Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2123/2025 24.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Tahir oğlunun sədrliyi, Aslanzadə Nəzrin Xəqani qızının katibliyi, İddiaçı və Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dələduzluq yolu ilə mənimsədikləri onun Gəncə şəhəri, Ş.Hüseynov küçəsi, bina 15, 23 nömrəli evin təmirinə xərclədiyi 33000 manat və həmin evin alınması üçün verdiyi 60000 manat, cəmi 93000 manat pulun və ödənilmiş 369 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1982-ci ildə Cavabdeh1 ilə ailə həyatı qurmuşdur və bu nikahdan 3 övladları dünyaya gəlmişdir. 2020-ci ildə ünvan 1 ünvanında yerləşən evini 33 min manat xərc çəkərək təmir etdirmişdir və qızı Gülnarə həmin evi ondan istəmişdir. O, başqa evi olduğu üçün həmin evi notariat qaydada qızına bağışlamışdır. Qızı ailə üzvləri ilə Türkiyə Respublikasında yaşadığı üçün orada ev almaq qərarına gəlmişdir və onun Gülnarəyə bağışladığı evi Gülnarə satmaq istəmişdir. O, həmin evi təmirini əziyyət çəkərək etdirdiyi üçün qızından ona satmasını istəmişdir. Qızı Gülnarə də onunla razılaşmışdır. O, qızına 60000 manat pul vermiş və Gülnarə həmin evlə bağlı sənədləşmə aparılması üçün ona etibarnamə vermişdir, lakin o, həmin evi öz adına sənədləşdirməmişdir. 2024-cü ildə həyat yoldaşı Xanımla aralarında söz-söhbət olduğuna görə boşanmaq qərarına gəlmişdirlər və arvadı Xanım qızından aldığı həmin evə köçmüşdür. Həmin hadisədən sonra arvadı Xanım qızının ona verdiyi etibarnaməni cırmışdır. 2024-cü ilin dekabr ayında qızı Gülnarə Türkiyə Respublikasından Azərbaycana gəlmişdir və o, qızını qarşılayaraq arvadı Xanım yaşayan evə aparmışdır. Gülnarəyə demişdir ki, Xanım Gülnarəyə verdiyi etibarnəməni cırmışdır və yenidən etibarnamə verməsini xahiş etmişdir. Gülnarə isə ona etibarnamə verməyəcəyini dediyinə görə aralarında sözlü münaqişə baş vermişdir. Münaqişə zəminində Samux Rayon Prokurorluğunda cinayət işi açılmış və araşdırılma aparılmışdır. Araşdırılma zamanı qızı Gülnarə və arvadı Xanım izahatlarında onun sözügedən ünvan 2 ünvanında yerləşən evə 33000 manat xərc çəkdiyini, daha sonra həmin evi Gülnarəyə bağışladığını, Gülnarə həmin evi satmaq istəyəndə ondan həmin evi 60000 manata aldığını və ona etibarnamə verdiyini etiraf etmişlər. O, hər zaman mübahisənin sülh yolu ilə həll olunmasını istəmişdir. Lakin cavabdehlər hər zaman münaqişə yaratmışdırlar. Odur ki, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, sözügedən evi təmir etdirmiş, 33000 manat xərc çəkmişdir. Daha sonra təmirli vəziyyətdə qızı, hazırki iş üzrə Cavabdeh2 bağışlamışdır. Qızı Türkiyəyə köçəndə evi satmaq istəmiş, o isə satmamasını demiş və 60000 manata həmin evi qızından almışdır. 60000 manatı poçtla Gülnarəyə yollamışdır. Qızı Gülnarə isə evin sənədləşməsi üçün ona etibarnamə vermişdir. Etibarnaməni Türkiyədən buraya yollamışdır. Həmin etibarnamə ilə sözügedən evə dair kirayə müqaviləsi də bağlamışdır. Bundan sonra qızı ilə keçmiş həyat yoldaşı Cavabdeh1 əlbir olub onu aldatmışdırlar. Cavabdeh1 qızının ona verdiyi etibarnaməni cırmış, qızı isə ondan xəbərsiz evi anasına bağışlamışdır. Cavabdehlər ona qarşı dələduzluq etdiklərinə görə “102” zəng xidmətinə müraciət etmiş, daha sonra iş prokurorluğa verilmişdir. O, yoldaşı və qızı prokurorluqda izahat vermişdirlər. Qızı Gülnarənin yanvar ayının 11-i üçün uçuşu olsa da, prokurorluq onu saxlamış, 1 ay, ay yarımdan sonra uçmuşdur. Həmin izahatları cavabdehlərin özlərinin verdiyini göstərərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək izahatında göstərdi ki, mübahisəli ev tərəflərin birgə nikah dövründə əldə olunmuşdur. İddiaçının sübutu prokurorluqda araşdırma aparılan zaman cavabdehlərdən alınmış izahatlardır. Həmin izahatlar mötəbər sübut deyildir. İzahat alınan zaman cavabdehlərdən Cavabdeh2 ölkə xaricində olmuşdur. Həmin ev tərəflərin birgə nikah dövründə əldə etdiyi pulla təmir olunmuşdur. Qızı anasına bağışladıqda ev yenə də tərəflərin öz mülkiyyətinə qayıtmış hesab olunur. Belə olan halda iddiaçı əmlakın bölünməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Hazırki mübahisə cinayət xarakterli olduğundan mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. 60000 manat puldan bir qəpik də Cavabdeh1 çatmamışdır. İddia tələbi əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanılmış xx.xx.2018-ci il tarixli, 4Ə-1852 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən İddiaçı ünvan 3 ünvanında yerləşən mənzili hədiyyə alan Cavabdeh2 bağışlamışdır. xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********20-05101-093018 reyestr nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Şahlar Hüseynov küçəsi, ev 15, 23 nömrəli mənzil xüsusi mülkiyyətdə olmaqla tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. Samux rayonu notariat ofisində bağlanılmış xx.xx.2021-ci il tarixli, 3M-466 reyestr nömrəli kirayə müqaviləsindən görünür ki, kirayəyə verən Cavabdeh2 ünvan 3 ünvanında yerləşən mənzili kirayəçi X1 xx.xx.2024-cü il tarixədək kirayəyə vermiş, müqaviləni Cavabdeh2 əvəzinə Konya 7 saylı notariat kontoru notarius Sedat Kısa tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 29182 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi İddiaçı imzalamışdır. Samux Rayon Prokurorluğu tərəfindən Gəncə Şəhər Məhkəməsinə göndərilmiş Samux Rayon Prokurorluğunda toplanmış 07-C-25 nömrəli material üzrə: -Samux rayon prokurorunun böyük köməkçisi Nurlan Baxışlı tərəfindən izahatı alınmış Cavabdeh2 xx.xx.2025-ci il tarixli izahatında göstərmişdir ki, 2019-cu ildə atası ünvan 2 ünvanında yerləşən evini 33 min manat xərc çəkərək təmir etdirmiş, təmirdən sonra atası həmin evi kirayəyə vermiş, onun öz evi balaca olduğuna görə atasından həmin evi ona verməsini xahiş etmiş, atası Üzeyir də bağışlama qaydasında həmin evi ona vermişdir. Əri və qayınanası Türkiyə Respublikasında işlədiyinə görə Türkiyədə ev almaq qərarına gəlmiş, atasının ona bağışladığı evi sataraq Türkiyədə ev almaq istəmişdir. Atası Üzeyir həmin evi başqa adama deyil, ona satmağını xahiş etmiş, o da atasından 60000 manat pul istəmiş, atası da bank vasitəsilə ona 60 min manat pul göndərmişdir. O da atasının evi öz adına keçirməsi üçün Türkiyədən ona etibarnamə göndərmiş, etibarnamə göndərməsinə baxmayaraq atası evi öz adına keçirməmişdir. 2024-cü ilin sonlarında atası anasından boşanmaq istədiyini, boşanmaq üçün məhkəməyə müraciət etdiyini demiş, buna görə də atası ilə aralarında narazılıq yaranmışdır. Daha sonra anası onun atasına etibarnamə verdiyi evə köçmüş, xx.xx.2024-cü il tarixdə o, Azərbaycana gəldikdə evlərində atası ona verdiyi etibarnaməni anasının cırdığını və yenidən ona etibarnamə verməsini demiş, o isə anası ilə boşandığına görə etibarnamə verməyəcəyini dediyi üçün atası ilə aralarında söz-söhbət yaranmışdır. - Samux rayon prokurorunun böyük köməkçisi Nurlan Baxışlı tərəfindən izahatı alınmış Cavabdeh1 xx.xx.2025-ci il tarixli izahatında göstərmişdir ki, Üzeyir 2020-ci ildə ünvan 2 ünvanında yerləşən evlərini 33 min manat xərc çəkərək təmir etdirmiş, qızları Gülnarə həmin evi onlardan istəmişdir. Üzeyir də başqa evləri olduğu üçün həmin evi notarial qaydada qızına bağışlamışdır. Daha sonra qızı ailə üzvləri ilə Türkiyə Respublikasında yaşadığı üçün orada ev almaq qərarına gəlmiş və Üzeyirin ona bağışladığı evi satmaq istəmişdir. Onlar da həmin evi təmir etdirdikləri üçün onlara satmasını demiş, qızı Gülnarə də Üzeyirlə razılaşmış, Üzeyir Gülnarəyə 60000 manat pul verdikdən sonra qızı həmin evlə bağlı sənədləşmə aparmaları üçün Üzeyirə etibarnamə vermişdir. Lakin Üzeyir həmin evi adına sənədləşdirməmişdir. 2024-cü ildə yoldaşı ilə aralarında söz-söhbət olduğuna görə boşanmaq qərarına gəlmişlər və o, qızından aldıqları həmin evə köçmüşdür. Bu hadisədən sonra Gülnarənin Üzeyirə verdiyi etibarnaməni cırmış, 2024-cü ilin dekabr ayında qızı Gülnarə Türkiyə Respublikasından Azərbaycana gəldikdə Üzeyir Gülnarənin verdiyi etibarnaməni onun cırdığını və yenidən etibarnamə verməsini xahiş etmiş, qızı Gülnarə isə ona etibarnamə verməyəcyini dediyinə görə aralarında münaqişə baş vermişdir. Samux rayon prokurorunun böyük köməkçisi Nurlan Baxışlı tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı özünü və qızını öldürmək istəməsi barədə verdiyi məlumat əsasında cinayət işi başlanması rədd edilmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında şifahi razılaşmaya əsasən Cavabdeh2 iddiaçının ona bağışladığı Gəncə şəhəri, Ş.Hüseynov küçəsi, ev 15, 23 nömrəli mənzili 60000 manata iddiaçıya satmış və iddiaçının evi öz adına keçirməsi məqsədilə sənədləşdirilmə işlərinin aparılması üçün iddiaçıya etibarnamə vermişdir. İddiaçı iddia etmişdir ki, aralarında olan nikahın pozulması ilə bağlı mübahisəyə görə cavabdehlərdən Cavabdeh1 ona verilmiş etibarnaməni cırdıqdan sonra qızı Cavabdeh2 yeni etibarnamə verməkdən imtina edərək evi ona satmaqdan imtina etmişdir. Evin təmirinə xərclədiyi 33000 manat və evin alqı-satqısı üçün verdiyi 60000 manat pul tutularaq ona ödənilməlidir. Cavabdehlərdən Cavabdeh1 nümayəndəsi iddia tələbinə qarşı etiraz edərək, 60000 manat pulun Cavabdeh1 çatmadığını, həmin evin tərəflərin birgə mülkiyyəti olduğunu və Cavabdeh2 sözügedən evi anasına bağışlasa belə, yenə tərəflərin ümumi birgə mülkiyyəti olmasını və iddiaçının əmlakın bölgüsü tələbi ilə məhkəməyə müraciət etməli olduğu ilə əsaslandırmışdır. Göründüyü kimi, tərəflər arasında mənzilin alqı-satqısı ilə bağlı razılaşma olmuş, cavabdehlərdən Cavabdeh2 iddiaçıdan mübahisələndirilən mənzilə görə 60000 manat məbləğində pul almışdır. Lakin tərəflər arasında olan razılaşma üzrə alqı-satqı müqaviləsi baş tutmadığından iddiaçı cavabdehə verdiyi pulu geri tələb etmiş, cavabdeh isə aldığı 60000 manat pulu qaytarmadığı üçün iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Bunla yanaşı məhkəmə hesab edir ki, tərəflər arasında mənzilin alqı-satqısına dair bağlanmış müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni notariat formada bağlanmadığından onlar arasında bağlanmış razılaşma etibarsızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Bununla belə tərəflər arasında mənzilin alqı-satqısına dair bağlanmış şifahi müqavilə üzrə iddiaçı tərəfindən 60000 manat pulun cavabdehə verilməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapır. Bu halda cavabdehlərdən Cavabdeh2 hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmış hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. MM-in 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla iddiaçı tərəfindən mənzilin alınmasına görə cavabdehə 60000 manat pul verilməsi faktı öz təsdiqini tapmışdır. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, iddiaçı Cavabdeh2 əsassız varlanmış şəxs kimi ona verdiyi pul məbləğini tələb etməkdə haqlıdır. İddia tələbinin Cavabdeh1 münasibətdə məhkəmə qeyd edir ki, mənzilin alqı-satqısı ilə bağlı razılaşma iddiaçı ilə Cavabdeh2 arasında olmuş və mənzilin alınmasına görə 60000 manat pul Cavabdeh2 verilmişdir. Cavabdeh1 pulun tələb olunması üçün hüquqi əsas yoxdur. Evin təmiri üçün xərclənmiş 33000 manat pulun tutulması hissəsinə qiymət verərək məhkəmə hesab edir ki, mənzilin təmir olunmasından sonra tərəflər həmin 60000 manata alqı-satqı ilə bağlı razılaşmışlar. Bununla belə mənzilin təmiri ilə bağlı tərəflər arasında hər hansı razılaşma olmadığından həmin xərcin tələb olunması əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 60000 manat pul alınaraq İddiaçı verilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 270 manat dövlət rüsumu Cavabdeh2 aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 60000 (altmış min) manat pul və 270 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-2123/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2123/2025
24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver