Məhkəmə qərarları › İş №2(125)-222/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-222/2023

21.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-222/2023 21.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Şakir oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3335 (üç min üç yüz otuz beş) manat dəyərində avtomobilinə dəyən maddi zərərin əvəzi və ödədiyi 55 (əlli beş) manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, **-RO-*** dövlət nömrə nişanlı, Bakı şəhərində qeydiyyatda olan “İnfiniti-Q50” markalı avtomaşın ona məxsusdur. Həmin “İnfiniti-Q50” markalı, **-RO-*** dövlət nömrə nişanlı, avtomobili alğı-satqı əsasında almışdır. Özünün “B” kateqoriyalı sürücülük vəsiqəsi var və həmin avtomobili onun əsasında idarə edir. xx.xx.2022-ci tarixində saat 14:00 radələrində ona məxsus olan “İnfiniti-Q50” markalı, **-RO-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri, Bilgəh yolu istiqamətində hərəkətdə olarkən, həmin yoldakı dairəyə yaxınlaşarkən, yol onun olduğu halda, sağdan dairəyə yaxınlaşmış “yol ver” nişanını pozaraq yoluna çıxan “Toyota Prius” markalı avtomobil onun avtomobilini öndən vurmuşdur. Həmin toqquşma nəticəsində avtomobilinə xeyli maddi ziyan dəymişdir. Həmin zaman yol-nəqliyyat hadisəsini törətmiş şəxs Cavabdeh istifadəsində olan “Toyota Prius” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman Cavabdeh manevr qaydasını kobudcasına pozaraq dairədən "yol ver" nişanının tələblərini kobudcasına pozaraq avtomobilini düz üstünə sürmüş, Cavabdeh inzibati xətanı törətməyi nəticəsində onun idarə etdiyi “İnfiniti-Q50” markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobil ön tərəfdən əzilərək yararsız hala düşmüşdür. Hadisə zamanı ona xəsarət dəyməsə də, avtomobilinə 3335 (üç min üç otuz beş) manat maddi ziyan dəymişdir. “Toyota Prius” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətində olmasına baxmayaraq, Cavabdeh həmin avtomobili etibarnamə olmadan idarə etmişdir. Yol nəqliyyat hadisəsi baş verən zaman həmin avtomaşını Cavabdeh idarə etmişdir. Yol Nəqliyyat hadisəsi zamanı DYP əməkdaşları hadisə yerinə gəlmiş və hadisə ilə avtomobillərə baxılmış və nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqda İXP ******* saylı protokol və xx.xx.2022-ci il tarixində həmin protokol əsasında TP ******* saylı qərar tərtib olunmuşdur. Göstərilən yol nəqliyyat hadisəsi “Toyota Prius” markalı, **-SO-*** dövlət nömrə nişanlı avtomaşını idarə edən Cavabdeh AR İXM-nin müvafiq maddəsində nəzərdə tutulan yol hərəkət təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə inzibati xəta törətməsi nəticəsində baş vermişdir. Yol hərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh təqsiri DYP-nin əməkdaşları tərəfindən tanınmışdır. Rəsmi servisin qəzaya uğramış ona məxsus olan “İnfiniti-Q50” markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanı müəyyən edərək, təyin etmişdir ki, onun avtomaşınının ilkin təmir işləri 3335 (üç min üç yüz otuz beş) manat tutmuşdur. Cavabdehin idarə etdiyi “Toyota Prius” markalı, **-SO-*** dövlət nömrə nişanlı avtomaşının icbari sığortasının olmadığını bildirmişdir. Sonra ona bildirmişdir ki, dəymiş ziyanı özü ödəyəcəkdir. Lakin həmin 3335 manatı maddi ziyanı o, cavabdehdən tələb edəndə cavabdeh telefonlarına cavab verməməyə başlamışdır. Cavabdeh bu cür məsuliyyətsiz hərəkətləri nəticəsində ona mənəvi ziyan vurmuşdur. Bu günə qədər o, piyada qalmışdır, taksilərə küllü miqdarda pul xərləmiş, bu gündən sonra da küllü miqdarda pul xərcləməlidir. Yol-nəqliyyat hadisəsi nəticəsində əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üçün cavabdehə dəfələrlə tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir nəticə olmamışdır. Cavabdeh bu cür hərəkətləri nəticəsində o, ağır sarsıntı və iztirab keçmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək bildirdi ki, iş üzrə obyektiv nəticə əldə olunması üçün təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 yanvar 2023-cü il tarixli, 9/8463 nömrəli ekspert rəyi ilə razıdır. Cavabdeh tərəfindən ona məxsus “İnfiniti-Q50” markalı **- RO-*** dövlət qeydiyyat nişanlı avtomobilinə vurduğu ziyanın ödənilməsini tələb edir. Odur ki, qanun tələblərinə uyğun olaraq qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 14:00 radələrində Bilgəh yolunda etibarnamə olmadan idarə etdiyi Toyota Prius" markalı avtomaşın ilə hərəkətdə olan zaman törətmiş olduğu avtoqəza hadisəsi nəticəsində iddiaçıya məxsus “İnfiniti-Q50” markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Həmin zərərdən məhkəməyə qədər dövr ərzində heç bir ödəniş etməmişdir. İddiaçı vurduğu ziyanı məhkəmənin qətnaməsindən sonra ödəyəcəkdir. Odur ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə uyğun olaraq iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1992-ci il tarixdə anadan olmuşdur. xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixində saat 14:00-da “X10” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1 nəzərdə tutulmuş inzibati xəta (xətalar) törədilmişdir. “Toyota Prius" markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh Azərbaycan Respublikası DİN-nin Sabunçu rayon Polis İdarəsinə verdiyi izahatdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 14:00 radələrində Bilgəh yolunda etibarnamə olmadan idarə etdiyi “Toyota Prius" markalı avtomaşın ilə hərəkətdə olan zaman yol nişanının tələbini pozaraq üstünlüyə malik olan “İnfiniti” markalı avtomaşının yoluna çıxdığı üçün toqquşma baş vermişdir. Hadisə zamanı xəsarət olmamışdır. “İnfiniti Q50" markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən İddiaçı Azərbaycan Respublikası DİN Sabunçu rayon Polis İdarəsinə verdiyi izahatdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 14:00 radələrində Bilgəh yolunda özünə məxsus olan “İnfiniti Q50" markalı dm-nin ilə öz yolunda hərəkətdə olan zaman dairəyə daxil olduqdan sonra sağdan dairəyə yaxınlaşmış “yol ver” nişanının tələbini pozaraq yoluna çıxan “Toyota-Prius” markalı avtomaşın ilə toqquşmuşdur. Toqquşma nəticəsində idarə etdiyi avtomobilə maddi ziyan dəymişdir. Hadisə zamanı xəsarət alan olmamış, spirtli içki qəbul etməmişdir. Fotoşəkillərdən görünür ki, “İnfiniti-Q50” markalı **-RO-*** dövlət nömrə nişanlı avtomobilin yol-nəqliyyat hadisəsi nəticəsində ön hissəsi yararsız hala düşmüşdür. 046988 nömrəli nəqliyyat vasitəsinin zədələnməsi barədə arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 14:00-da “Bilgəh” yolu istiqamətində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “İnfiniti-Q50” markalı, **-RO-*** dövlət nömrə nişanlı avtomobilin qabaq bufer ön hissəsi əzilmişdir. “Nurgün Motors” şirkətinin qüsur aktından görünür ki, “İnfiniti-Q50” markalı **-RO- *** dövlət nömrə nişanlı avtomobilə vurulmuş ziyan üzrə ehtiyat hissələrinin və təmir işlərinin ümumi dəyəri 3335 (üç min üç yüz otuz beş) manat təşkil edir. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı cavabdeh X5 ona vurmuş olduğu 3335 manat dəyərində ziyanın məbləğini ödəməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağını bildirmişdir. 13 yanvar 2023-cü il tarixli, 9/8463 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan “Nurgün Motors” şirkətinin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avto hissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “İnfiniti-Q50” markalı, **-RO-*** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci avto-ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2685,0 manat müəyyən edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2022-ci tarixində saat 14:00 radələrində Bakı şəhəri, Bilgəh yolu istiqamətində yol-nəqliyyat hadisəsi baş vermiş, Cavabdeh idarə etdiyi “Toyota Prius” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı məxsus “İnfiniti-Q50” markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə “İnfiniti-Q50” markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ön hissəsi yararsız hala düşmüşdür. Yol Nəqliyyat hadisəsi zamanı DYP əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqda İXP ******* saylı protokol və xx.xx.2022-ci il tarixində həmin protokol əsasında TP ******* saylı qərar tərtib olunmuşdur. Cavabdehin idarə etdiyi “Toyota Prius” markalı, **-SO-*** qeydiyyat nişanlı avtomobilin sığortası olmamışdır. Cavabdeh dəymiş ziyanı ödəmədiyi üçün hazırki iddia ilə iddiaçı məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh tərəfindən avtomobilinə dəyən maddi zərərin əvəzinin ödənilməsini, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh isə iddia tələbini qismən qəbul etdiyini, etibarnamə olmadan idarə etdiyi “Toyota Prius" markalı avtomaşın ilə hərəkətdə olan zaman törətmiş olduğu avto qəza hadisəsi nəticəsində iddiaçıya məxsus “İnfiniti-Q50” markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2685 manat zərər vurduğunu, həmin zərərdən məhkəməyə qədər dövr ərzində heç bir ödəniş etmədiyini və qətnamə çıxarılacağı halda iddiaçıya vurduğu zərəri ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsinin idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.3-cü maddəsinin tələblərinə görə, yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud tələbin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya qarşı delikt-mülki hüquq pozuntusu törətməsi işin mübahisəsiz halıdır. Eyni zamanda iddiaçının cavabdehə qarşı mövcud tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüququ da yaranmışdır. Qeyd edilən hər iki hal işin mübahisəsiz halı olmaqla, bərabər bununla bağlı tərəflər arasında mübahisə yoxdur. Bu baxımdan məhkəmə prosessual qənaət prinsipindən istifadə edərək həmin məsələlərlə bağlı hüquqi dəyərləndirmə aparılmasını lazım bilmir. Lakin iddianın vurulmuş maddi ziyanla bağlı hissəsi ilə bağlı məhkəmənin qənaəti ondan ibarətdir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı onun avtomobilinə dəymiş maddi ziyanın məbləğini 3335 (üç min üç yüz otuz beş) manat olmasını göstərməsinə baxmayaraq, iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertiza zamanı iddiaçının avtomobilə dəyən ziyan məbləği 2685,0 manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya məxsus avtomobilə vurulmuş ziyanla bağlı heç bir ödəniş edilməmişdir. Həm iddiaçı, həm də cavabdeh məhkəmə iclasında məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə razı olduqlarını bildirmişlər. Belə olan halda məhkəmə hesab edir ki, vurulan ziyanın məbləği məhkəməəmtəəşünaslıq ekspertizasının rəyində müəyyən olunan həddə qiymətləndirilməli və ekspert rəyində müəyyən olunan həddə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2685,0 (iki min altı yüz səksən beş) manat məbləğində yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş maddi zərərin əvəzinin ödənilməsi alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və iddiaçının tələbinin 80% təmin edildiyindən təmin edilmiş hissəyə mütənasib olaraq İddiaçı tərəfindən ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumunun 44 (qırx dörd) manat hissəsi Cavabdeh aid edilməli və ondan alınaraq İddiaçı ödənilməlidir. İddia tələbi qismən təmin edildiyindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan və iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası iddiaçının vəsatətinə əsasən təyin olunduğu üçün məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün ödənilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat rüsumun 40 (qırx) manatı cavabdehə, 10 (on) manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2685,0 (iki min altı yüz səksən beş) manat yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş maddi zərərin əvəzinin ödənilməsi və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 44 (qırx dörd) manatı tutularaq, İddiaçı ödənilsin. Məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Məhkəmə xərci qismində iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın 40 (qırx) manatı Cavabdeh, qalan 10 (on) manatı isə İddiaçı tutularaq, X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar