Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2246/2022 15.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2(043)-1923/2019 saylı qətnaməsi ilə uşaqların saxlanmaları üçün tutulması müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və yetkinlik yaşına çatmayan uşaqların saxlanmaları üçün hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2(043)-1923/2019 saylı qətnaməsi ilə uşaqların saxlanmaları üçün tutulması müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və yetkinlik yaşına çatmayan uşaqların saxlanmaları üçün hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirdi ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2(043)- 1923/2019 saylı qətnaməsi ilə Cavabdeh 30 aprel 2019-cu il tarixdən etibarən 23 noyabr 2006-cı il tarixdə anadan olmuş X1 və 21 sentyabr 2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 140 manat, cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməsi qət edilmişdir. Lakin hazırda tərəflərin birgə nikahından anadan olmuş X1 16 yaşı, X2 isə 12 yaşı olduğuna görə təhsil, geyim və digər xərcləri artmışdır. Həmçinin 2019-cu illə müqayisə olunduqda uşaqlar üçün 2022-ci il yaşayış minimumu bir neçə dəfə artmışdır. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2(043)-1923/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği uşaqların tələbatlarını ödəməyə kifayət etmir. Qeyd olunan səbəblərdən də iddiaçı cavabdehlə birgə nikahlarından anadan olmuş uşaqların maddi xərclərini çətinliklə ödəyir. Həmçinin cavabdeh 2022-ci ildə mənzilin satışından əlavə olaraq, 10.000 manat məbləğində vəsait əldə etmişdir. Sonda Nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədənn xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, o, hazırda heç bir yerdə işləmir və iş axtaran kimi məşğulluq mərkəzində qeydiyyatdadır. Buna baxmayaraq, iddiaçı ilə birgə nikahlarından anadan olmuş uşaqların saxlanılmaları üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti vaxtında ödəyir. Qeyd olunan səbəbdən də onun maddi vəziyyəti yaxşı deyildir və o, öz maddi təminatlarını da çətinliklə ödəyir. Sonda Cavabdeh iddia təmin edilməməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsi və cavabdehi dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2(043)-1923/2019 saylı qətnaməsinin surətindən görünür ki, 30 aprel 2019-cu il tarixdən etibarən 23 noyabr 2006-cı il tarixdə anadan olmuş X1 və 21 sentyabr 2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 140 manat, cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Bundan başqa, həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Minimum aylıq əməkhaqqının məbləğinin artırılması» və «Minimum aylıq əməkhaqqının artırılması haqqında»» Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2021-ci il tarixli sərəncamının 1-ci bəndinə görə minimum aylıq əmək haqqının məbləği 01 yanvar 2022-ci il tarixdən 300 manat müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2022-ci ildə yaşayış minimumu haqqında» 03 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 193 məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2019-cu ildə yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa görə 2019-cu il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 160 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü bəndinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Həmin Qərarın 8.7-ci bəndində məhkəmələrə izah edilmişdir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi nəzərə alınmamalıdır. Məhkəmə cavabdehin məhkəmə iclasında iddia tələbinə etirazının əsası kimi işləməməsinə dair göstərdiyi xüsusatlara hüquqi qiymət verərək, hesab edir ki, həmin hal iddianın rədd edilməsi üçün əsas deyildir. Belə ki, cavabdehin etirazının əsası kimi göstərdiyi qeyd olunan xüsusat onun İddiaçı ilə birgə nikahdan doğulmuş uşaqların maddi təminatının ödənilməsində tam və ya qismən iştirakdan məhrum edilməsinə əsas hesab oluna bilməz. Digər tərəfdən mülki işin məhkəmə iclasında müəyyən olunmuş hallarından görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2(043)- 1923/2019 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün Cavabdeh alınıb X3 verilməsi qət edilmiş alimentin məbləği 2019-ci ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu olan 160 məbləğində pul vəsaitinin 87,5 faizi həddində, yəni 140 manat olmuşdur. 2022-ci ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu olan 193 məbləğində pul vəsaitinin 87,5 faizi isə 168 manat 90 qəpik təşkil edir. Bundan başqa, 2019-cu ildə ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu hazırki tarixədək ötən müddət ərzində 33 manat məbləğində artaraq, 2022-ci ildə 193 manat müəyyən edilmişdir. Bununla əlaqədar məhkəmə tərəflərin maddi vəziyyətini, tərəflərin birgə nikahlarından doğulmuş uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətini, həmin uşaqların mənafeyini və aliment qət edildikdən sonra ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artmasını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli 2(043)-1923/2019 nömrəli qətnaməsi ilə tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün hər ay hər uşağa görə 160 manat sabit pul məbləğində aliment tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq, mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 50 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2(043)- 1923/2019 saylı qətnaməsi ilə uşaqların saxlanmaları üçün tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 23 noyabr 2006-cı il tarixdə anadan olmuş X1 və 21 sentyabr 2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq, mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-2246/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2246/2022
15.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver