Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2136/2023 01.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Şakir oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «əmlaka vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun idarə etdiyi “Chevrolet Malibu” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə “Avtomotoservis və Ticarət Müəssisəsi”nin xx.xx.2023-cü il tarixli qüsur aktında göstərilmiş 1750 (bir min yeddi yüz əlli) manat dəyərində maddi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, “Chevrolet Malibu” markalı, **- EC-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edir. xx.xx.2022-ci il tarixdə saat 16:55 radələrində vətəndaş Cavabdeh sürücülük hüququ olmadan idarə etdiyi “Toyota Prius” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Gəncə şəhəri, X8 prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsində X5 kobud şəkildə pozaraq onun idarə etdiyi “Chevrolet Malibu” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə çırpılmış və nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsindən sonra vətəndaş Cavabdeh onun avtomobilinə vurduğu maddi zərəri ödəyəcəyinə inandırsa da, avtomobilinə dəymiş maddi zərəri bu günədək ödəməmişdir. xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsində keçirilən məhkəmənin qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs edilmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, Cavabdeh ona məxsus olan “Chevrolet Malibu” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu zərərdən məhkəməyə qədər dövr ərzində heç bir ödəniş etməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2023-cü il tarixli, 9/3471 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə razıdır. Yenidən ekspertiza keçirilməsinə ehtiyac və zərurət yoxdur. Odur ki, iddiaa tələbinin rəyə uyğun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının iclasının təyin olunmasını xahiş etmişdir. Lakin məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram göndərərək, məhkəmədə ailə vəziyyəti ilə bağlı iştirak edə bilməyəcəyini bildirmiş və iş üzrə təkrar ekspertiza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Gəncə “Avtomotoservis və Ticarət Müəssisəsi 9 saylı TXE” tərəfindən verilmiş 31 yanvar 2023-cü il tarixli qüsur aktından görünür ki, qəzaya uğramış vətəndaş İddiaçı məxsus “Chevrolet Malibu” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli, 2016-cı il buraxılışlı avtomobilin ehtiyat hissələrinə 1000 manat, xidmət haqqı olaraq 750 manat olmaqla, sərbəst bazar qiymətlərini nəzərə almaqla, 1750 manat zərər dəymişdir. “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən” X4 İXP ******* nömrəli, 06 fevral 2023-cü il tarixli protokoldan görünür ki, “Toyota Prius (Hibrid)” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən 327.1, 327.2, 332.1, 332.3 halına (hallarına) yol vermişdir. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 332.1-ci, 327.2-ci, 332.3-cü, 332.4-cü maddəsində (maddələrində) nəzərdə tutulmuş inzibati xəta (xətalar) törədilmişdir. Gəncə Şəhər Məhkəməsinin 3(125)-292/2023 nömrəli, 06 fevral 2023-cü il tarixli qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilməsi və Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2, 332.1 və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surətinin Gəncə şəhəri Baş Polis İdarəsinin X9 Şöbəsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh hazırki iddiaya etirazından görünür ki, İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun idarə etdiyi “Chevrolet Malibu” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə “Avtomotoservis və Ticarət Müəssisəsi”nin xx.xx.2023-cü il tarixli qüsur aktında göstərilmiş 1750 (bir min yeddi yüz əlli) manat dəyərində maddi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi iftiralar və şişirdilmiş qiymətlərlə qeyri-peşəkar ekspert tərəfindən tərtib edilmişdir. Hadisə yerində iddiaçı ilə razılaşmalar əldə olunmuşdur ki, zədələnən hissəni yüksək səviyyədə təmir etdirməklə xərcin hamısı onun tərəfindən ödəniləcəkdir. Hətta bir neçə təmir ustalarının yanında olmuşlar və razılaşmalar əldə olunmuşdur. Lakin, bir neçə gün sonra tam əksinə olaraq iddiaçı tərəfindən imtina edilmiş və tamam qanunlara zidd tələblər etməyə başlamışdır. Yəni, 1800 (bir min səkkiz yüz) manat məbləğində nağd şəkildə birdəfəlik ödənişlə pul tələb etmişdir. Yenidən iddiaçının və onun tərəfindən ustalarla məsləhət-məşvərət keçirilməklə, iddiaçının avtomaşınına dəymiş zərərin aradan qaldırılması hesablanmışdır. O da iddiaçıya bildirmişdir ki, avtomaşına dəymiş zərər onun tərəfindən aradan qaldırılmaqla tam hazır əvvəlki kimi təhvil veriləcəkdir. İddiaçı isə şişirdilmiş qiymətlərlə dolayısı yolla əsassız pul əldə etmək məqsədilə 1800 AZN pul tələb etmişdir. Mülki-Prosessual Məcəllənin tələblərinə əsasən iddiaçı öz iddiasını sübut etməlidir. “Avtomotoservis və ticarət Müəssisəsi” xx.xx.2023-cü il tarixli qüsur aktında göstərilmiş 1750 (bir min yeddi yüz əlli) AZN dəyərində zərərin ödənilməsində heç bir əsaslar yoxdur. Qiymətlər fantastik şəkildə şişirdilmişdir. Tələb olunan məbləğ “Avtomotoservis və ticarət Müəssisəsi” xx.xx.2023-cü il tarixli qüsur aktında göstərilmiş 1750 (bir min yeddi yüz əlli) AZN dəyərində zərərin necə təyin edilməsi hansı tələblər və qiymətlər əsasında olduğu barədə qeydlər yoxdur. Hər bir avtomaşının buraxılış ilinə görə amortizasiya xərcləri olur, iddia ərizəsində avtomaşının buraxılış ili göstərilməmişdir. Cəmi iki detala yüngül xəsarət dəydiyi halda və həmin hissələrdə tam yüksək səviyyədə təmir restavrasiya oluna biləcəyi halda, fantastik rəqəm olan 1750 AZN məbləğində tələb absurddur. Bu səbəbdən də iddia ərizəsinə etirazını bildirmiş və iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2023-cü il tarixli, 9/3471 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Gəncə avtomotoservis və 9 saylı ticarət müəssisəsi” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı “Chevrolet Malibu” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1500 manat müəyyən edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2022-ci il tarixində saat 16:55 radələrində Cavabdeh idarə etdiyi “Toyota Prius” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş, İddiaçı məxsus “Chevrolet Malibu” markalı, **- EC-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmış və nəticədə İddiaçı məxsus “Chevrolet Malibu” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Yol nəqliyyat hadisəsi zamanı DYŞ əməkdaşları tərəfindən “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən” X4 İXP ******* nömrəli, 06 fevral 2023-cü il tarixli protokolda “Toyota Prius (Hibrid)” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən 327.1, 327.2, 332.1, 332.3 halına (hallarına) yol verildiyi və nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 332.1-ci, 327.2-ci, 332.3-cü, 332.4-cü maddəsində (maddələrində) nəzərdə tutulmuş inzibati xəta (xətalar) törədilməsi qeyd edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 3(125)-292/2023 nömrəli, 06 fevral 2023-cü il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilməsi qərara alınmışdır. Cavabdeh dəymiş ziyanı ödəmədiyi üçün hazırki iddia ilə iddiaçı məhkəməyə müraciət etmişdir. İddiaçı idarə etdiyi “Chevrolet Malibu” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə “Avtomotoservis və Ticarət Müəssisəsi”nin xx.xx.2023-cü il tarixli qüsur aktında göstərilmiş 1750 (bir min yeddi yüz əlli) manat dəyərində maddi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Cavabdeh ona məxsus olan “Chevrolet Malibu” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu zərərdən məhkəməyə qədər dövr ərzində heç bir ödəniş etmədiyini, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2023-cü il tarixli, 9/3471 nömrəli məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi ilə razı olduğunu və yenidən ekspertiza keçirilməsinə ehtiyac və zərurət olmadığını bildirərək, iddiaa tələbinin rəyə uyğun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsini xahiş etmiş və bu məqsədlə məhkəmə tərəfindən həmin ekspertizanın təyin olunması barədə qərardad çıxarılmışdır. Rəydə “Gəncə avtomotoservis və 9 saylı ticarət müəssisəsi” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı “Chevrolet Malibu” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1500 manat müəyyən edilməsi qeyd olunmuşdur. Lakin məhkəmənin sonrakı çağırışlarına cavabdeh gəlməmiş, lakin məhkəməyə teleqram göndərərək, məhkəmədə ailə vəziyyəti ilə bağlı iştirak edə bilməyəcəyini bildirmiş və yenidən Mərkəzi Bankın mütəxəssislərinin iştirakı ilə təkrar ekspertiza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Lakin cavabdehin həmin vəsatəti əsassız olduğundan rədd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia tələbinin hüquqi əsasını mülki hüquq pozuntusu təşkil etdiyindən bununla bağlı mülki qanunvericiliyin maddi hüquq normaları tətbiq olunmaqla mübahisə həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsinin idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.3-cü maddəsinin tələblərinə görə, yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud tələbin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya qarşı delikt-mülki hüquq pozuntusu törətməsi işin mübahisəsiz halıdır. Eyni zamanda iddiaçının cavabdehə qarşı mövcud tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüququ da yaranmışdır. Bu baxımdan məhkəmə prosessual qənaət prinsipindən istifadə edərək həmin məsələlərlə bağlı hüquqi dəyərləndirmə aparılmasını lazım bilmir. Lakin iddianın vurulmuş maddi zərərlə bağlı hissəsi ilə bağlı məhkəmənin qənaəti ondan ibarətdir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı onun avtomobilinə dəymiş maddi zərərlə bağlı 1750 (bir min yeddi yüz əlli) manat məbləğ tələb etməsinə və Gəncə “Avtomotoservis və Ticarət Müəssisəsi 9 saylı TXE” tərəfindən verilmiş 31 yanvar 2023-cü il tarixli qüsur aktında “Chevrolet Malibu” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli, 2016-cı il buraxılışlı avtomobilin ehtiyat hissələrinə 1000 manat, xidmət haqqı olaraq 750 manat olmaqla, sərbəst bazar qiymətlərini nəzərə almaqla, 1750 manat zərər dəyməsi qeyd olunmasına baxmayaraq, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza zamanı iddiaçının avtomobilinə dəyən ziyan məbləği 1500 (bir min beş yüz) manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya məxsus avtomobilə vurulmuş ziyanla bağlı heç bir ödəniş edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, vurulan ziyanın məbləği Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2023-cü il tarixli, 9/3471 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində müəyyən olunan həddə qiymətləndirilməli və ekspert rəyində müəyyən olunan həddə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin Cavabdeh yenidən Mərkəzi Bankın mütəxəssislərinin iştirakı ilə ekspertiza keçirilməsi barədə xahişinə qiymət verərək qeyd edir ki, iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizası cavabdehin vəsatəti əsasında keçirilmiş və müvafiq rəy alınmışdır. Həmin rəy işin hallarına uyğun olmaqla məhkəmə tərəfindən sübut növü kimi qəbul olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə, məhz bu səbəbdən cavabdehin Mərkəzi Bankın mütəxəssislərinin iştirakı yenidən ekspertiza keçirilməsi barədə xahişini əsassız xahiş kimi nəzərə almaqla, buna zərurət olmadığını qənaətinə gəlir. Başqa sözlə yenidən Mərkəzi Bankın mütəxəssislərinin iştirakı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə zərurət olmamaqla yanaşı buna dair cavabdeh tərəfindən məhkəməyə əsaslı sübut təqdim etilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin həmin vəsatəti işə baxılmasının yersiz uzadılmasına nail olmağa yönəlmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğində yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş maddi zərərin əvəzinin ödənilməsi alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və iddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 37,50 (otuz yeddi manat əlli qəpik) manat dövlət rüsumunun 35 (otuz beş) manat hissəsi Cavabdeh aid edilməli və ondan alınaraq İddiaçı ödənilməlidir. İddia tələbi qismən təmin edildiyindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası cavabdehin vəsatətinə əsasən təyin olunduğu üçün məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün ödənilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq, AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1500 (bir min beş yüz) manat yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş maddi zərərin əvəzinin ödənilməsi və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 35 (otuz beş) manatı tutularaq, İddiaçı ödənilsin. Məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Məhkəmə xərci qismində iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq, X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-2136/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2136/2023
01.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver