Məhkəmə qərarları › İş №2(125)-2240/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2240/2024

06.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2240/2024 06.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 İsa oğlunun sədrliyi, X7 Eldar oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq, məhkəmə bu qətnaməni qəbul etdi; İşin halları; Mülki işin materiallarında olan Rusiya Federasiyası vətəndaşının pasportunun surətindən müəyyən olunur ki, Cavabdeh 12 iyun 1977-ci ildə Daşkənd şəhərində anadan olmuş, Rusiya Federasiyasının Altay diyarında qeydiyyatdadır. Mülki işin materiallarında olan, doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, Cavabdeh və İddiaçı tərəflərin birgə nikahından 22 noyabr 2010-cu il tarixdə doğulmuş X6 və 20 aprel 2012-ci il tarixdə doğulmuş X8 adlarında yetkinlik yaşına çatmayan iki uşaqları vardır. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 06 sentyabr 2018ci il tarixli, 2(043)-4217/2018 nömrəli qətnaməsinin (əsli məhkəmədə tədqiq olunmuş) surətindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh X1 22 noyabr 2010-cu il tarixdə anadan olmuş X6 və 20 aprel 2012-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 120 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan, 6 noyabr 2022-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı nikahları Altay diyarı, Rubtsovka şəhəri, 7 saylı Məhkəmə sahəsinin Sülh hakiminin 23 noyabr 2016-cı il tarixli Qərarına əsasən xx.xx.2016-cı il tarixdə ləğv edilmişdir. İddia tələbi barədə məlumatlar; Azərbaycan Respublikası vətəndaşı olan İddiaçı cavabdeh Rusiya Federasiyası vətəndaşı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan 22 noyabr 2010-cu il tarixdə anadan olmuş X6 və 20 aprel 2012-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşaq üçün 235 manat məbləğində müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X3 iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, Cavabdeh ilə birgə nikahdan 22 noyabr 2010-cu il tarixdə anadan olmuş X6 və 20 aprel 2012-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşaq üçün 175 manat məbləğində müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında olan rəsmi nikah Altay diyarı, Rubtsovka şəhəri, 7 saylı Məhkəmə sahəsinin Sülh hakiminin 23 noyabr 2016-cı il tarixli Qərarına əsasən ləğv edilmişdir. Birgə nikahdan yetkinlik yaşına çatmayan iki övladı-22 noyabr 2010-cu il tarixdə X6 və 20 aprel 2012-ci il tarixdə X8 anadan olmuşdur. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli, 2(043)- 4217/2018 nömrəli qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 120 manat, cəmi olaraq 240 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Uşaqlar orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Cavabdeh isə övladları ilə maraqlanmır, uşaqların bütün qayğısını ehtiyacını tamamilə iddiaçı çəkir. Böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Cavabdeh hazırda Rusiya Federasiyasında şəxsi biznes ilə məşğuldur. Aylıq gəliri isə kifayət qədər yüksəkdir. Buna görə də aliment sabit pul məbləğində və ən azı iki uşaq üçün 500 (beş yüz) manat məbləğində tutulmalıdır. Ona görə də iddaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçının izahatı; Məhkəmədə İddiaçı iştirak etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək qeyd etmişdir ki, Cavabdeh Rusiya Federasiyasının vətəndaşıdır, hazırda Altay diyarında yaşayır. Onun valideynlərinin yaşayış yeri ünvan 1 ünvanıdır. Cavabdeh də Azərbaycana gələndə valideynlərinin yaşadığı həmin ünvana gəlir. Sonda iddiaçı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən məhkəmə bildirişini Cavabdeh məlum olan adətən gəldiyi (atası Vaqif Cənnətovun qeydiyyatda olduğu) ünvan 1 ünvanına çatdırılması üçün Gəncə şəhər İcra Hakimiyyətinə göndərmiş və məhkəmə bildirişinin surətinin üzərində məhkəmə bildirişinin cavabdehə təqdim edilməsi üçün qəbul edildiyi qeyd edilmiş və bildirişin surəti məhkəməyə qaytarılmışdır. Bundan sonra məhkəmə Mülki Prosessual Məcəllənin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin iş üzrə mövqeyi və tətbiq edilən hüquq. Məhkəmə, iddiaçını dinləyib, iş materiallarını tam, hərtərəfli araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməli, qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq 22 noyabr 2010-cu il tarixdə anadan olmuş X2 və 20 aprel 2012-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli, 2(043)-4217/2018 nömrəli qətnaməsi ilə hər ay hər uşaq üçün müəyyən edilmiş 120 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay bir uşağa görə 175 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə əvvəlcə hazırki iddiaya Gəncə Şəhər Məhkəməsində baxılmasının mümkünlüyü məsələsi üzrə qeyd edir ki, iş materiallarından müəyyən edildiyi kimi, İddiaçı Azərbaycan Respublikasının vətəndaşı, Cavabdeh isə Rusiya Federasiyası vətəndaşıdır. İrəli sürülən iddia alimentin artırılması tələbinə dair iddiadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 440-cı maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. İşin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh atası X5 yaşayış yeri üzrə ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh də Azərbaycana gələndə valideynlərinin yaşadığı həmin ünvana gəlir. Bundan başqa aliment tələbinə dair əvvəlki iddiaya da Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsində baxılmışdır. İşin qeyd edilən hallarına əsaslanan məhkəmə belə qənaətə gəlir ki, hazırki iddiaya baxmağa Gəncə Şəhər Məhkəməsi haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8. 12-ci bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, valideynlərin övladlarını saxlamağa borclu olduqları barədə qanunvericiliyin tələblərini, alimentin tutulması barədə əvvəlki məhkəmə qətnaməsinin qəbul edildiyi 2018-ci ildən bu günə qədər uşaqlar üçün yaşayış minimumunun artdığını, «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edildiyini, iddiaçının hər uşağa görə cavabdehdən 175 manat məbləğində aliment tələb etməsini nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər ay cavabdehdən sabit pul məbləğində tutulan alimentin məbləği artırılaraq hər bir uşaq üçün 175 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına 50 manat xərc ödənilmişdir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.1-ci maddəsinə əsasən, iddianin qiyməti 1000 manatadək olduqda Dövlət rüsumunun məbləği 30 manat müəyyən edilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar Dövlət rüsumunun ödənilməsindən azaddırlar. Azərbaycan Respublikasının MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 113.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Hazırki işdə aliment alınması haqqındakı iddianın qiyməti (350-240)=110 manat x 12 ay)=1320 manat məbləğini təşkil edir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.1-ci maddəsinin tələblərinə əsasən, hazırki işdə ödənilməli olan dövlət rüsumu 33.20 (otuz üç) manat 20 qəpik təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinin tələblərinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Baxılan işdə iddiaçı alimentin alınması tələbi hissədə dövlət rüsumunu ödəməkdən azad edildiyindən, ödənilməli olan 33.20 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən Cavabdeh alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Belə olan halda, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və cavabdehin üzrsüz səbəbdən ilkin mediasiya sessiyasında iştirak etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin əvvəlki-06 sentyabr 2018-ci il tarixli, 2(043)-4217/2018 nömrəli qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləği dəyişdirilsin. Cavabdehlə İddiaçı birgə nikahından 22 noyabr 2010-cu il tarixdə anadan olmuş X6 və 20 aprel 2012-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşağa görə 175 (bir yüz yetmiş beş) manat olmaqla, iki uşaq üçün hər ay cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və həmin məbləğdə alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İlkin mediasiya sessiyasına ödənilmiş 50 (əlli) manat xərc Cavabdeh alınıb, İddiaçı xeyrinə tutulsun. 33,20 (otuz üç) manat 20 qəpik məbləğində dövlət rüsumu Cavabdeh alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar