Məhkəmə qərarları › İş №2(125)-2188/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2188/2023

25.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2188/2023 25.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Əli oğlunun sədrliyi, Bayramova Zöhrə Oktay qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh tutulan alimentin məbləğinin artırılaraq hər ay 300 manat alimentin və onun tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutulub İddiaçı xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-2307/2020 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh fərdi əməklə məşğuldur. Xeyli gəlir əldə etməsinə baxmayaraq, uşağın saxlanması üçün alimentdən başqa heç bir maddi yardım göstərmir, qazancı qeyri-müntəzəm və dəyişkəndir. O isə uşağını həmin alimentlə saxlamaqda çətinlik çəkir. Uşaq hazırda ali məktəbə hazırlaşır. Cavabdehin verdiyi alimentlə uşağın gündəlik qidalanmasını ödəməkdə çətinlik çəkir. Hazırlıq pulu onun tərəfindən ödənilir. Həmçinin uşağının gözü zəif görür. Tez-tez eynək dəyişdirir, uşağı həkim müayinəsindən və müalicəsindən keçirirlər. Bütün bunların xərclərini təkbaşına ödəməkdə çətinlik çəkir. Ona görə də məcbur olub hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etdiyini bildirmiş və məhkəmədən iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək, iddianı qəbul etmədiyini, hal-hazırda heç bir yerdə işləmədiyini, bu səbəbdən iddiaçının tələb etdiyi 300 manat məbləğində aliment ödəməyə imkanının olmadığını, hətta hazırda ödədiyi 150 manat məbləğində alimenti belə ödəməkdə çətinlik çəkdiyini bildirmişdir. Odur ki, iddia tələbinin rədd olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, AZ-İ 863656 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X2 şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında X5 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 2307/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsininxx.xx.2018-ci il tarixli 2(044)-1986/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılması, xx.xx.2006-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin və əmək qabiliyyəti olmayan 06 dekabr 2001-ci il tarixdə anadan olmuş X1 üçün hər ay 40 (qırx) manat məbləğində pulun Cavabdeh tutularaq, İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, artırılmış alimentin tutulmasına Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-2307/2020 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanması qət olunmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Psixo-nevroloji dispanseri 05 aprel 2023-cü il tarixli məktubundan görünür ki, 1967-ci il təvəllüdlü Cavabdeh xx.xx.1984-cü il tarixdə dispanserə müraciət etmiş və ona epilepsiya tez-tez qıcolma tutması və şəxsiyyət dəyişməsi diaqnozu qoyulmuşdur. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. İddiaçı ərizəsində yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay 300 manat aliment tutulmasını xahiş etsə də, sabit pul məbləğində tutulmalı olan alimentin hansı səbəbdən həmin məbləğdə tutulmalı olduğunu əsaslandırmamış, bu xüsusatı təsdiq edən hər hansı bir sübutu və cavabdehin gəlirində artım olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna baxmayaraq məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, onun normal, yəni qida rassionlarına uyğun şəkildə qidalanmasını, fiziki, əqli və sosial cəhətdən inkişafını, təhsili ilə bağlı xərclərin olduğunu, alimentin tutulduğu xx.xx.2020-ci il tarixdən bu günə qədər uşaqlar üçün yaşayış minimumunun artdığını, həmçinin həmin müddətdə ölkədə malların və xidmətlərin qiymətinin bahalaşdığını nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində tutulan alimentin məbləği artırılaraq 180 manat müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2\2016 saylı Qərarının 8-ci maddəsinin 12-ci bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia qismən təmin edildiyindən mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərcin 25 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-2307/2020 saylı qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləği dəyişdirilməklə, xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 180 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və həmin məbləğdə alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə rədd edilsin. İlkin mediasiya sessiyasına ödənilmiş 50 manatın 25 (iyirmi beş) manatı Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar