Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2237/2024 07.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4000 manat pulun və 70 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 18000 manat pul borc vermişdir. Müqaviləyə əsasən o, hər ay 500 manat ödəniş etməklə borcunu hissə-hissə qaytarmalı idi. Lakin o, müqavilə üzrə öhdəliyinə əməl etmədiyi üçün o, təxminən bir il əvvəl Gəncə şəhər Məhkəməsinə müraciət etmiş, iddia qismən təmin edilərək, həmin vaxta cavabdehin icra edilməmiş öhdəliyi həcmində pul vəsaitinin, yəni 3000 manat pulun cavabdehdən alınıb ona verilməsi qət edilmişdir. Qətnamə icra edilmiş və bu günə kimi cavabdeh ona 1500 manat + 3000 manat + 1000 manat = 5500 manat pul ödəmişdir. Bu isə ümumilikdə 11 aylıq ödəniş deməkdir. Beləliklə cavabdeh yalnız 2023-cü ilin 23 aprel tarixinədək yaranmış öhdəliyini, yəni həmin tarixədək ayda 500 manat olmaqla ümumilikdə 5500 manat pul vəsaiti həcmində öhdəliyini icra etmişdir. Həmin tarixdən bu günədək, yəni 2024-cü ilin fevral aymadək isə əlavə 10 ay keçmiş və cavabdeh bu 10 ay üzrə öhdəliyini icra etməmişdir. O, həmin 10 aya görə cari tarixə cavabdehin icra edilməmiş öhdəliyi həcmində, yəni 10 ay x 500 manat = 5000 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək bildirdi ki, cavabdeh ümumilikdə müqavilə üzrə borcundan 1500 manat, daha sonra məhkəmənin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən 3000 manat və bundan başqa 1000 manat, hazırkı iddia ərizəsiylə məhkəməyə müraciət etdikdən sonra 1000 manat ödəniş etmişdir. İddiaçı tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı (borcverən) ilə Cavabdeh (borcalan) arasında bağlanmış, Gəncə şəhəri 3 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 1S-3330 reyestr nömrəli 23 may 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, borcverən borcalana faizsiz olaraq 18000 manat məbləğində pulu borc verir və borcalan isə həmin məbləği xx.xx.2025-ci il tarixədək hər ay 500 manat ödəmək şərti ilə qaytarmağı öhdəsinə götürmüşdür. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1146/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı iddiası qismən təmin edilərək, Cavabdeh 23 may 2022-cı il tarixli kredit müqaviləsi üzrə 3000 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 36 manat puluna alınaraq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Mülki işin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş 23 may 2022-ci il tarixdə kredit müqaviləsinə əsasən iddiaçının cavabdehə borc olaraq verdiyi 18000 manat pulun 23 may 2025-ci ilədək (üç il ərzində) hər ay 500 manat olmaqla hissə-hissə qaytarılması nəzərdə tutulmuşdur. Müqavilədə borca görə faiz nəzərdə tutulmamışdır. Cavabdeh müqavilə üzrə borcundan əvvəla 1500 manat, daha sonra məhkəmənin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən 3000 manat və bundan başqa 1000 manat, hazırkı iddia ərizəsiylə məhkəməyə müraciət edildikdən sonra 1000 manat ödəniş etmişdir. Bu hal iddiaçının izahatı ilə təsdiq olunur. İddiaçı hazırda cavabdehdən 4000 manat pulun tutulmasını xahiş etmişdir. Müqavilənin şərtlərinə uyğun olaraq cavabdehin iddiaçıya olan borcundan hər ay 500 manat qaytarmaq öhdəliyi vardır. Müqavilənin bağlandığı vaxtdan indiyə qədər 23 ay keçmişdir. Yəni, cavabdehin müqavilə üzrə vaxtı çatmış öhdəliyinin ümumi həcmi 11500 manatdır. Bundan (1500+3000+1000+1000=6500) 6500 manat ödənildiyi üçün hazırda cavabdehin vaxtı çatmış və icra edilməmiş öhdəliyinin ümumi həcmi 5000 manat təşkil edir. Məhkəmə qeyd olunanlara əsasən, hesab edir ki, iddiaçı cavabdehdən 4000 manat pulun tutulmasını tələb etməkdə haqlıdır, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, iddia tam təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 (yetmiş) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-2237/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2237/2024
07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver