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı 39744 m3 itirilmiş qaz sərfiyatının dəyəri olunmuşdur. xx.xx.2023-cü il tarixli, **********00080 saylı abonentin hesab çıxarışından görünür ki, İddiaçı 2023-cü ilin may ayına olan cari borcu 4722,78 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında olan hüquq münasibəti qazın alqı-satqısı barədə müqavilə öhdəliyindən əmələ gələn münasibət olsa da mübahisə iddiaçının sayğacdan kənar əlavə xəttdən istifadə etməklə itirilmiş qaz sərfiyatına görə dəymiş zərərlə bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Deliktlərlə əlaqədar yuxarıda şərh olunmuş hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. «Qaz təchizatı haqqında» Qanunun 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının 6.5 və 6.7 bəndlərində qeyd edilir ki, qazpaylayıcısı şəbəkəyə qanunsuz qoşulma halları aşkar etdikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi «Azəriqaz» İB-nin əməkdaşları tərəfindən iddiaçının (istehlakçının) qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar əlavə xəttə qoşulması aşkar olunmuş və bu barədə müvafiq akt tərtib olunmuşdur. İddiaçının etibarnamə üzrə nümayəndəsi də evdə saygacdan kənar xəttə qoşulmasını etiraf etmiş, lakin xətdən kənar qoşulma olsa da kombinin işlək vəziyyətdə olmadığını bildirərək sərfiyata görə hesablanmış məbləğə dair etiraz etmişdir. Məhkəmə iclasında tədqiq olunmuş fotoşəkillərdən və sayğaca baxış keçirən qaz istismar idarəsinin əməkdaşlarının izahatlarından müəyyən olunmuşdur ki, mənzildə olan kombi işlək vəziyyətdə olmuşdur.Bununla yanaşı itirilmiş qaz sərfiyatına görə hesabat aparılarkən abonent tərəfindən istifadə olunan kombiyə görə yay mövsümü nəzərə alınmamışdır. Belə ki kombidən yalnız qış rejimində yəni 15 noyabrdan 15 aprelədək istifadə olunduğu halda sərfiyyat 12 ay üzrə hesablanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, xx.xx.2022-ci il tarixli, ******* saylı akt üzrə itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 4722,78 manat borcdan 1347,84 manat silinməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 33,47 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216- 220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt üzrə itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 4722,78 manat puldan 1347,84 manatı silinsin. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyindən dövlət rüsumu hesabına 33,47 manat alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-2073/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2073/2023
01.06.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver