Məhkəmə qərarları › İş №2(125)-2081/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2081/2025

16.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2081/2025 16.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1000 manat pulun və ödəmiş olduğu dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, rəfiqəsi Qızılgül Şirəliyeva ilə birlikdə Türkiyəyə qısa müddətli istirahətə getmək istəmişdirlər. Rəfiqəsi instagram sosial şəbəkəsində “X8” şirkətinin Türkiyəyə turlar təşkil etməsi barədə elanın və mobil telefon nömrəsinin olmasını ona bildirmişdir. O da həmin nömrə ilə yazışdıqda özünü şirkətin nümayəndəsi kimi təqdim edən Kənan adlı şəxs 14-15 iyul tarixində 1-7 avqust tarixinə tur olduğunu, bir nəfər üçün qiymətin 435 ABŞ dolları olduğunu bildirmiş, onları xarici pasportları ilə onlayn qeydiyyat etmişdir. Onlara məlumat vermişdir ki, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Grand Mirvey” otelin birinci mərtəbəsində yerləşən ofisə yaxınlaşıb 420 manat turun qiymətindən, 80 manat da qeydiyyat üçün ödəsinlər. Onun dediyi ünvana xx.xx.2022-ci il tarixdə saat 17:00 radələrində gedib hər biri üçün 500 manat olmaqla, cəmi 1000 manat cavabdehə ödəniş etmişdir. Bundan sonra dəfələrlə ***- ***-**-**, ***-***-**-** nömrəli telefonlara zəng edərək təyyarə bileti ilə bağlı maraqlanmışdır. Ona turun baş tutmayacağı deyilmişdir. Belə olan halda cavabdehə ödədiyi 1000 manat pulun geri qaytarılmasını tələb etmişdir. Cavab olaraq plastik kart göndərməsini və həmin kartı mühasibatlığa təqdim edərək ödədiyi 1000 manat pulun həmin gün kartına yüklənəcəyini demişdirlər. Dərhal ***-***-**-** nömrənin whatsapp hesabına plastik kartın şəklini atsa da, hər gün onu müxtəlif bəhanələrlə hal-hazıra kimi aldadaraq ödədiyi 1000 manat pulu ona qaytarmamışlar. O artıq aldadıldığını başa düşəndən sonra dəfələrlə hüquq-mühafizə orqanlarına pulunu geri almaq üçün rəsmi müraciət etmişdir. Ərizəsi ilə bağlı Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılmışdır. Bir neçə dəfə araşdırmanın nəticəsi barədə olan qərar Nəsimi Rayon Prokurorluğunda ləğv edilmişdir. Sonda xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərarla cinayət işinin başlanılması rədd edilərək mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Buna görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, cavabdeh polisdə izahat verərkən borcu olduğunu etiraf etmişdir. Onlar kimi bir çox şəxsləri də aldatmışdır. Rəfiqəsinin də yerinə pul vermiş, cəmi 1000 manat pulu verərkən oğlu da yanında olmuşdur. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, iddiaçı anasıdır. Anası rəfiqəsi ilə birlikdə Türkiyəyə getmək istəmişdir. Cavabdehlə danışıb görüşmüşdürlər. Cavabdeh iki nəfər üçün 1000 manat pul demiş, anası pulu vermişdir. Sonra biletləri maraqlansalar da, cavabdeh verəcəyini deyib verməmişdir. Anası pulu onun yanında, ünvan 1 ünvanında vermişdir. Anası rəfiqəsinin yerinə də pul vermiş, rəfiqəsi də onlarla birlikdə olmuşdur. Mülki işə əlavə olunmuş və məhkəmə iclasında tədqiq edimiş:- Nəsimi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Anar Aydəmirov tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı və X1 müraciəti əsasında cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərək mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Həmin qərardan görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, o, 2012-ci ildən “X8” MMC-ni təsis etmişdir. 2014-cü ildən 2019-cu ilədək ünvan 2 ünvanında yerləşən “Caspian Plaza”da ofis icarəyə götürərək işlətmişdir. 2019-cu ildən pandemiya ilə əlaqədar ofis bağlanmışdır. 2022-ci ilin iyun ayından Nəsimi rayonu, L.Tolstoy küçəsi, 145 ünvanında yerləşən “Grand Mirvey” otelin nəzdində ofis icarəyə götürərək fəaliyyətə başlamışdır. xx.xx.2022-ci il tarixdə X2 ofisə yaxınlaşıb 7 günlük təşkil olunmuş tura qoşulmaq istədiyini bildirmiş, onun xarici pasportunu alaraq aviabilet üçün ilkin ödəniş 1000 manat almış, xx.xx.2022-ci il tarixində sonuncuya turun baş tutmayacağını, səbəb olaraq X3ra uçuş gediş reysi verib, dönüş reys verməməsini bildirmişdir. Sonradan işlərinin pisləşməsi ilə bağlı həmin ofisi bağlamalı olmuş və Ellada Əliyevanın 1000 manat pulunu qaytara bilməmişdir. “Whatsapp” sosial şəbəkəsində aparılmış xx.xx.2022-ci il tarixli yazışmalardan görünür ki, plastik kartın şəkli sözügedən tur şirkətinə göndərilmiş, cavab olaraq kartın yönləndirildiyi, en qısa zamanda bu gün, çatdırmasalar 1-ci gün mütləq şəkildə pulun göndəriləcəyi bildirilmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı istirahət məqsədilə Türkiyəyə getmək üçün cavabdehə müraciət etmiş və tərəflər arasında şifahi razılaşma olmuşdur. Lakin tərəflər arasında olan razılaşma üzrə xarici ölkəyə turun təşkil edilməsi baş tutmadığından iddiaçı cavabdehə verdiyi 1000 manat pulu geri tələb etmiş, cavabdeh isə aldığı pulu qaytarmadığı üçün iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, iddiaçının izahatını və şahid ifadəsini dinləyib, işdə olan sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla iddiaçı tərəfindən xarici ölkəyə turun təşkil edilməsi ilə bağlı cavabdehə 1000 manat pul verilməsi faktı öz təsdiqini tapmışdır. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, iddiaçı cavabdehdən əsassız varlanmış şəxs kimi ona verdiyi pul məbləğini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 1000 manat pul alınaraq İddiaçı ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119,216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 1000 (bir min) manat pul və dövlət rüsumunun əvəzi olaraq 30 manat alınaraq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar