Məhkəmə qərarları › İş №2(125)-2264/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2264/2023

25.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2264/2023 25.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Əli oğlunun sədrliyi, X2, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından xx.xx.2012-ci ildə doğulmuş X1 üçün Cavabdeh onun xeyrinə Gəncə Şəhər Məhkəməsinin 2(125)-933/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər ay 187 manat sabit pul məbləğində tutulan alimentin miqdarının artırılaraq, hər ay 220 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında göstərmişdir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-933/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-2570/2020 nömrəli qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləği dəyişdirilməklə, xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 187 (yüz səksən yeddi) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi və həmin məbləğdə alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. Təyin edilmiş aliment uşağın tələbatını minimum səviyyədə ödəyir. Belə ki, bütün zəruri tələbat malları kəskin surətdə artır. Uşağın fiziki və əqli cəhətdən inkişaf etməsi üçün valideyn olaraq bacardığı nə varsa onu edir. Ancaq, bu kifayət etmir. Çünki, uşağı dərsdən əlavə ingilis, rus, alman dillərindən məşğələyə göndərir. Fiziki cəhətdən inkişaf etməsi üçün isə idmana qoyur. Uşağın uzaqdan görmə ilə bağlı problemi vardır. Bununla bağlı olaraq eynək taxır. Ayda ən azından bir eynək dəyişir. Eynəyin qiyməti isə minimum 100 manat civarındadır. Həmçinin uşağın dişlərində olan əyriliyi düzəltmək üçün breketdən istifadə edir. Uşağın minimum aylıq xərci 400-450 manat civarındadır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etiraz ərizəsi təqdim edərək, bildirmişdir ki, vaxtlıvaxtında uşağına təyin olunmuş alimenti ödəyir. Bundan başqa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Onun isə maddi durumunda hər hansı bir dəyişiklik olmamış, əksinə o, yenidən aliə qurmuşdur və ikinci evliliyindən xx.xx.2022-ci il təvəllüdlü X8 adlı 1 uşağı anadan olmuşdur. Uşağın anadangəlmə gözlərində problem vardır, onun gözləri görmür və onun Türkiyədə əməliyyatı üçün hazırda 20000 ABŞ dolları məbləğində pul lazımdır. O bu barədə aidyyatı orqanlara da ərizə ilə müraciət etmişdir. Bundan başqa, birgə nikahdan doğulmuş uşağın saxlanılması nəinki atanın, həmçinin ananın da üzərinə düşür və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimum saxlanılması məhz valideynlərin borcudur. Uşaqların maddi və mənəvi cəhətdən təminatını həm ata, həm də ana eyni qaydada təmin etməlidir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, iddiaçı rəsmi olaraq Gəncə Şəhəri Təcili və təxirəsalınmaz Tibbi yardım Stansiyasında işləyir və aylıq qazancı vardır. Onun isə heç bir rəsmi iş yeri yoxdur, ara işlərdə işləyərək özü və ailəsinin yaşayışını güclə təmin edir. Qazancında hər hansı bir dəyişiklik olmamışdır. Odur ki, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2012-ci il tarixdə Gəncə şəhərində tərəflərin birgə nikahlarından X9 anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-933/2022 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-2570/2020 nömrəli qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləği dəyişdirilməklə, xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 187 (yüz səksən yeddi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi və həmin məbləğdə alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X13 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X9 həqiqətən Z.Məmmədov adına xəstəxananın uşaq poliklinik bölməsinin stomatoloji kabinetində dişlərin anomaliyası diaqnozu ilə qeydiyyatdadır. Həkim-stomatoloq İ.A.Kazımova tərəfindən müayinə edilmiş, burunda çəpər əyriliyi olduğu üçün hər iki çənənin müalicəyə və breketin qoyulmasına, hər 6 aydan bir həkim konsultasiyasına ehtiyacı olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 2 saylı Sumqayıt ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X5 arasında nikah xx.xx.2022-ci il tarixdə bağlanmışdır. Bu barədə akt qeydləri kitabında 11 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində Cavabdeh ilə X3 birgə nikahlarından X8 anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 3 fevral 2023-cü il tarixli məktubundan görünür ki, X4 Tibbi göstəriş olduğu hallarda sığortaolunan şəxs kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi” çərçivəsində tibbi xidmətlərdən icbari tibbi sığorta hesabına yararlana biləcəkləri, müayinə məqsədilə tibb müəssisəsinə müraciət etmələri xahiş olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-933/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-2570/2020 nömrəli qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləği dəyişdirilməklə, xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 187 (yüz səksən yeddi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi və həmin məbləğdə alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının hər ay bir uşağa görə 220 manat sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını nəzərə alır və hesab edir ki, iddia tələbinin tam həcmdə təmin olunması cavabdehin mənafeyinə uyğun deyildir. Məhkəmə qeyd edir ki, uşağın saxlanması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağın saxlanmasına kömək göstərmək və uşağa qayğı göstərmək Cavabdeh valideynlik borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında» Qanuna əsasən 2022-ci ilin yaşayış minumumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını nəzərə alır və hesab edir ki, hazırda cavabdehdən hər ay 197 manat sabit pul məbləğində alimentin tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Bu baxımdan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq tərəflərin birgə nikahlarından xx.xx.2012-ci ildə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-933/2022 saylı qətnaməsi ilə hər ay uşaq üçün müəyyən edilmiş 187 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay bir uşağa görə 197 manat məbləğində müəyyən edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və cavabdehin üzrsüz səbəbdən ilkin mediasiya sessiyasında iştirak etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından xx.xx.2012-ci ildə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-933/2022 saylı qətnaməsi ilə hər ay bir uşaq üçün müəyyən edilmiş 187 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay bir uşağa görə 197 manat məbləğində müəyyən edilsin. Qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq tərəflərin birgə nikahlarından xx.xx.2012-ci ildə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 197 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 (əlli) manat xərc Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar