Məhkəmə qərarları › İş №2(125)-217/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-217/2024

30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-217/2024 30.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Cavabdeh Rafik oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Rafik oğluna qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh Rafik oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona verdiyi “VAZ-21074” markalı “**-UU-***” dövlət qeydiyyat nişanlı avtomobilin alınması və maşının istifadəsi ilə bağlı iyun ayının 1-dən indiyə kimi ödənilməmiş 1404 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdeh ilə 02 fevral 2023-cü ildə razılığa gəlmişlər ki, cavabdeh, 24 ay ərzində hər ay ona 376 manat pul ödəyəcək, sonda, yəni 24 aydan sonra maşın ona qalacaqdır. Cavabdeh 3 ay ona 1106 manat pul ödəməkdən imtina etmişdir. O, maşını da qaytarmır. Cavabdehdən maşının alınıb ona qaytarılması ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin X2 şöbəsinə müraciət etmişdir. Oradan cavab vermişlər ki, maşını xətdə müəyyən etmək mümkün deyildir. Bu onu göstərir ki, cavabdeh nə maşınını, nə də pulunu vermək istəmir. Cavabdeh ona 3 aylıq pulunu verib sentyabr ayına kimi. May, iyun, iyul, avqust ayının pulunu verməmişdir. O, bu müddət ərzində maşından istifadə etmişdir. Ona görə də 4 aylıq pulu 376 manat, cəmi 1404 manat pulun cavabdehdən tutulub ona ödənilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaya etiraz edərək, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş, iddiaçının təmsilçisi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasın onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, cavabdehi dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən, “VAZ-21074” markalı, “**-UU-***” dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, etibarnaməsinin müddəti bitmiş və qanunsuz idarə olunan «VAZ 2107» markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobillərin saxlanılması barədə şöbəmizin şəxsi heyəti təlimatlandırılmış, onun xətdə saxlanılmasını təmin etmək məqsədilə, Gəncə şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidmətinə rəsmi məktub göndərilmiş, lakin həmin avtomobili xətdə müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixli, 3251 saylı məktuba cavab olaraq bildiririk ki, “VAZ-2107” markalı, **-UU-*** d.q.n-lı avtomobil xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır və hal-hazırda qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 X1 «Asan Xidmət» Mərkəzinin Notariat Ofisinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Elektron Notariat Avtomatlaşdırılmış İnformasiya Sistemində axtarış zamanı xx.xx.2023-cü il tarixində Gəncə şəhər 3 saylı notariat ofisində 7E-1464 reyestri ilə tərtib edilmiş **-UU- *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair etibarnaməni xx.xx.2023-cü il tarixində Gəncə şəhər 6 saylı notariat ofisində ləğvinə dair məlumat aşkar edilmişdir. İş materiallarında olan, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, VAZ-2107 markalı **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobili satın almaq üçün 3500 manat ilkin ödəniş etmişdir. Lakin avtomobil Əliyev İddiaçı adına alınıb. Daha sonra aralarında olan şifahi razılığa əsasən 24 ay müddətinə, hər ay 376 manat ödəniş etməyi, sonda avtomobilin onun adına rəsmiləşdirəcəyini bildirmişdir. Həmin avtomobil hal-hazırda ondadır. Avtomobil üçün 3 ay 376 manat ödəniş etmişdir. İstifadə etdiyi dövr üçün qarşılıqlı razılıq əsasında pul məbləğinin ilkin ödənişin 3500 manatdan çıxılaraq, qalan məbləğin ona qaytarılması qarşısında avtomobili İddiaçı qaytarmağa razıdır. İstifasəndə olduğu halda ödəniş etmədiyi aylar üçün hesablanacaq məbləğin 376 manat olaraq müəyyən edilməsinə razı deyil. Fərid tərəfindən etibarnamə ləğv edildiyi üçün avtomobili hal-hazırda istifadə edə bilmir. Hazırkı iş üzrə iddiaçı cavabdehdən mübahisəli avtomobilin alınaraq təhvil verilməsini və maşının istifadəsinə görə pulun tutulmasını xahiş etmişdir. Məhkəmə tələbin mübahisəli avtomobilin alınaraq təhvil verilməsinə dair hissəsinə münasibətdə bildirir ki, tərəflər mübahisəli avtomobilin hissə-hissə ödənilməsi qaydasında nisyə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılıq əldə etmiş, lakin bu razılıq rəsmi reyestrdə qeydiyyata alınmamışdır, belə olan halda mülki qanunvericiliyin tələbləri pozulmaqla bağlandığı üçün həmin əqd etibarsızdır. Bundan başqa, mübahisəli avtomobilə dair səlahiyyətlərin xx.xx.2023-cü il tarixdə cavabdehə verildiyi etibarnamə xx.xx.2023-cü il tarixində iddiaçı tərəfindən ləğv edilmişdir. Beləliklə, iddiaçının mülkiyyətində olan əmlakın cavabdehin sahibliyi və istifadəsində olması üçün qanuni əsaslar müəyyən edilmədiyindən, iddia həmin hissədə təmin edilərək, mübahisəli avtomobil cavabdehdən alınaraq iddiaçıya təhvil verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.

647. Alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir.

650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Məhkəmə tələbin maşının istifadəsinə görə pulun tutulmasına dair hissəsinə münasibətdə qeyd edir ki, tərəflər hər ay 376 manat ödəmək şərtilə 24 ay müddətin sonunda mübahisəli avtomobilin cavabdehin mülkiyyətinə keçməsinə dair şifahi razılıq əldə etmiş, bu razılaşma nəticəsində mübahisəli avtomobilə dair iddiaçı tərəfindən cavabdehin adına xx.xx.2023-cü il tarixdə etibarnamə verilmiş, cavabdeh tərəfindən ilk 3 ay ödəniş edilmiş və daha sonra ödəniş edilməmiş, qeyd edilən etibarnamə iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə ləğv edilmişdir. Beləliklə, ödənişlər başa çatdırıldıqdan sonra cavabdehin mülkiyyətinə veriləcəyinə dair razılıq əsasında iddiaçı mübahisəli avtomobili cavabdehin sahiblik və istifadəsinə vermiş, lakin cavabdeh 3 aydan sonra ödənişi dayandırmış, buna baxmayaraq avtomobili istifadə etməkdə davam etmiş, beləliklə, cavabdeh öz üzərinə düşmüş öhdəliyi lazımınca yerinə yetirmədiyindən istifadə əsası sonradan aradan qalxmışdır. Buna görə cavabdeh mübahisəli avtomobili razılaşdırılmış ödənişləri həyata keçirmədən istifadə etməklə əsassız olaraq varlandığı dövr üzrə ödənişləri məhrum olan iddiaçının tələbi ilə qaytarmalıdır. Bununla yanaşı, qaytarma tələbini istisna edən qanunvericiliklə nəzərdə tutulmuş aşkar edilməmişdir. Belə olan halda, mübahisəli avtomobilin istifadəsi üçün aylıq 376 manat ödənilməli olmasını nəzərə alaraq, həmin məbləğin bir ayı təşkil edən 30 günə nisbətini hesablamaqla (376:30=12.53) bir gün üçün ödənilməli olan məbləğ 12.53 manat müəyyən olunur. Belə olan halda, mübahisəli avtomobilin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək cavabdehin qanuni sahiblik və istifadəsində olduğunu və ilk 3 ay üçün ödəniş edildiyini nəzərə alaraq (xx.xx.2023-xx.xx.2023, xx.xx.2023-xx.xx.2023, xx.xx.2023xx.xx.2023), etibarnamənin ləğv edildiyi tarixədək cavabdeh tərəfindən ödəniş edilməyən qalan hər ay üçün (xx.xx.2023-xx.xx.2023 və xx.xx.2023-xx.xx.2023) razılaşdırılmış aylıq məbləğlərin cəmi (376+376=752) olaraq 752 manat müəyyən edilməlidir. Habelə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (27-4=23) hər gün üçün 12.53 manatdan hesablamaqla (23x12.53=288.19) cəmi məbləğ 288.19 manat müəyyən edilməlidir. Nəticədə, mübahisəli avtomobilin qanuni sahiblik və istifadəsində olduğu, lakin ödəniş edilmədiyi 2 ay və 23 gün üzrə ödənişlərin cəmi (752+288.19=1040.19) hesablanmaqla 1040.19 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, adına verilmiş etibarnamə ləğv edildikdən sonra mübahisəli avtomobil cavabdehin sahibliyində olsa da, qanuni əsaslar olmadığından istifadəni hıyata keçirə bilmədiyindən, həmin istifadəni həyata keçirə bilmədiyi dövr üzrə pulun tutulması və (ya) iddiaçının tələb etdiyi qalan pul məbləğinin tutulması üçün qanuni əsaslar müəyyən edilməmişdir, ona görə iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. Beləliklə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Rafik oğlundan “VAZ-21074” markalı, “**-UU-***” dövlət qeydiyyat nişanlı avtomobil alınaraq İddiaçı təhvil verilsin. Cavabdeh Rafik oğlundan 1040 (min qırx) manat 19 (on doqquz) qəpik pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar