Məhkəmə qərarları › İş №2(125)-2183/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2183/2024

14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2183/2024 14.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, tərəflərin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 1500 (bir min beş yüz) manat pulun, eləcə də 35 manat dövlət rüsumu kimi ödəməyə məcbur olduğu vəsait daxil olmaqla, 1535 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh tanışıdır, cavabdeh 2020-ci ildə Göygöl rayonu, Bəhrəmbəy kəndi ərazisində ona məxsus olan 20 sot torpaq satacağını bildirmişdir. Münasibətlərinə görə o, cavabdehə inanmış və ona ümumilikdə 1500 manat pul vermişdir. Belə ki, o, cavabdehə həmin məbləği 3 dəfə ayrı-ayrı vaxtlarda - yəni hər dəfəsində 500 manat olaraq vermişdir. Cavabdeh hazıra kimi borcunu qaytarmadığından və onun özünün də pula ehtiyacı olduğundan o, məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. O, ilk öncə Göygöl rayon polis şöbəsinə müraciət etmiş, lakin onlar iddiaçıya izah etmişdir ki, məsələ mülki qaydada olduğundan işə məhkəmə baxmalıdır. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq iddia tələbini qəbul etmədiyini bildirmiş, ərizəsində qeyd etmişdir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüş və yalan ifadələrlə məhkəmədə fikir oyatmağa çalışmışdır. Belə ki, iddiaçı ondan mülkiyyətində olan Göygöl rayonu, Bəhrambağ kəndində yerləşən 0.21 ha torpaq sahəsini ona satmağını xahiş etmiş, vaxt təyin edib görüşmüşlər. Torpağın hüquqmüəyyənedici sənədlərində müəyyən çatışmazlıqlar olduğuna görə hissə-hissə ona 1500 manat “dediyinə görə borc” vermişdir. Halbuki, beh adı ilə iddiaçı həmin məbləği ona vermişdir. Ümumi 1500 manatı 2019-cu ilin avqust ayında verdikdən sonra oktyabr ayında pulun hamısını, yəni 8400 manatı verəcəyini bildirmişdir. O isə 1 aya qədər pulun hamısını verərək alğı-satqını həyata keçirəcəyini bildirmişdir. Daha sonra danışılan vaxtdan sonra dəfələrlə müraciət etməyinə baxmayaraq, bugün-sabah deyə-deyə onu yubatmış, cavabdeh torpaq sahəsini nə iddiaçıya, nə də başqasına sata bilməmişdir. Etiraz ərizəsinə görə cavabdeh iddiaçının bu yalançı vədinə görə torpaq sahəsini sata bilməmişdir. İndi isə pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa, etiraza görə Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir və göstərilənlərə əsasən iddia tələbləri əsassız olmaqla təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, cavabdehin ondan pul alıb-qaytarmadığını etiraf etdiyi səs yazmadan ibarət “CD” diski məhkəməyə təqdim etmişdir, o, təxminən 2019-2020-ci illərdə Göygöl rayonu, Bəhrambağ kəndində yerləşən torpaq sahəsini almaq istəmiş, sənədlər cavabdehin həyat yoldaşının adına olduğundan sənədləri düzəltmək üçün cavabdehə əvvəlcə 500 manat vermiş olsa da, 2 ay keçdikdən sonra cavabdeh həyat yoldaşının adında hərf səhvliyi olduğunu əsas gətirərək ondan yenidən pul istəmiş, bu zaman o cavabdehə 500 manat pul vermişdir, bir müddət keçdikdən sonra cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət edilməsi üçün bir daha pul istəmiş, iddiaçı təkrarən ona 500 manat vermişdir. O, cavabdehə beh verməmişdir. Cavabdeh torpaq sahəsini ona satmamış, pulunu da qaytarmamışdır. Sözügedən hadisədən təxminən 1 il keçdikdən sonra, yəni 2020-ci ilin oktyabr ayında o, özünə başqa torpaq sahəsi almışdır. İddiaçı əlavə etdi ki, dəfələrlə telefon vasitəsi ilə cavabdehlə, onun bibisi oğlu ilə əlaqə yaratsa da, hər dəfə dava-dalaş yaranmış, cavabdeh ona torpaq sahəsini satdıqdan sonra pulunu qaytaracağını bildirmiş, lakin nəticə əldə olunmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi və əlavə etdi ki, iddiaçı 2018-ci ildə ona zəng etmiş, sotu 400 manatdan olmaqla, 21 sot torpaq sahəsinin 8400 manata alqısatqısına, o cümlədən məhkəmə vasitəsi ilə sənədləri düzəltməyə dair razılaşmışlar. O, iddiaçıdan 2019-cu ilin yanvar ayında 500 manat, 2019-cu ilin aprel ayında bir daha 500 manat almışdır. Həmin vaxtı sənədləri tam hazırlamışdır. 2019-cu ilin avqust ayında iddiaçı ona 500 manat verərək xahiş etmişdir ki, “heç kimə satma, oktyabradək alacam”. Ümumilikdə iddiaçıdan 1500 manat beh almışdır. İddiaçıya dəfələrlə zəng etsə də, lakin alınmamış, iddiaçı pulun qalan məbləğini verməmiş, özünə Göygöl rayonu, Qızılca kəndindən torpaq sahəsi almışdır. İddiaçının təqsirindən torpaq sahəsini vaxtında sata bilməmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş cavabdehin səsyazmasından ibarət “CD” diskdə cavabdeh 7 il bundan qabaq iddiaçıdan hissə-hissə 500 manat olmaqla, cəmi 1500 manat beh aldığını etiraf etmiş və qeyd etmişdir ki, o torpaq sahəsini iddiaçıya satarkən sənədləşmədə səhvlik olduğunu ona bildirmiş, iddiaçı da bununla razılaşaraq torpaq sahəsini alacağına söz vermişdir. 2019-cu ilin yanvar ayında Ramiz adlı şəxs vasitəsi ilə iddiaçıdan 500 manat pul almışdır, torpaq sahəsində olan ad səhvinin düzəldilməsi üçün məhkəməyə müraciət etmiş, səhv düzəldildikdən sonra 2019-cu ilin aprel ayının 1-də iddiaçıya zəng etmiş, torpaq sahəsini almaq üçün yerdə qalan məbləğini ödəməsini xahiş etmişdir, iddiaçı isə Bakıda olduğunu bildirmişdir, bundan sonra aprel ayının sonuna kimi gözləsə də, iddiaçı 4000-5000 manat pul verməsini, qalan məbləğini sonra ödəməsini təklif etdikdə onunla razılaşmamış, məbləğin hamısının birlikdə ödənilməsini istəmişdir. 2019-cu ilin aprel ayında iddiaçıdan 500 manat pul almışdır. 2019-cu ilin may ayına kimi sənədləşmənin qurtardığını, lakin iddiaçı gəlib torpağı almadığından behin batdığını bildirmişdir. Göygöl rayon Polis Şöbəsinin TB-nin baş təhqiqatçısı, polis kapitanı X1 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərarda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu Quşçuluq yaşayış massivi, 2-ci küçə, 3-cü dalanda yaşayan İddiaçı Göygöl RPŞ-nə ərizə ilə müraciət edərək, təxminən dörd il bundan əvvəl Gəncə şəhər sakini Anar adlı şəxsin Göygöl rayonu Bəhrəmbəy kəndi ərazisində ona 20 sot torpaq satacağı adı ilə ondan 1500 (min beş yüz) manat pul almasını, lakin Anar adlı şəxsin bu günədək onun pulunu geri qaytarmamasını, ona torpaq satmamasını bildirmişdir. Həmin ərizə Göygöl RPŞ-də “Törədilmiş və hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı” kitabında HK-1/2264 nömrə ilə qeydiyyata alınaraq icraata qəbul edilmişdir. Material üzrə izahatı alınmış İddiaçı bildirmişdir ki, o, Abşeron rayonu Quşçuluq yaşayış massivi, 2-ci küçə, 3-cü dalanda ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Şikayətinin mahiyyəti üzrə bildirmişdir ki, təxminən dörd il bundan əvvəl Gəncə şəhərində yaşayan Anar adlı tanışı ona Göygöl rayonu Bəhrəmbəy kəndində özünə məxsus 20 sot torpaq sahəsinin olmasını bildirərək, həmin torpaq sahəsini satmaq istədiyini bildirmişdir. İddiaçı da ona həmin torpaq sahəsini almaq istədiyini demiş, bu zaman Anar adlı tanışı torpaq sahəsinin onun arvadına məxsus olmasını, həmin torpaq sahəsinin pay torpağı olmasını bildirərək, sənədləşdirdikdən sonra ona satacağını bildirmiş və torpağı sənədləşdirmək üçün ondan 1500 manat pul istəmişdir. İddiaçı qeyd etmişdir ki, Anar adlı tanışı həmin torpağı bir sotu 400 manatdan olmaqla satacaqmış. Bildirmişdir ki, bir il müddət keçdikdən sonra Anar torpağın sənədlərini düzəltmədiyi üçün o, başqa şəxsdən torpaq almış və Anara ona verdiyi pulu geri qaytarmasını istəmişdir. Həmin zaman Anar adlı tanışı torpağı satdıqdan sonra onun pulunu verəcəyini bildirmişdir. Lakin bu qədər müddət keçməsinə baxmayaraq Anar ona verdiyi 1500 manat pulu geri qaytarmamış, eyni zamanda ona torpaq satmamışdır. İddiaçı onunla dəfələrlə telefon əlaqəsi saxlayaraq pulunu istəsə də, Anar adlı tanışı pulu verməyəcəyini bildirərək, onun barəsində məhkəməyə şikayət etməsini bildirmişdir. İddiaçı sualları cavablandırarkən, Anar adlı tanışına 1500 manat pulu verən zaman onun qohumu Ramiz adlı şəxsin onların yanında olmasını, həmin 1500 manat pulu Anar adlı tanışına verməkdə məqsədinin Göygöl rayonu Bəhrəmbəy kəndində yerləşən Anarın arvadına məxsus pay torpağını sənədləşdirərək ona satması olmuşdur. Gəncə şəhəri AKTA:6 ətrafı Material üzrə Gəncə şəhəri AKTA-6 ətrafında yaşayan Cavabdeh izahatının alınması məqsədilə onunla telefon əlaqəsi saxlanılaraq RPŞ-yə dəvət olunmasına baxmayaraq, o, izahat vermək üçün Göygöl RPŞ-yə gəlməkdən imtina etmişdir. Bu barədə protokollar tərtib edilərək, araşdırma materialına əlavə edilmişdir. Beləliklə də, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Abşeron rayonu Quşçuluq yaşayış massivi, 2-ci küçə, 3-cü dalanda yaşayan İddiaçı 2019-cu ildə Gəncə şəhəri AKTA-6 ətrafında yaşayan, tanışı Cavabdeh Göygöl rayonu Bəhrəmbəy kəndində yerləşən, sonuncunun arvadına məxsus 20 sot torpaq sahəsinisənədləşdirərək, ona satması üçün 1500 manat pul vermiş, lakin Cavabdeh torpaq sahəsini İddiaçı satmamış və onun 1500 manat pulunu geri qaytarmamışdır. Alınmış izahat və toplanmış digər sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında alqı-satqı zamanı mülki mübahisə yaranmışdır. Belə olan halda Cavabdeh əməli Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi kimi deyil, tərəflər arasında yaranmış mülki mübahisə kimi qiymətləndirilməlidir. Ona görə də, Cavabdeh əməlində cinayət tərkibi müəyyən edilmədiyindən barəsində cinayət işinin başlanması rədd edilməli, tərəflərə mülki mübahisə ilə bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda, MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur (maddə 144.1, 144.2). Mülki Məcəlləyə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir (646). Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir (648.1). Mülki Məcəlləyə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (337.2). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (337.4). Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (337.5). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Həmin Qərarda göstərilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Həmin Qərarda göstərilmişdir ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Hazırkı iş üzrə iddiaçı sözügedən torpaq sahəsinin alğı-satqısı üzrə cavabdehə ödədiyi 1500 manat pulun (avansın) qaytarılmasını tələb edir. Lakin mübahisəli torpaq sahəsinə cavabdehin mülkiyyət hüququnun olması və (ya) həmin torpaq sahəsinin alğısatqısının dövlət qeydiyyatına alınması məhkəmə tədqiqatı zamanı müəyyən edilməmişdir. Halbuki, torpaq sahəsi qanunvericiliyə əsasən daşınmaz əmlakdır və ona alqı-satqı əsasında mülkiyyət hüququnun keçməsi qanunvericiliklə müəyyən edilmiş notarial müqavilə qaydasında təsdiqlənməli və dövlət qeydiyyatına alınmalı idi. Beləliklə, tərəflər arasında mübahisəli torpaq sahəsinə dair müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığından etibarsızdır. Bu səbəbdən, əqd etibarsız olduğundan və Mülki Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığından, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. Yəni mübahisəli torpaq sahəsinə görə iddiaçı tərəfindən cavabdehə ödənilmiş pul əvvəlki vəziyyətinə qayıtmalıdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə etibarsız olduğundan cavabdeh sözügedən torpaq sahəsinə görə avans qismində ödənilmiş 1500 manat pulu əldə etməkdə haqlı olmamışdır. Belə ki, cavabdehin mülkiyyətində olmayan torpaq sahəsini iddiaçıya satması müqabilində ondan ilikn olaraq 1500 manat avans alması iş materiallarında olan sübutlarla, o cümlədən cavabdehin özünün izahatı ilə öz təsdiqini tapır. Bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmış hesab olunur. Məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1091.2-ci maddəsi təşkil edir. Belə ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmənin qənaətinə görə, cavabdeh heç bir qanuni əsas və ya müqavilə əsası olmadan, ümumiyyətlə özünə məxsus olmayan torpaq sahəsinə görə iddiaçı tərəfindən ona verilən 1500 manat pul hesabına əsassız varlanmışdır. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı cavabdeh hazırki mülki iş üzrə iddia müddətinin tətbiq edilməsinə dair yazılı ərizə təqdim etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı özü qeyd edir ki, təxminən 2019-2020-ci illərdə Göygöl rayonu, Bəhrambağ kəndində yerləşən torpaq sahəsini cavabdehdən almaq istəmiş, sözügedən hadisədən təxminən 1 il keçdikdən sonra, yəni 2020-ci ilin oktyabr ayında o, özünə başqa torpaq sahəsi almış, cavabdeh pulunu qaytarmadığından xx.xx.2023-cü il tarixdə Göygöl rayon Polis Şöbəsinə müraciət etmişdir. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddiaçı tərəfindən MM-nin 1095-ci maddəsinin tələbinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulmuş 2 illik iddia müddəti ötürüldüyündən, iddia tələbi iddia müddətinin tətbiq edilməsi barədə ərizə tətbiq edilməklə rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.4-ci maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 1095ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddiaçının iddia tələbinin əsasını cavabdeh tərəfindən ona məxsus pul vəsaitinin mənimsənilməsi ilə bağlı münasibətlər təşkil etdiyindən və əsassız varlanma obyektini qaytarmaq hüququnun öz hüququnun ona məlum olduğu vaxtdan 2 il müddətində mövcud olduğundan, hazırda isə iddiaçının hüququnun pozulduğunu bildiyi (2020-ci il tarixdən) vaxtdan iki ildən çox müddət keçdiyindən, hazırki mülki iş üzrə iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumundan ibarətdir. İddia təmin olunmadığından, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar