Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2268/2022 02.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Şakir oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus “KZS Elektroniks” mağazasından aldığı bir ədəd “Samsung” markalı paltaryuyan, bir ədəd “Samsung” markalı televizor və bir ədəd “LG” markalı televizorun qalıq məbləği olan 2070 (iki min yetmiş) manatın və ödənilmiş 41 (qırx bir) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanda yerləşən “KZS Elektroniks” adlanan mağaza işlədir. Həmin mağazada məişət texnikası avadanlıqlarının daxili kredit alqı-satqısı ilə məşğuldur. O, müştərilərlə şifahi razılaşmadan sonra, öz aralarında öhdəlik müqaviləsi bağlayaraq, müştərinin götürəcəyi malın ödənişini hissəhissə ilə ödəmək şərti ilə satır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2020-ci ildə mağazaya yaxınlaşaraq bir ədəd “Samsung” markalı paltaryuyan dəyəri 1080 (bir min səksən) manat, bir ədəd “Samsung” markalı televizor dəyəri 1080 (bir min səksən) manat, bir ədəd “LG” markalı televizor dəyəri 850 (səkkiz yüz əlli) manat, ümumilikdə 3010 (üç min on) manat məbləği bir il müddətinə hissə-hissə ödəməyi öz öhdələrinə götürmüşdürlər. Cavabdehlər aylıq ödənişlərinə dair bugünkü tarixə kimi ümumilikdə 940 (doqquz yüz qırx) manat məbləğ ödəniş etmişdir. Qalan məbləğ 2070 (iki min yetmiş) manata dair heç bir ödəniş etməmişdirlər. Bundan sonra cavabdehləri öz borclarını ödəməyi bildirsə də, müxtəlif bəhanələrlə onu yubatmış və bunun nəticəsidir ki, xx.xx.2020-ci il tarixdən, on iki ay müddətinə ödənilməsini razılaşdıqları borcu bu günə kimi ödəyib tamamlamamışlar. Ona görə də, hesab edir ki, müqavilə üzrə qalıq borcu olan 2070 (iki min yetmiş) manat məbləğin alınıb ona verilməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X1 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirdi ki, İddiaçı ona qarşı olan iddia tələbini qəbul edir. Belə ki, hər ay iddiaçıya olan borcunu 100 manat ödəməklə bağlı onunla razılığa gəlmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; “KZS Elektroniks” mağazasının müdiri İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsinə əlavə olunan ödəniş cədvəlinə əsasən, sonuncu 1080 manat dəyərində aldığı “Samsung” markalı paltaryuyan, 1080 manat dəyərində aldığı “Samsung” markalı televizor, 850 manat dəyərində aldığı “LG” markalı televizora görə 12 ay ödəniş cədvəli üzrə hər ay 90 manat olmaqla, cəmi 3010 (üç min on) manat ödəməyi öhdəsinə götürmüşdür. Aylıq ödənişlərdən ümumilikdə 940 (doqquz yüz qırx) manat məbləğində ödəniş edilmişdir. Həmin müqavilə sadə yazılı formada tərtib edilmiş və müqavilə iştirakçıları tərəfindən imzalanmışdır. xx.xx.2022-ci il tarixli İddiaçı tərəfindən Cavabdeh1 ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh1 arasında mal satışına dair nisyə alğı-satqı müqaviləsi bağlanmış, satıcı öz üzərinə düşən öhdəliyini yerinə yetirmiş və elektrik avadanlıqlarını cavabdehin sahibliyinə vermiş, cavabdeh isə öz üzərinə düşən öhdəliklərini yerinə yetirməyərək, ödəniş cədvəlində göstərilən müddətdə və məbləğdə pulu satıcıya ödəməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, müddətli (nisyə) alğı-satqı müqaviləsi İddiaçı ilə Cavabdeh1 arasında bağlanmışdır. Malın iddiaçı tərəfindən Cavabdeh2 verilməsi və aralarında razılaşma, eləcə də sonuncunun iş üzrə digər cavabdeh olan Cavabdeh1 aldığı mala dair zamin durması sübut olunmamışdır. Belə ki, iddiaçı bu barədə məhkəməyə zaminlik müqaviləsini təqdim edə bilməmişdir. Buna görə də müqavilə üzrə Cavabdeh2 vəzifələri (öhdəlikləri) müəyyən olunmadığından ona qarşı iddia təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Bu səbəbdən də, 41 (qırx bir) manat dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilməli, nisyə alqı-satqı müqaviləsi üzrə 2070 (iki min yetmiş) manat və məhkəmə xərci qismində 41 (qırx bir) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 2111 (iki min yüz on bir) manat pul Cavabdeh1 tutularaq, İddiaçı ödənilməlidir. İddia tələbi digər Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 2070 (iki min yetmiş) manat və məhkəmə xərci qismində 41 (qırx bir) manat dövlət rüsumu olmaqla, ümumilikdə 2111 (iki min yüz on bir) manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi digər Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-2268/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2268/2022
02.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver