Məhkəmə qərarları › İş №2(125)-2090/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2090/2025

11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2090/2025 11.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbi» barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 1850 manat əsas, 250 manat cərimə, cəmi 2100 manat borcun və 41 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Gəncə şəhəri 3-cü mikrorayonda yerləşən “Mebel və Elektroniks” mağazada əşyaların satışı ilə məşğul olur. Sahibkarlıq fəaliyyətimi təstiq edən ********** saylı VOEN-də Vergi İdarəsi tərəfindən ona verilmişdir. Mağaza malların satışını həm nəğd, həmdə kredit (nisyə)yolu ilə həyata keçirir. Gəncə şəhəri, Adilxan Ziyadxan küçəsi, bina 4, mənzil 7”b”-də yaşayan və qeydiyyatda olan Cavabdeh1 23.11,2023-cü il tarixdə mağazaya gələrək, yaxını olan Cavabdeh2 zamin qoyaraq, mağazadan bir ədəd dəyəri 804 manat olan "Smart “markalı 109 ekranlı televizoru və 1 ədəd dəyəri 1536 manat olan künc divan (lükü) divanı yəni ümumi dəyərləri 2340 manat olan əşyaları tərəfindən tərtib olunmuş qrafiq üzrə 12 ay müddətə, ödəniş etmək şərti ilə “Nisyə alqı-satqı müqaviləsi” əsasında götürmüşdür. Həmin vaxt sənədləşməyə nisyə götürən və zamin şəxsən imza atmışlar. Müqavilə bağlanan zaman pulu vaxtında ödəməyə nisyə götürən söz versə də, cəmi 3 ay ödəniş etmiş, qalan borcdan yayınaraq, “Nisyə alqı-satqı” müqaviləsinin şərtlərinə əməl etməmişdir. Hazırda mal alanın mağazaya 1850 manat borcu qalmaqdadır. Dəfələrlə cavabdehlərlə əlaqəsi yaradılsa da, bu barədə xəbərdarlıq edilsə də, müqavilənin şərtlərinə əməl etmələri tərəflərindən tələb olunsa da, heç bir müsbət nəticə əldə olunmamışdır. Cavabdehlərə bu barədə rəsmi qaydada xəbərdarlıq məktubuları da göndərilmişdir. Lakin buna da laqeyd münasibət göstərilmişdir. Bununlada cavabdeh mağazaya bu gün də ziyan vurmaqda davam edir. Bundan başqa cavabdeh tərəfindən mağazadan mal götürülən zaman mağazaya ödənişi vaxtı-vaxtında yerinə yetirməyəcəyi təqdirdə, məhkəməyə verilərsə 250 manat dəbbə pulu da mağazanın xeyrinə ödənilməsi öhtəliyi “Nisyə alqı-satqı” müqaviləsinə qeyd edilmiş, bu barədə cavabdeh məlumatlandırılmış,buna nisyə götürən şəxs imza da etmişdir. Buna görə də nisyə götürəndən dəbbə pulunun və məhkəmədə işə baxılması ilə bağlı dövlət rüsumunun da, alınıb onun xeyrinə verilməsini istəyirəm. Çünki nisyə götürənin laqeyd münasibəti üzündən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Məhkəmə, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ilə alıcı X1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli “nisyə alqı-satqı” müqaviləsindən görünür ki, satıcı alıcıya dəyəri 804 manat olan "Smart “markalı 109 ekranlı televizoru və 1 ədəd dəyəri 1536 manat olan künc divan (lükü) divanı, ümumilikdə dəyərləri 2340 manat olan məişət avadanlıqlarını hər ay ödəniş etmək şərti ilə satın və təhvil almış, dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, xx.xx.2023-cü il tarixli, 111 nömrəli “nisyə alqısatqı” müqaviləsindən irəli gələn öhdəliklərin icrasına görə zamin qismində üzərinə məsuliyyət götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdehlər bildirişi rəsmi qaydada aldıqları gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki işin tədqiq edilmiş halları əsasında alqı-satqı müqavilələri üzrə alıcı üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirmədiyi üçün, xx.xx.2023-cü il tarixli müqavilə üzrə alıcının, xx.xx.2023-cü tarixli müqavilə üzrə alıcı və zaminin əsas borca görə məsuliyyəti yaranmışdır. Bundan başqa, iddiaçı gecikdirilmiş ödənişlərə görə 250 manat cərimə tələb etmişdir. Məhkəmə, iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, tələb olunan dəbbə pulu (cərimə) əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğundan 20 manat cərimə borcu tutulmaqla həmin hissəsində iddia qismən təmin edilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, müqavilə üzrə əsas və azaldılmış cərimə borcu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq məhkəmə xərci olan dövlət rüsumunun əvəzi qismində 38.7 manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə görə 1850 əsas, 20 manat cərimə borcu olmaqla, cəmi 1870 (min səkkiz yüz yetmiş) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 38 (otuz səkkiz) manat 70 (yetmiş) qəpik pul Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar