Məhkəmə qərarları › İş №2(125)-2181/2023

Gəncə Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(125)-2181/2023

25.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2181/2023 25.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Şakir oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş övladları xx.xx.2013-cü il təvəllüdlü X1 üçün qət edilmiş 50 manat alimentin miqdarının artırılaraq hər ay sabit pul məbləği ilə 100 (bir yüz) manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə o, 09 yanvar 2014-cü ildə rəsmi nikaha daxil olaraq evlənmişlər. Bu nikahdan xx.xx.2013-cü ildə X4 adlı bir övladları dünyaya gəlmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 08 dekabr 2014-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 iyun 2015-ci il tarixli, 2(043)2684/2015 saylı qətnaməsi ilə övladlarının saxlanması üçün hər ay sabit pul məbləği ilə 50 manat alimentin tutulması qət edilmişdir. Həmin qətnamənin qəul edilməsindən 7 ildən artıq vaxt keçmişdir. Övladları artıq böyümüş, indi onun 9 yaşı vardır. Uşağın saxlanması hazırda xeyli vəsait tələb edir. Onun normal qidalanması, geyinməsi, sağlam inkişafı və normal təhsili üçün 50 manat aliment cüzi məbləğdir. Qiymətlər isə günü-gündən artır. Ona görə də hesab edir ki, alimentin məbləği artırılarsa, uşağın mənafeyi baxımından məqsədə müvafiq olar. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək mülki işə qiyabi icraat qaydasında baxıb iddianın təmin edilməsi barədə qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclaslarında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. İddiaçı məhkəmə iclasında ərizə verərək iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında baxılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin məhkəmə Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən məhkəmə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyinə görə, iddiaçı isə buna etiraz etmədiyi üçün işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; AZ-İİİ seriyalı, 175142 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə ailə münasibətlərindən 26 dekabr 2013-cü il təvəllüdlü X4 doğulmuşdur. Valideynləri atası – Cavabdeh, anası - İddiaçıdır. AZ-İ seriyalı, 244936 nömrəli, 09 yanvar 2014-cü il tarixli, Samux Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, vətəndaş Cavabdeh 26 dekabr 2013-cü ildə vətəndaş İddiaçın Faiq qızından doğulmuş X2 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 09 yanvar 2014-cü il tarixdə 02 nömrə ilə qeyd edilmişdir. AZ-İ seriyalı, 208644 nömrəli, 17 fevral 2015-ci il tarixli, Gəncə şəhər Kəpəz Rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, vətəndaş Cavabdeh və vətəndaş İddiaçı ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 27 fevral 2015ci il tarixdə 45 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə “Verdiyev”, qadına “Məmmədova” soyadı verilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2684/2015 nömrəli, 25 iyun 2015-ci il tarixli qətnaməsindən görünür ki, 26 dekabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. “İlkin mediasiya sessiyasında iştirak edilməsi” barədə xx.xx.2023-cü il tarixli 00574 nömrəli arayışdan görünür ki, bu arayış İddiaçı “alimentin artırılması” tələbinə dair müraciəti əsasında tarixi, saatı və yeri barədə telefon və poçt vasitəsi ilə məlumatlandırılan qarşı tərəf Cavabdeh mübahisə üzrə 17 fevral 2023-cü il tarixdə, saat 12:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməməsini təsdiq etmək üçün verilir. İddiaçı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2019-cu il tarixli 308 nömrəli Qərarı” ilə təsdiq edilmiş ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, hesab edir ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılması hissəsində iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş sübutların bilavasitə tədqiqi zamanı aydın oldu ki, iddia ərizəsinə əlavə olunmuş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 2684/2015 nömrəli, 25 iyun 2015-ci il tarixli qətnaməsinə əsasən 26 dekabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Lakin, həmin vaxtdan uşaq böyüdüyü və onun bir sıra xərcləri artdığı üçün qət edilmiş 50 (əlli) manat məbləğdə aliment uşağın saxlanması üçün yetərli olmadığından, cavabdeh uşağın saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən, İddiaçı “aliment məbləğinin artırılması” tələbinə dair mediasiya şurasına müraciət etmiş, cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən tərəflər arasında razılıq əldə olunmamış, o səbəbdən də iddiaçı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı Cavabdeh məhkəmə iclasına gəlmədiyi üçün işə qiyabi icraat qaydasında baxıb Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2684/2015 nömrəli, 25 iyun 2015-ci il tarixli qətnaməsinə əsasən qət edilmiş 50 (əlli) manat aliment məbləğinin artırılaraq 100 (bir yüz) manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, aliment məbləğinin artırılması tələbi iddiaçının müəyyən etdiyi məbləğdə təmin edilməlidir. Belə ki, iddiaçının cavabdehdən tələb etdiyi alimentdən təxminən 7 ildən çox vaxt keçməsi və uşaq böyüdükcə onun tələbatları və saxlanma xərclərinin nisbətən artması, hazırda uşağın azyaşlı olmasını, tərəflərin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır. Hazırki iş üzrə alimentin məbləği artırılan zaman əvvəlki qətnamə üzrə təyin olunan alimentin məbləği ilə yeni müəyyən olunacaq alimentin məbləği arasında tənasüblük gözlənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının dəlilləri, onun izahatı və təqdim etdiyi sübutları iddia tələbinin qiyabi qətnamə ilə təmin edilməsi üçün yetərlidir. Buna görə də göstərilən sübutların tədqiqi ilə kifayətlənərək, həmin sübutlar nəzərə alınmaqla iddianın təmin edilməsinə dair qiyabi qətnamə qəbul edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə tərəflərin birgə nikahından doğulmuş 26 dekabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2684/2015 nömrəli, 25 iyun 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, hər ay 50 (əlli) manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı dəyişdirilmiş (artırılmış) alimentin tutulması, qiyabi qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. İş materiallarına əlavə edilmiş mediasiya təşkilatının arayışından görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasında 50 (əlli) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı ödənilmiş məbləği tələb etmədiyindən onun özünə aid edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, İddiaçı olduğundan dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün ona hər ay cavabdeh tərəfindən ödənilməli olan alimentin artırılmış hissəsi 50 manat olmaqla, həmin məbləğin bir il ərzində məcmusu 600 manat təşkil etdiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2684/2015 nömrəli, 25 iyun 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılsın və 26 dekabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. Artırılmış hissədə alimentin tutulması, qiyabi qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat məbləğində pul İddiaçı aid edilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Gəncə Şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra, 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar