Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2113/2024 23.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)-4015/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qətnaməsi ilə qət edilmiş alimentin artırılaraq, Cavabdeh 05 iyul 2010-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin, mediasiya xidməti üçün ödədiyi 55 manatın tutularaq, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdehla 1992-ci ildə faktiki olaraq ailə qurmuşlar. Nikahları 11 mart 1996-cı ildə rəsmi qaydada qeydə alınmışdır. Birgə evliliklərindən 3 uşaqları anadan olmuşdur. Hazırda uşaqların ikisi yetkinlik yaşlarına çatmış, bir uşaqları - X3 isə 05 iyul 2010-cu ildə anadan olmuşdur. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4015/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən oğulları Yusifin saxlanılması üçün 150 manat məbləğində aliment qət edilmişdir. Son zamanlar cavabdehlə bir evdə yaşamaq mümkün olmadığından ayrı yaşayırlar. Cavabdeh onları uşaqlarla birlikdə kirayədə yaşadıqları evdə qoyub çıxıb getmişdir. Maddi vəziyyəti ağırdır. O, uşaqları dolandırmaq üçün iş olanda onun bunun evində işləyib 15-20 manat pul qazanır. İş isə hər gün olmur. Yusif orta məktəbdə təhsil alır, onun gündəlik məktəb xərci, qidalanması, əyin paltarları, idmanla məşğul olması üçün xərcləri dəfələrlə artmışdır. Məhkəmə qətnaməsinə əsasən qət edilmiş alimentin məbləği onun tələbatlarının ödənilməsinə yetmir. Beləliklə, hazırki bahalaşma maddi vəziyyətinə çox böyük təsir edir. Hazırda ölkədə uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. Maddi vəziyyətinə görə əziyyət çəkir. Cavabdeh övladi ilə ümumiyyətlə maraqlanmır. Uşaqların bütün qayğısını, ehtiyacını tamamilə tək çəkir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də onların maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də görə cavabdehdən Yusifin saxlanılması üçün qət edilmiş 150 manat aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh tikinti ustasıdır, peşəsi bənnadır. Daimi işi olur, yaxşı pul qazanır. Maddi vəziyyətini nəzərə alaraq, hesab edir ki, cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay uşaq üçün 250 manat miqdarında aliment qət edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək, əlavə olaraq izahatında bildirdi ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-4015/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qətnaməsi ilə, Yusif adlı uşağın saxlanılması üçün hər ay 150 manat aliment müəyyən edilsə də, həmin məbləğ uşağın tələbatlarının ödənilməsi üçün kifayət etmir. O cümlədən cavabdeh sözügedən aliment məbləğini də vaxtı-vaxtında ödəmir. Artıq cavabdehin xeyli aliment borcu yaranmışdır. Uşağın artan tələbatlarını, xərclərini qarşılaya bilmir. Ona görə də aliment məbləğinin artırılmasına zərurət vardır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, fəhlə işləyir. Ona görə də mütəmadi qazancı yoxdur. İş olandan-olana qazancı olur. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4015/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qətnaməsi ilə Yusif adlı uşağın saxlanılması üçün müəyyən edilmiş aliment məbləğini belə ödəyə bilmir. Maddi vəziyyəti yaxşı deyildir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. İddia ərizəsinə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş; AZ-İV seriyalı, 012209 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 05 iyul 2010-cu il tarixində doğulmuşdur. Atası: Cavabdeh, anası: İddiaçıdır. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4015/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı iddiası qismən təmin edilmiş, Cavabdeh 05 iyul 2010-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması, alimentin tutulması 03 may 2023-cü il tarixdən X2 yetkinlik yaşına çatana qədər müəyyən edilməsi, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, İddiaçı xeyrinə tutulması qət edilmişdir. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 14 fevral 2024-cü il tarixli, MŞG/1-00223 nömrəli arayışdan görünür ki, bu arayış vətəndaş “alimentin artırılması” tələbi ilə bağlı müraciəti əsasında yeri və vaxtı əvvəlcədən məlumatlandırılan qarşı tərəf İddiaçı mübahisə üzrə xx.xx.2024-cü il tarixdə saat 15:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməməsini təsdiq etmək üçün verilir. İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 55 manat məbləğində xərci tam ödəmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, hesab edir ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılması barədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-4015/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qətnaməsi ilə, İddiaçı iddiası qismən təmin edilmiş, Cavabdeh 05 iyul 2010-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. Lakin, həmin vaxtdan uşaq böyüdüyü və onun xərclərinin artdığı üçün qət edilmiş 150 (bir yüz əlli) manat məbləğdə aliment uşağın saxlanması üçün yetərli olmadığından, cavabdeh uşağın saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən, İddiaçı “alimentin artırılması” tələbinə dair mediasiya şurasına müraciət etmiş, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, bu səbəbdən də tərəflər arasında razılıq əldə olunmamış, o səbəbdən də iddiaçı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbi təmin edilməklə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-4015/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qətnaməsi ilə qət edilmiş alimentin artırılaraq, Cavabdeh 05 iyul 2010-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin, mediasiya xidməti üçün ödədiyi 55 manatın tutularaq, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin iddiaçı cavabdehin gəlirləri barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Cavabdeh isə iddia tələbini qəbul etmədiyini bildirərək, rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun: 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, aliment məbləğinin artırılması tələbi iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, iddiaçının cavabdehdən tələb etdiyi alimentdən 10 aydan çox vaxt keçməsi və uşaq böyüdükcə onun tələbatları və saxlanma xərclərinin nisbətən artması, tərəflərin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı cavabdehin gəlirləri barədə sübut təqdim edə bilməmişdir. Buna baxmayaraq məhkəmənin qənaəti ondan ibarətdir ki, hazırki iş üzrə alimentin məbləği artırılan zaman əvvəlki qətnamə üzrə təyin olunan alimentin məbləği ilə yeni müəyyən olunacaq alimentin məbləği arasındakı mütənasiblik gözlənilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşağın maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, tərəflərin gəlirləri barədə sübutların təqdim edilməməsini və habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşağın təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, 05 iyul 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə Gəncə Şəhər Məhkəməsinin 2(125)-4015/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş, hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılmalı və Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı dəyişdirilmiş (artırılmış) alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmiş, cavabdeh isə mediasiya sessiyasında iştirak etməmişdir. Mediasiyaya çəkilən xərc iddiaçı tərəfindən ödənildiyindən, məhkəmə hesab edir ki, Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4015/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılsın və 05 iyul 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. Artırılmış hissədə alimentin tutulması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər (mediasiya xərci) qismində 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-2113/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2113/2024
23.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver