Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2145/2022 02.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Tahir oğlunun sədrliyi, Səfərova Leyla Firdovsi qızının katibliyi, iddiaçı X2 və Cavabdeh iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3700 (üç min yeddi yüz) manat əsas borcun, 555 (beş yüz əlli beş ) manat faiz borcu, 110 (bir yüz on) manat hüquqi yardım üçün ödədiyi pulun və 60 (altmış) manat dövlət rüsumunun alınıb xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Gəncə Univermağında onun icarəyə götürdüyü bölmədə satıcı işləmişdir. Belə ki, cavabdeh ona məxsus olan gümüş-zinət əşyalarını satmışdır. Təxminən üç il birgə işləmişlər. Daha sonralar xx.xx.2019-cu il tarixdə o artıq yorulduğunu, işləmək istəmədiyini Cavabdeh bildirmiş və mağazanı bağlamaq istədiyini bildirmişdir. Həmin vaxt Cavabdeh gümüş əşyalarını ona satmasını təklif etmiş və o da razılaşmış, ona məxsus 7000 (yeddi min) manatlıq gümüşzinət əşyalarını cavabdehə satmışdır. Cavabdeh ona 3000 (üç min) manat pul vermiş və qalan məbləği bir ay müddətində verəcəyi barədə öhdəlik götürmüşdür.O isə bunla razılaşmışdır. Bundan sonra xx.xx.2019-cu il tarixdə cavabdeh ona cəmi 300 manat pul vermiş, qalan 3700 (üç min yeddi yüz) manat məbləğini isə hazırkı vaxta qədər dəfələrlə tələb etməsinə baxmayaraq ödəməmişdir. Məcbur olub bu barədə polis orqanlarına müraciət etdikdə, cavabdeh izahat yazaraq guya 7000 manatlıq gümüş əşyalarını ondan alarkən satıb sonra xırda-xırda ödəyəcəyi barədə razılaşmaları olduğunu və guya ona 3500 manat ödədiyini bildirmişdir. Belə ki, cavabdeh öz xətti ilə 2019-cu ilin dekabr ayının 15-də yazmışdır ki, “Mən Cavabdeh 7 min manat dəyərində gümüş almışam. Adıgözəlova Elyanora xanımdan. Həmin pulun 3300 manatını vermişəm. Yerdə qalan pulun 1700 manatını xx.xx.2020-ci il tarixədək verəcəm. Qalan 2000 manat pulu isə mart ayında verəcəm.” Lakin həmin vaxtdan dəfələrlə cavabdehlə əlaqə saxlayıb pulunu və ya pulu ödəyə bilmirsə malını tələb etmiş, cavabdeh nə pulu, nə də malını verməmişdir. O, cavabdehin hərəkətlərində dələduzluq olmasını hesab edib Kəpəz rayon Polis İdarəsini müraciət etmiş, orada araşdırılma aparılaraq məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı X3 iddia ərizəsinin məzmununa uyğun çıxış edərək göstərdi ki, cavabdehin polis orqanında verdiyi izahatında ona 3500 manat ödəniş etməsi və bundan başqa 1000 manat ödəniş etməsi barədə göstərdikləri həqiqətə uyğun deildir. Cavabdeh yalnız ona 3300 manat ödəniş etmiş və bundan sonra yazılı surətdə verdiyi qəbzdə ona 3700 manat borcu qaldığını və bundan da 1700 manatını xx.xx.2020-ci il tarixədək, qalan 2000 manatını isə həmin ilin mart ayında qaytaracağına söz vermiş, lakin heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, cəmi 2700 manat borcu qalmışdır. Belə ki, gümüş əşyalarını satıb icarə haqqını ödəmişdir. Qəbzi yazdıqdan sonra hissə-hissə 1000 manat ödəniş etmişdir. Lakin bununla bağlı sübutu yoxdur. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Qəbzdən görünür ki, Cavabdeh X1 7 min manat dəyərində gümüş aldığını, həmin pulun 3 min 3 yüz manatını ödədiyini, yerdə qalan pulun 1700 manatını xx.xx.2020-ci il tarixədək, qalan 2000 manat pulu isə mart ayında ödəyəcəyini öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, hüquqi xidmətin göstərilməsinə dair müqavilə üzrə Gəncə şəhər 1 saylı Vəkil Bürosuna 110 manat ödəniş edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 598.1-ci maddəsinə görə əgər alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; MM-in 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; MM-in 601-ci maddəsinin tələbinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi tərəflər arasında alqı satqı müqaviləsi bağlanmış və cavabdeh iddiaçıdan hissə-hissə ödəmək şərti ilə 7000 manat dəyərində gümüş əşyalarını almışdır. Cavabdehin özü tərəfindən də göstərilən məbləğdə iddiaçıdan gümüş əşyalarını alması etiraf edilmişdir. Lakin cavabdeh borcun etirafı barədə verdiyi qəbzdən sonra iddiaçıya 1000 manat da ödədiyini göstərsə də öz etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdeh müqavilə üzrə öhdəliyi vaxtında icra etmədiyi üçün borcu yaranmışdır. Belə olan halda 3700 manat öənilməmiş məbləğ cavabdehdən alınaraq iddiaçı X2 xeyrinə ödənilməlidir. İddia tələbinin 555 manat faiz borcunun tutulmasına gəldikdə məhkəmə hesab edir ki, iddiaçı həmin məbləğin hansı müddətdən və hansı qaydada hesablanmasını əsaslandırmadığından iddia tələbi həmin hissədə təmin olunmamalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 60 manat dövlət rüsumu və 110 manat hüquqi yardım üçün çəkilən xərc cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3700 (üç min yeddi yüz) manat pul, 110 (bir yüz on) manat hüquqi yardıma görə çəkilən xərc və dövlət rüsumunun əvəzi olaraq 60 (altmış) manat alınaraq X2 xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X8
Məhkəmə qərarları › İş №2(125)-2145/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2145/2022
02.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver