Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2088/2024 20.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi və İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə əsas borcu 600 manat, faizlər üzrə 114,67 manat, gecikdirilmiş gün üçün 252,44 manat, ümumilikdə isə 967,11 manat borc pul və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 məhkəməyə ərizə təqdim edərək, faiz borcu və dəbbə pulunun tutulmasını tələb etmədiklərini, iddia tələbinin həcmini azaldaraq 600 manat əsas ödənilməmiş məbləğin cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanılmış xx.xx.2016-cı il tarixli, 0086-16 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 1200 manat olan 1 ədəd İphone 6S markalı mobil telefon almış, dəyərini tam şəkildə ödəməmişdir. Son ödəniş 2021-ci ildə olmuşdur. Hazırda cavabdehin 600 manat məbləğində əsas ödənilməmiş borcu vardır. Faiz borcunun və dəbbə pulunun ödənilməsini tələb etmədiklərini göstərərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2016-cı il tarixli 0086-16 nömrəli müqavilədən görünür ki, cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 1200 manat olan İphone 6S markalı telefon almışdır. xx.xx.2016-cı il tarixli 0086-16 nömrəli ödəniş cədvəlindən görünür ki, cavabdeh aldığı malın dəyərini 8 ay müddətinə hər ay 170,95 manat olmaqla, hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2016-cı il tarixli 0086-16 nömrəli müqavilə üzrə 600 manat əsas borcu qalmış, 114,67 manat faiz, 252,44 manat cərimə hesablanmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli 0086-16 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 1200 manat olan 1 ədəd İphone 6S markalı mobil telefonu hər ay 170,95 manat olmaqla 8 ay müddətinə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sora- MM) 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MPM-nin 390.1-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. MPM-nin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MPM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MPM-nin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MPM-nin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MPM-nin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlik daşıyır. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli xx.xx.2016-cı il tarixli 0086-16 nömrəli müqavilə üzrə 600 manat Cavabdeh alınaraq iddiaçı "xxxx" MMCyə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2016-cı il tarixli 0086-16 nömrəli müqavilə üzrə 600 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-2088/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2088/2024
20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver