Məhkəmə qərarları › İş №2(125)-2073/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2073/2024

19.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2073/2024 19.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı - sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı (VÖEN: **********), cavabdehlər Cavabdeh1 və mal götürən zaman zamin duran Cavabdeh2 nisyə alqı-satqı müqaviləsi əsasında mağazadan götürdükləri dəyəri 1164 manat olan “Samsung A53” markalı telefonun dəyərindən ödənilməmiş qalan hissəsi olan 970 manatın, dəbbə pulu olan 120 manatın və məhkəmə xərcinin onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixdə “Samsung A53” markalı mobil telefonun nisyə alğı-satqısı barədə 180 nömrəli müqavilə bağlanmışdır. Müqavilə və ödəniş cədvəlinə əsasən əşyanın ümumi dəyəri 1164 manat, ödəniş müddəti 12 ay olmaqla, aylıq ödəniş 97 manat müəyyən edilmişdir. Əşya Cavabdeh1 xx.xx.2023-cü il tarixdə təhvil verilmişdir. Həmçinin İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 180 nömrəli zaminlik müqaviləsindən görünür ki, xx.xx.2023-cü il tarixdə bağlanmış 180 nömrəli nisyə müqaviləsi ilə əlaqədar olaraq “nisyə alan” “nisyə verən” qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək “zamin” “nisyə alan” ilə birlikdə “nisyə verən” qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Bu müqavilə üzrə zaminliklə təmin edilən öhdəliyin əsasını xx.xx.2023-cü il tarixdə bağlanmış 180 saylı “Nisyə alqı-satqı” müqaviləsi təşkil edir. Təmin edilən müqavilənin predmetini 1164 manat məbləğində borc təşkil edir. Müqavilə üzrə Cavabdeh1 tərəfindən ödənişlər qismən, cəmi 2 ay, hər ay 97 manat olmaqla aparılmış, Cavabdeh1 1164 manat məbləğində olan ümumi borcundan cəmi 194 manat ödəniş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, o, Gəncə şəhəri 3-cü mikrorayonda yerləşən, ona məxsus olan “Mebel və Elektroniks” mağazasında əşyaların satışı ilə məşğul olur. Sahibkarlıq fəaliyyətini təsdiq edən ********** saylı VÖEN-də Vergi İdarəsi tərəfindən ona verilmişdir. Mağazada malların satışını həm nəğd, həm də kredit yolu ilə həyata keçirir. Gəncə şəhəri, Məmmədyarov küçəsi, ev 54-də yaşayan və qeydiyyatda olan Cavabdeh1 xx.xx.2023-cü il tarixdə mağazaya gələrək, mağazadan bir ədəd dəyəri 1164 manat olan “Samsung A53” markalı mobil telefonu tərəfindən tərtib olunmuş qrafik üzrə ödəniş etmək şərti ilə “Nisyə alqı-satqı müqaviləsi” əsasında götürmüşdür. Həmin vaxt cavabdeh yaxını olan hazırkı iddia tələbi üzrə digər cavabdeh Gəncə şəhər sakini Cavabdeh2 zamin qoymuş və həmin vaxt sənədləşməyə zamin özü şəxsən imza atmışdır. Müqavilə bağlanan zaman pulu vaxtında ödəməyə Cavabdeh1 söz versə də, pulu vaxtında ödəməmiş, bundan yayınaraq mal götürən “Nisyə alqı-satqı müqaviləsi”nin şərtlərinə əməl etməmişdir. Hazırda mal alanın mağazaya 970 manat borcu qalmaqdadır. Cavabdeh1 və digər Cavabdeh2 ilə dəfələrlə əlaqə yaradılsa da, müqavilənin şərtlərinə əməl etmələri tələb olunmasına baxmayaraq, heç bir müsbət nəticə əldə olunmamışdır. Cavabdehlərə bu barədə rəsmi qaydada xəbərdarlıq məktubları da göndərilmişdir. Lakin buna da laqeyid münasibət göstərilmişdir. Cavabdeh1 və digər Cavabdeh2 ödəniş etməkdən yayınırlar. Bununla da mağazaya ziyan vurmaqda davam edirlər. Bundan başqa cavabdehlər tərəfindən mağazadan mal götürülən zaman mağazaya ödənişi vaxtlıvaxtında yerinə yetirməyəcəyi təqdirdə 120 manat dəbbə pulu da mağazanın xeyrinə ödənilməsi öhdəliyi də “Nisyə alqı-satqı müqaviləsi”nə də qeyd edilmiş, buna nisyə götürən şəxsən imza da etmişdir. Buna görə də nisyə götürəndən dəbbə pulunun və məhkəmədə işə baxılması ilə bağlı dövlət rüsumunun da alınıb onun xeyrinə verilməsini istəyir. Çünki nisyə götürənin laqeyd münasibəti üzündən hazırlı iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehlərin ünvanına yazılı məhkəmə bildirişi və prosessual hüquq və vəzifələr barədə qanundan çıxarış göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqları qeyd edilmiş, bu barədə müvafiq xəbərnamə işə əlavə edilmişdir. Lakin, cavabdehlər 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, əsli iddiaçıda qalan və hər dəfə ödəniş edildikdə qeydi aparılan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinə görə Cavabdeh1 həmin müqavilə üzrə əsas borcu – 970 manat təşkil edir. Bundan başqa, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 180 nömrəli zaminlik müqaviləsindən görünür ki, “zamin” “nisyə alan”ın “nisyə verən” qarşısında xx.xx.2023-cü il tarixli, 180 nömrəli nisyə müqaviləsi üzrə nisyə verənə olan kredit və ona hesablanmış faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və nisyə alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində nisyə verənə dəyən digər zərərin (komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s.) əvəzinin də ödənilməsi də daxil olmaqla, yaranan və yarana biləcək hər cür zərər üçün nisyə alanla eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarında olan xəbərdarlıq məktubundan (xx.xx.2024-cü il tarixli məktubun göndərilməsini təsdiq edən məxaric qəbzi də əlavə olunmuşdur) görünür ki, cavabdehlərə sözügedən müqavilə üzrə borcun olması barədə xəbərdarlıq edilmiş, onlardan borcun 5 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə onlara qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr olarsa, hər gecikən günə kreditin 10 %-i dəyərində (minimum 3 manat olmaqla) cərimə əlavə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (maddə 600.1). Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir (maddə 601.2). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (maddə 465.2). Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (maddə 470.1). Borclu zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.1). Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, İddiaçı ilə Cavabdeh1 arasında qanunvericiliyə uyğun olaraq nisyə alğı-satqı müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş mal Cavabdeh1 təhvil verilmiş, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin Cavabdeh1 öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. Cavabdehin iddia tələbində göstərilən məbləğdə icra edilməmiş öhdəliyi vardır. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borcu tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda digər Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o sözügedən müqavilə üzrə müəyyən edilmiş borca görə zamin olduğundan, qeyd edilən əsas borcun ödənilməsi üçün məsuliyyət daşıyır. Məhkəmə, iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Beləliklə, məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddia ərizəsində göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor müqavilə bağlayarkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, müqavilə üzrə tələb edilən dəbbə pulu (cərimə) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir. Odur ki, müqavilə üzrə dəbbə pulu azaldılaraq 30 manat məbləğində müəyyən edilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 970 manat əsas və 30 manat cərimə olmaqla, cəmi 1000 manat pul müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia əsasən əsaslı olduğundan, iddiaçı tərəfindən iş üzrə iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı və zaminlik müqavilələri üzrə yaranmış 970 manat əsas və 30 manat cərimə olmaqla, cəmi 1000 (bir min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul vəsaiti müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar