Məhkəmə qərarları › İş №2(125)-221/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-221/2024

17.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-221/2024 17.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 Şakir oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh cəmi 1160 (bir min yüz altmış) manat pulun və iddia ərizəsi üçün ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, mənzilinə mətbəx mebeli yığdırmaq üçün xx.xx.2023-cü il tarixdə cavabdehlə şifahi razılığa gələrək, 1600 manat dəyərində mətbəx mebelini sifariş etmişdir. Bunun üçün cavabdehin kart hesabına ilkin olaraq nağd şəklində 900 manat, iki gündən sonra isə 160 manat pul ödəmişdir. Razılığa görə qalan pulu mebel tam yığılıb qurtardıqdan sonra ödəməli idi. Cavabdeh tərəfindən mebel quraşdırılan zaman bir çox ölçülərdə səhvlər olduğundan cavabdeh ondan əlavə olaraq 20 manat pul almışdır. Bundan başqa, cavabdeh moykanı quraşdırarkən 80 manat dəyərində (dəyəri sifarişə daxil deyil) su kranını qıraraq, yararsız vəziyyətə salmışdır. Mətbəx mebeli tam quraşdırıldıqdan sonra cavabdeh tərəfindən işin qüsurlu və keyfiyyətsiz olduğunu müəyyən etmiş və cavabdehdən qüsurların aradan qaldırılmasını tələb etmişdir. Cavabdeh isə qüsurların aradan qaldırılmasını istəməmişdir. O da öz növbəsində iş üçün ödədiyi pulları geri tələb etmişdir. Cavabdeh ilk öncə pulun geri qaytarılmasına razı olsa da, sonradan pulu qaytarmaqdan yayınmışdır. Bu barədə “102” xidmətinə zəng etmişdir. Polis şöbəsinə dəvət olunarkən onun və cavabdehin izahatı alındıqdan sonra şikayəti mülki xarakterli olduğu üçün ona məhkəməyə müraciət etməsini tövsiyə etmişlər. Beləliklə, cavabdeh tərəfindən görülən işlər qüsurlu və keyfiyyətsiz olduğundan cavabdeh tərəfindən ona dəymiş ziyan ödənilməlidir. Cavabdeh mətbəx mebelini quraşdırarkən istifadə olunmuş materiallardan istifadə etmişdir. Mebelin qapıları arasında böyük zazorlar vardır, mebelin karnizinin künclərini düzgün stikləşdirməyib və aralı qalan yerlərini zamazka ilə dolduraraq rəngləmişdir. Bundan başqa, mebelin kant hissəsi naxışları fərqlidir və bir-birlərinə uyğun gəlmir, ölçüləri qısa kəsilmiş materiallara calaq etmişdir, süyürmələr düzgün işləmir, qapılar tam bağlanmır və bağlanan qapılar isə sürtərək bağlanır və s. İddia ərizəsinə əlavə etdiyi video və fotoşəkillər ilə cavabdeh tərəfindən qüsurlu və keyfiyyətsiz işlərin görülməsi tam sübut olunur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək, əlavə olaraq bildirdi ki, nənəsinin yas mərasimində Cavabdeh anası ilə tanış olmuş və cavabdehin anası ona oğlunun mebel ustası olduğunu demişdir. Onun mebel ustasına ehtiyacı olduğu üçün cavabdehin anasının və cavabdehin “İnstagram” hesabından özünün nömrəsini götürərək, mətbəx mebelinin hazırlanması üçün müraciət etmişdir. Cavabdeh ilə danışaraq, mətbəx mebeli sifariş vermiş, cavabdeh sözügedən mətbəx mebelini hazırlamaq üçün lazımi ölçüləri götürmüş, istədiyi formanı ona bildirmiş və ümumiyyətlə mətbəx mebelinin forması barədə o, cavabdehlə məsləhətləşmişdir. Cavabdeh sözügedən mətbəx mebelini düzəldəcəyini bildirmiş və mətbəx mebelinin hazırlanması üçün 1600 manat məbləğində pul ödənilməsi barədə şifahi formada razılaşmışlar. O, Cavabdeh mətbəx mebelinin hazırlanması üçün 1160 manat əvvəlcədən ödəniş etmişdir. Cavabdeh avqustun ayının yeddisi mətbəx mebelini quraşdırmalı olduğu halda quraşdıra bilməmişdir. Nəhayət, avqust ayının səkkizi mebeli quraşdırmaq üçün gəlmiş və mebeldəki nöqsanları görməməsi üçün ona yanında durmamasını bildirmişdir. Mətbəx mebeli cavabdeh tərəfindən quraşdırıldıqdan sonra ilk əvvəllər mebeldəki qüsurları, yararsız və keyfiyyətsiz materiallardan hazırlanmasını anlamamış, ona görə də cavabdehə iradını və narazılığını bildirməmişdir. Daha sonra mebelin bərbad vəziyyətdə və istifadəyə yararsız olduğunu görmüşdür. Belə ki, sürmələrin biri uzun, biri gödək olmaqla, yanaşı mebelin qısa kəsilmiş materialları calaq edilmiş vəziyyətdə olmuş, demək olar ki, mətbəx mebeli keyfiyyətsiz və qüsurlu hazırlanaraq, ona təhvil verilmişdir. Dərhal buna görə cavabdehlə əlaqə saxlamış, cavabdeh ona gəlib nöqsanları aradan qaldıracağını demişdir. 14 gün sonra cavabdeh mebeldəki qüsurları aradan qaldırmaq üçün gəlsə də, mebeli daha da pis vəziyyətə salmış və ona yamaq edəcəyini bildirmişdir. Lakin, o bununla razılaşmamış və cavabdehdən ödədiyi pulu tələb etmiş, Cavabdeh isə ödədiyi pulu ona qaytarmaqdan imtina etmişdir. Ümumiyyətlə, cavabdeh vədinə, yəni aralarında olan şifahi razılaşmaya əməl etməmişdir. Buna görə də cavabdehə mebelin hazırlanması üçün qalıq qalan 600 manat məbləğində pulu ödəməmişdir. Cavabdeh onu aldadaraq, keyfiyyətsiz mebel hazırlamışdır. Ona görə də ödədiyi 1160 manat pulun ona ödənilməsini istəyir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, İddiaçı ona mətbəx mebeli düzəltmək üçün müraciət etmiş və aralarında 1600 manat dəyərində mətbəx mebelinin hazırlanması barədə şifahi formada razılaşma olmuşdur. İddiaçı tərəfindən ona əvvəlcə 900 manat daha sonra 160 manat olmaqla, cəmi 1160 manat məbləğində pul ödənilmişdir. Mətbəx mebeli onun tərəfindən hazırlanaraq, iddiaçıya təhvil verilmişdir. Sözügedən mətbəx mebeli iddiaçıya təhvil verilən zaman iddiaçı ona heç bir narazılığını bildirməmişdir. Daha sonra iddiaçı onunla əlaqə saxlayaraq, mətbəx mebelində qüsurlar və nasazlıqlar olduğunu bildirmişdir. İddiaçı ona 125 manat dəyərində aspirator da aldırmış, aspiratorla birlikdə mətbəx mebelinin hazırlanması üçün qalıq qalmış 725 manat pulu ödəməmiş və hissə-hissə ödəyəcəyini bildirmişdir. O, mebeldəki nöqsanları və çatışmazlıqları aradan qaldırmağı iddiaçıya təklif etmiş, buna baxmayaraq, iddiaçı isə onunla heç cür razılaşmayaraq, hazırladığı mebeli geri götürməsini bildirmiş və hazırda da mebelin hazırlanması üçün verdiyi 1160 manat pulun ona geri qaytarılmasını tələb edir. Mətbəx mebelindəki qüsurlar cüzi olmaqla aradan qaldırıla bilər. Lakin iddiaçı bununla razılaşmır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək, mübahisəyə tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Gəncə Şəhər Məhkəməsinin 2(125)-6267/2023 nömrəli, 27 noyabr 2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı tərəfindən verilmiş vəsatət təmin edilmiş, İddiaçı cavabdeh X7 qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizasının təyin edilməsi və məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsi qərara alınmışdır. Əmlakın Qiymətləndirilməsi Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş ƏQ- 281/2024 nömrəli, 10 yanvar 2023-cü il tarixli əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, İddiaçı ilə bağlanmış 09 yanvar 2023-cü il tarixli “Qiymətləndirmə xidmətinin göstərilməsi haqqında” müqaviləyə uyğun olaraq İddiaçı məxsus 01 ədəd mətbəx mebelinin və 01 ədəd su krantının real bazar dəyərinin müəyyən edilməsi məqsədi ilə "xxxx" MMC-nin qiymətləndirici-mütəxəssisləri tərəfindən araşdırmalar aparılmışdır. Qiymətləndirmə işi X1 (BQS) və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq aparılmışdır. Aparılan araşdırmalar və təhlillərə əsasən İddiaçı məxsus 01 ədəd mətbəx mebelinin və 01 ədəd su krantının xx.xx.2024-cü il tarixə real bazar dəyəri 1760 (bir min yeddi yüz altmış) manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının 9/9915 nömrəli, 25 yanvar 2024-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin mütəxəssis rəyində aşağıdakılar qeyd edilmişdir: mətbəx mebeli (ağ rəngli, 5,53 m ölçüdə) Azərbaycan istehsallı istifadə üçün yararlı deyildir. Su krantı (mətbəx mebeli üçün qara rəngli) Türkiyə istehsallı istifadə üçün yararlı deyildir. Mətbəx mebeli üçün qapı Azərbaycan istehsallı istifadə üçün yararlı deyildir. İddia ərizəsində qeyd edilən əşyaların mütəxəssis rəyindən istifadə edilməklə, həmin əşyaların yenisi ilə əvəz olunmağı nəzərə alınmaqla, orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1420,0 manat müəyyən olunur. Həmin əşyaların ayrıayrılıqda adları, qiymətləri və texniki göstəriciləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir. MA seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, 25 may 2011-ci il tarixli, **********21-05101-093031 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən Çıxarışdan görünür ki, ünvan 1 ünvanı tam pay olmaqla, X4 mülkiyyətindədir. Xİ-JQ seriyalı, 490918 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1986-cı il tarixdə doğulmuşdur. Atası: X5, anası: X6r. AZ seriyalı, 082643 nömrəli, Gəncə şəhəri Kəpəz rayon VVADQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 29 oktyabr 2001-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 01 noyabr 2001-ci il tarixdə 631 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi kəskin ürək damar çatmamazlığı qeyd edilmişdir. AZ-İ seriyalı, 743732 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 26 mart 2015-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 27 mart 2015-ci il tarixdə 303 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi kəskin ürək çatmamazlığı qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, tərəflər arasında şifahi formada mebelin düzəldilməsi ilə bağlı podrat müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh iddiaçının sifarişi əsasında dəyəri 1600 manat olan mətbəx mebelini ona təhvil verməli, iddiaçı isə mebelin dəyərinin 1160 manat hissəsini ona avans kimi vermiş, qalan məbləği isə mebel təhvil verildikdən sonra ödənilməli idi. Lakin, cavabdeh, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini lazımi qaydada icra etməmiş, belə ki, iddiaçıya qüsurlu, keyfiyyətsiz və yararsız məmulatdan mebel hazırlamış və də iddiaçıdan avans kimi aldığı pulu ona qaytarmamışdır. Məhkəmə həmçinin, qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının 9/9915 nömrəli, 25 yanvar 2024-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində də mebelin istifadə üçün yararlı olmadığı qeyd edilmişdir. Odur ki, Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı məmulatın qüsuru nəticəsində müqavilənin icrasından imtina edərək cavabdehə avans kimi verdiyi 1160 manat pulu ondan tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1160 (bir min yüz altmış) manat pul alınaraq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, o cümlədən iddiaçının xahişi nəzərə alınmaqla, məhkəmədə iddia qaldırmaq məqsədi ilə ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumu da cavabdeh tutularaq, iddiaçıya verilməlidir. Məhkəmə, həmçinin, qeyd edir ki, iş materiallarına əlavə edilmiş "xxxx" MMC-yə məxsus kassa mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən mebel dəstinin qiymətləndirilməsi üçün 60 (altmış) manat məbləğində pul ödənilmişdir. Məhkəmə, hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən mətbəx mebelin qiymətləndirilməsi üçün ödənilmiş 60 (altmış) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə, həmçinin, qeyd edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq, X2 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 1160 (bir min yüz altmış) manat alınaraq, İddiaçı ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumu və mebel dəstinin qiymətləndirilməsi üçün ödənilmiş 60 (altmış) manat Cavabdeh tutularaq, İddiaçı verilsin. Məhkəmə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat Cavabdeh tutularaq, X2 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülsün. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar