Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2170/2022 05.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ödənilməmiş əsas borcun əvəzi qismində 10.000 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ödənilməmiş əsas borcun əvəzi qismində 10.000 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmədə iddianı müdafiə edərək, bildirdi ki, İddiaçı 28 oktyabr 2021-ci il tarixdə Cavabdeh 6 ay müddətində qaytarmaq şərti ilə 10.000 ABŞ dolları məbləğində pul vəsaitini borc olaraq vermişdir. Bununla bağlı Cavabdeh öz xətti ilə qəbz yazaraq onu imzalamışdır. Həmin qəbzdə cavabdeh göstərmişdir ki, borcu ödəmədiyi təqdirdə ona məxsus olan mərasim xidmət sexini iddiaçının adına qeydiyyata keçirəcəkdir. Cavabdeh hazırki tarixədək borcunu ödəməmiş və öz öhdəliklərini icra etməmişdir. 21 sentyabr 2022-ci il tarixdə Cavabdeh yazılı qəbz təqdim edərək İddiaçı ona 2 ay müddətinə möhlət verməsini xahiş etmişdir. Lakin həmin müddət artıq sona çatmışdır, cavabdeh isə 10.000 ABŞ dolları məbləğində borcunu İddiaçı ödəməmişdir. Buna görə də İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda Nümayəndə iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən verilmiş 28 oktyabr 2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 10.000 ABŞ dolları məbləğində pul vəsaitini 6 ay müddətinə qaytarmaq şərti ilə borc götürmüşdür. Borcu qaytarmayacağı təqdirdə ona məxsus olan mərasim xidmət sexini İddiaçı adına qeydiyyatdan keçirmək öhdəliyini öz üzərinə götürmüşdür. İşdə olan Cavabdeh tərəfindən verilmiş 21 sentyabr 2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 8.000 ABŞ dolları məbləğində borcu qaldığını etiraf etmiş və ona 2 ay müddətinə borcu tam ödəmək üçün möhlət verilməsini xahiş etmişdir. İş materiallarında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi idarəsinin məktubundan görünür ki, Göygöl rayon notariat kontorunun 05 may 2014-cü il tarixli 4Ə/1-69 saylı alqı-satqı müqaviləsinə əsasən X1 ona məxsus ünvan 1 ünvanda yerləşən əmlak kompleksini Cavabdeh satmışdır. Cavabdeh bu əmlaka (istifadədə olan 0.0323 ha torpaq sahəsində yerləşən tikili “A”-da 34.0 kv.m ümumi sahəli inzibati bina, tikili “B”-də 24.0 kv.m ümumi sahəli istehsal binası, tikili “D”-də 39.0 kv.m ümumi sahəli qaynaq otağı (yardımçı təsərrüfatı), tikili “E”-də 18.0 kv.m sahəli anbar, tikili “F”-də 8.0 kv.m sahəli anbar, tikili G-da 6.0 kv.m sahəli anbar, tikili “H”-da 22.0 kv.m anbar, “J”-də 16.0 kv.m sahəli anbar, tikili “Ç”-də 13.0 kv.m mişar otağı (istehsal)) xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh İddiaçı 6 ay müddətində qaytarmaq şərti ilə 10.000 ABŞ dolları məbləğində pul vəsaitini 28 oktyabr 2021-ci il tarixdə almış və həmin pul vəsaitinin 2.000 ABŞ dolları məbləğində hissəsini İddiaçı qaytarsa da, digər 8.000 ABŞ dolları məbləğində hissəsini hazırki tarixədək qaytarmamışdır. Qeyd olunan xüsusatlar Cavabdeh tərəfindən İddiaçı təqdim edilmiş qəbzlərlə də təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 329.1-ci maddəsinə görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qanunvericilinin qeyd olunan normalarının tələbindən göründüyü kimi qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır və borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Hazırki halda isə tərəflər arasında predmetinin məbləği 3.000 manatdan çox olan borc müqaviləsi bağlansa da, həmin müqavilə qanunla müəyyən olunmuş qaydada yazılı formada bağlanmamış, yalnız 10.000 ABŞ dolları məbləğində pul vəsaitinin İddiaçı borc alınmasına dair Cavabdeh tərəfindən 28 oktyabr 2021-ci il tarixdə İddiaçı qəbz təqdim edilmişdir. Buna görə də tərəflər arasında bağlanmış borc müqaviləsi etibarsızdır və Cavabdeh həmin əqd üzrə aldıqlarını İddiaçı qaytarmalıdır. Lakin İddiaçı məhkəməyə sübut qismində təqdim etdiyi Z.A.Musayev tərəfindən verilmiş 21 sentyabr 2022-ci il tarixli qəbzlə Cavabdeh İddiaçı aldığı 10.000 ABŞ dolları məbləğində pul vəsaitinin 2.000 ABŞ dolları məbləğində hissəsini qaytardığı müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, 8.000 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anına Azərbaycan manatı məzənnəsi ilə manat ekvivalentində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 112 manat 80 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh 8.000 (səkkiz min) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anına Azərbaycan manatı məzənnəsi ilə manat ekvivalentində və iddianın təmin edilmiş hissəsinə münasib olaraq dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 112 (bir yüz on iki) manat 80 (səksən) qəpik manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-2170/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2170/2022
05.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver