Məhkəmə qərarları › İş №2(125)-2148/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2148/2022

01.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2148/2022 01.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2 Fərhad qızı və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Fərhad qızı, Cavabdeh3 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 Fərhad qızı, Cavabdeh3 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMC-nin işçiləri yəni Cavabdeh1, Cavabdeh2 Fərhad qızı və Cavabdeh3 10000 (on min) manat və ödədiyi dövlət rüsumu 120 (bir yüz iyirmi) manat pulun tutulub ona ödənilmsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, evini xx.xx.2022-ci ildə satmış və məqsədi əldə etdiyi vəsaitlə özünə məxsus yarımçıq tikilini təmir edərək ora köçmək olmuşdur. Bu sahədə təcrübəsi olmadığı və xəstə olduğundan Gəncə şəhəri “Şans” Tibb Mərkəzinin qarşısında, “Dəniz İnşaat” mağazasının sol tərəfində yerləşən "xxxx" MMC-yə müraciət etmişdir. Belə ki, binanın giriş hissəsində şirkət tərəfindən təmir, tikinti və bu sahədə digər xidmətlər göstərilməsi ilə bağlı böyük reklam lövhələri yerləşdirilmişdir. O, binaya daxil olanda onu şirkətin əməkdaşları Lalə (sonra bilmişdir ki, bu xanım Cavabdeh2dır və "xxxx" MMC-nin müdirəsidir) və Gülnar (sonra bilmişdir ki, bu xanım Cavabdeh3dır və "xxxx" MMC-nin xəzinədarıdır) adlı xanımlar çox xoş münasibətlə qarşılamışlar. Onlar onun məqsədini öyrəndikdə, tam düz ünvana gəldiyini bildirmişlər. Lalə və Gülnar şirkətin çox geniş imkanlarının olduğunu və ona yüksək səviyyədə xidmət göstəriləcəyini bildirmişlər. Daha sonra Lalə “Asum İnşaat" MMC-nin direktoru Yalçın adlı şəxsə zəng etmiş və bir qədər sonra Yalçın ofisə gələrək ona əməkdaşların dediklərini bir daha təkrar etmişdir. Yalçın tikiliyə baxmaq istədiyini bildirmiş və onlar ona məxsus yarımçıq tikili olan əraziyə getmişlər. Yalçın tikiliyə baxaraq ölçmə içləri aparmış və bildirmişdir ki, 26000 (iyirmi altı min) manata evi tam təmir edərək təhvil verəcəkdir. Daha sonra Yalçın bununla bağlı notarial qaydada müqavilə bağlanılmalı olduğunu bildirmiş və onlar Gəncə şəhər 6 saylı notarial ofisinə gedərək xx.xx.2022-ci il tarixli tikinti üçün podrat müqaviləsi - sazişi bağlamışlar. Sazişə əsasən o, ilkin olaraq "xxxx" MMC-yə 10000 (on min) manat, iş bitdikdən sonra qalan 16000 (on altı) manatı ödəməli idi. Daha sonra onlar şirkətin ofisinə gəlmişlər. Burada onlar, "xxxx" MMC-nin direktoru Cavabdeh1, "Asum İnşaat” MMC-nin müdirəsi Cavabdeh2 və o, Xidmət müqaviləsi bağlayaraq imzalarını müqaviləyə atmışlar. Müqavilənin 2-ci bəndinə əsasən o, ilkin ödənişi şirkətin bank hesabına və ya şirkət tərəfindən təsdiq edilmiş "Kassa mədaxil orderi" üzrə etməli idi. O, ilkin ödəniş məbləği 10000 (on min) manatı sayaraq şirkətin direktoru Cavabdeh1 və xəzinədarı Cavabdeh3 vermişdir. Onlar şirkət tərəfindən təsdiq edilmiş, direktor Cavabdeh1 və xəzinədar Cavabdeh3 imzası olan və şirkətin möhürü vurulmuş 10000 (on min) manat məbləğin şirkətə ödənildiyini təsdiq edən xx.xx.2022-ci il tarixli “Kassa mədaxil orderi”ni təqdim etmişlər. Ona verilmiş müştəri müqaviləsinə 1 saylı əlavəyə əsasən şirkət təmir işlərinə xx.xx.2022-ci il tarixdə başlamalı, işləri xx.xx.2022-ci il tarixdə yekunlaşdıraraq ona hazır evi təhvil verməli idilər. Ancaq nəinki xx.xx.2022-ci il tarixdə digər günlərdə də, şirkət tərəfindən heç bir iş görülməmişdir. O, bununla bağlı Yalçın və Lalə ilə dəfələrlə telefon əlaqəsi yaratsa da, onlar hər dəfə bir bəhanə gətirmişlər. O, demək olar ki, gündəlik olaraq şirkətin ofisinə getmiş və orada olan Cavabdeh2, Cavabdeh3 və Leyla adlı xanım iş görməməklərinə müxtəlif bəhanələr gətirərək onu aldatmaqla məşğul olmuşlar. Təxminən iyun ayının ortalarında şirkət Gəncə şəhəri “Şans” Tibb Mərkəzinin qarşısında kirayələdiyi ofisdən çıxmış, ofisin bütün avadanlıqları və sənədləri Leylanın evinə aparılmışdır. Məhz onlar evin açarını da Leylanın evinə gedərək götürmüşlər. Daha sonra o, Yalçınla bir neçə dəfə şirkətin əməkdaşı olan Murad adlı şəxsdəki nömrəsi ilə əlaqə saxlaya bilmişdir. Artıq 2 aydır ki, o, Yalçınla əlaqə saxlaya bilmir (Cavabdeh2, Lalə və Muradın sözlərinə görə Yalçın Bakı şəhərindədir). Cavabdeh1 Cavabdeh2, Cavabdeh3, Leyla ilə əlbir olaraq, fırıldaqçılıqla ondan 10000 (on min) manat almış, onun xəstə vəziyyətindən istifadə edərək, etibarına girərək onu əlacsız vəziyyətə salmışlar. O, hazırda çıxılmaz vəziyyətdədir, belə ki, evi satdığı şəxsdən aldığı möhlətin vaxtı bitmiş, o, evdən çıxaraq kirayədə qalmağa məcbur olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 Fərhad qızı iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, o, "xxxx" MMC-də 10 iyun 2022-ci il tarixədək müdirə vəzifəsində işləmişdir. Şirkətin fəaliyyəti podrat müqaviləsi əsasında ona müraciət edən şəxslərə muzd əsasında tikinti və təmir işləri görməkdən ibarət olmuşdur. İddiaçı Cavabdeh1 ilə birlikdə bu məqsədlə podrat müqaviləsi bağlamışlar. Müqaviləyə uyğun olaraq Cavabdeh1 şəxsən Aygün Cəfərovadan 10000 manat pul almışdır. Buna baxmayaraq Yalçın Aygünə söz verdiyi işi görməyərək onu aldatmışdır. O, yalçının insanları aldatmasını görüb ərizə yazaraq işdən çıxmışdır. O, Aygünlə arasında bağlanan xidmət müqaviləsini Yalçının tələbinə əsasən boş kağıza imza atmışdır. Onun və Gülnarın bu işdə təqsiri yoxdur. Odur ki, iddia tələbinin ona münasibətdə təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, o, "xxxx" MMC-də 10 iyun 2022-ci il tarixədək xəzinədar vəzifəsində işləmişdir. Şirkətin fəaliyyəti podrat müqaviləsi əsasında ona müraciət edən şəxslərə muzd əsasında tikinti və təmir işləri görməkdən ibarət olmuşdur. İddiaçı Cavabdeh1 ilə birlikdə bu məqsədlə podrat müqaviləsi bağlamışlar. Müqaviləyə uyğun olaraq Cavabdeh1 şəxsən Aygün Cəfərovadan 10000 manat pul almışdır. Həmin pul ona verilməsə də Yalçının tələbinə əsasən o bu barədə İddiaçı müvafiq kassa mədaxil orderi yazmışdır. Buna baxmayaraq Yalçın Aygünə söz verdiyi işi görməyərək onu aldatmışdır. O, Yalçının insanları aldatmasını görüb ərizə yazaraq işdən çıxmışdır. Onun və Lalənin bu işdə təqsiri yoxdur. Odur ki, iddia tələbinin ona münasibətdə təmin edilməməsini məhkəmədən xahiş edir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını,dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş tikinti üçün podrat müqaviləsindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında Gəncə şəhər 6 saylı notarial ofisində tikinti üçün podrat müqaviləsi bağlanmışdır. Sazişə əsasən İddiaçı ilkin olaraq "xxxx" MMC-yə 10000 (on min) manat, iş bitdikdən sonra qalan 16000 (on altı) manatı ödəməlidir. "xxxx" MMC-nin Müştəri Müqaviləsinə 1 saylı əlavədən görünür ki, müştəri İddiaçı "xxxx" MMC-yə 10000 (on min) manat ödəniş etmişdir. xx.xx.2022-ci il tarixli Cavabdeh1, İddiaçı və Cavabdeh2 Fərhad qızı tərəfindən imzalanmış Xidmət müqaviləsinə əsasən İddiaçı müqavilənin 2-ci bəndinə əsasən ilkin ödənişi şirkətin bank hesabına və ya şirkət tərəfindən təsdiq edilmiş "Kassa mədaxil orderi" üzrə etməlidir. xx.xx.2022-ci il tarixli "Kassa mədaxil orderi"ndən görünür ki, İddiaçı "xxxx" MMC-yə 10000 (on min) manat ödəmişdir. xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, qeyd olunan fakt üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci (əməldə cinayət tərkibi olmadıqda) rədd edilmiş və İddiaçı "xxxx" MMC-nin direktoru Cavabdeh1 barəsində mülki qaydada məhkəmədə mülki iddia qaldırmaq hüquqlarının olması izah edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına təminat verilir. Konstitusiyanın göstərilən müddəalarına müvafiq olaraq hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusu müəyyənləşdirilərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi hallar istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin olmasını tələb edir. Mülki Məcəllənin 389.1-ci maddəsində isə müqavilənin anlayışı açıqlanaraq göstərilir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Mülki qanunvericiliyə müvafiq olaraq müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar. Mülki qanunvericilik bu azadlığı mülki dövriyyə iştirakçılarına təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli Qərarı). Qeyd olunmalıdır ki, müqavilə azadlığı prinsipi ilə yanaşı, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də “müqavilələr icra olunmalıdır (pacta sunt servanda)” prinsipidir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmaları Mülki Məcəllənin 5.3-cü maddəsində təsbit edilmişdir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsində isə öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan podrat müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığına əsaslanır. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Mülki Məcəllənin 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Mülki Məcəllənin 759.2-ci maddəsinə görə, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir. İşin məhkəmə iclasında müəyyən olunmuş faktiki halı bundan ibarətdir ki, İddiaçı özünə məxsus torpaqda təmir tikinti işlərinin aparılması üçün "xxxx" MMC-yə müraciət etmişdir. Bu məqsədlə "xxxx" MMC-nin direktoru Cavabdeh1 ilə İddiaçı arasında Gəncə şəhər 6 saylı notarial ofisində xx.xx.2022-ci il tarixli, tikinti üçün podrat müqaviləsi bağlanmış və bu məqsədlə İddiaçı Cavabdeh1 şəxsən 10000 manat pul vermişdir. Cavabdeh1 10000 (on min) manat pulu alsa da, müqavilə üzrə vəd etdiyi işi görməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə Gəncə şəhər 6 saylı notarial ofisində tikinti üçün podrat müqaviləsi bağlanmış bununla da tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Sazişə əsasən İddiaçı "xxxx" MMC-yə 10000 (on min) manat, iş bitdikdən sonra qalan 16000 (on altı) manatı ödəməli olmuş və İddiaçı ilkin olaraq 10000 (on min) manatı "xxxx" MMC-nin direktoru Cavabdeh1 vermişdir. Bu baxımdan iddiaçının hazırki iddiası Cavabdeh1 münasibətdə əsaslıdır. Digər tərəfdən məhkəmə həmçinin hesab edir ki, iş üzrə digər cavabdehlər Cavabdeh2 Fərhad qızı və Cavabdeh3 hazırki iş üzrə müqavilə tərəfi olmadıqlarından və iddiaçı tərəfindən ödənilmiş 10000 (on min) manat pul Cavabdeh2 Fərhad qızı və Cavabdeh3 verilmədiyindən iddia tələbi onlara münasibətdə təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud tələbin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfində iddia ərizəsinin məhkəməyə veriməsi üçün 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia tələbinin təmin edilmiş hissəsi nəzərə alınmaqla, ödənilmiş 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh1 alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 10000 (on min) manat məbləğində pul İddiaçı ödənilməli, iddia tələbi Cavabdeh2 Fərhad qızı və Cavabdeh3 münasibətdə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 300 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh1 10000 (on min) manat və məhkəmə xərci (dövlət rüsumu) qismində 120 (bir yüz iyirmi) manat tutularaq, İddiaçı ödənilsin. İddia tələbi digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 Fərhad qızına münasibətdə əsassız olduğundan rədd edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar