Məhkəmə qərarları › İş №2(125)-227/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-227/2024

11.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-227/2024 11.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X18 Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, İddiaçı və vəkili X7, Cavabdeh1 və 3-cü şəxs X13 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh1 adına **********0060 nömrəli şəxsi hesab vərəqəsi ilə verilən ünvan 1 ünvanda yerləşən mənzildən onun, yəni İddiaçı istifadə hüququnun taninmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X21, X11, X8 və X14 iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmişlər. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, ünvan 1 ünvanda yerləşən 4 otaqlı mənzilin **********0060 nömrəli şəxsi hesab vərəqəsi ilə Cavabdeh1 adınadır. Cavabdehlərdən Cavabdeh2 ilə xx.xx.2006-ci ildə el adəti ilə evlənib ailə qurmuş, xx.xx.2010-cu il tarixdə isə nikahları rəsmi qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2007-ci il tarixdə X9 və xx.xx.2010-cu il tarixdə X15 adlı iki uşaqları anadan olmuşdur. Cavabdeh2 ilə evləndikləri gündən, yəni xx.xx.2006-cı ildən o, Cavabdeh1 və cavabdeh həyat yoldaşı Cavabdeh2 razılığına əsasən Cavabdeh1 adına olan mənzilə gəlin gəlmiş və hal-hazıra kimi uşaqları ilə birlikdə həmin mənzildə yaşayır. Orada əri ilə ailə həyatı yaşamış, birgə təsərrüfat idarə etmiş və bir ailənin üzvləri olaraq yaşamışlar. Onun bütün cehiz əşyaları həmin mənzildədir. X1 və X15 həmin mənzildə qeydiyyatdadırlar. Cavabdehlərdən Cavabdeh2 ilə onlar ər-arvad münasibəti pozulduğu üçün xx.xx.2023-cü il tarixli 2(125)-876/2023 saylı Gəncə Şəhər Məhkəməsinin qətnaməsinə əsasən onların nikahı pozulmuşdur. Nikah pozulduqdan sonra cavabdehlər onun həmin mənzildə uşaqları ilə birlikdə rahat yaşamağına imkan vermirlər. Belə ki, təbii qazın, işığın kartını vermirlər və onu qazsız, işıqsız qoyurlar, suyu və interneti bağlayırlar, yəni onu və uşaqlarını bezdirib mənzildən çıxmağını istəyirlər və demək olar ki, bu səbəbdən hər gün aralarında söz-söhbət, dava-dalaş yaradılır, onu uşaqları ilə birlikdə mənzildən çıxmağını tələb edirlər. Uşaqlara deyirlər ki, onları uşaq evinə verəcəklər, halbuki, məhkəmənin qətnaməsinə əsasən uşaqların onun yanında saxlanılması qət edilmişdir. Onları bu sözləri uşaqların psixikasına təsir edir. Odur ki, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. 68.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. 68.4. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili X16 iddianı müdafiə edərək, iddiaçının izahatı ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf etməyərək bildirmişdir ki, iddiaçının köçmək istədiyi ünvan 1 ünvanda, yeni qaydalarla Gəncə şəhəri, Atatürk prospekti 247, M5, m1 ünvanda yerləşən ümumi sahəsi 89.4 kv.m. olan mənzil şəxsi mülkiyyət hüququ ilə onun adına qeydə alınmışdır. İddiaçı 2006-cı ildə oğlu Rüfətlə ailə quraraq ona məxsus evə gəlin gəlmiş, həmin mənzildə onların iki uşaqları olmuş və bu vaxtadək həmin mənzildə yaşamışlar. 2023-cü ildə iddiaçı oğlu Rüfətlə ayrılmışlar. Mülkiyyət hüququ ilə ona məxsus evdə iddiaçının yaşamasını istəmir. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında 3-cü şəxs X21 iddianı etiraf etməyərək bildirmişdir ki, iddiaçının köçmək istədiyi ünvan 1 ünvanda, yeni qaydalarla Gəncə şəhəri, Atatürk prospekti 247, M5, m1 ünvanda yerləşən ümumi sahəsi 89.4 kv.m. olan mənzil şəxsi mülkiyyət hüququ ilə onun əri Rasimin adına qeydə alınmışdır. İddiaçı 2006-cı ildə oğlu Rüfətlə ailə quraraq ona məxsis evə gəlin gəlmiş, həmin mənzildə onların iki uşaqları olmuş və bu vaxtadək həmin mənzildə yaşamışlar. 2023-cü ildə iddiaçı oğlu Rüfətlə ayrılmışlar. Mülkiyyət hüququ ilə ərinə məxsus evdə iddiaçının yaşamasını istəmir. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh2, 3-cü şəxslər X11, X8 və X14 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh2, 3-cü şəxslər X11, X8 və X5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyərək, işdə olan materialları nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, işdə olan Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2023-cü il tarixli **********060 saylı şəxsi hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 adına olan Atatürk prospekti 197/13, mənzil 60 ünvanında yerləşən mənzildə arvadı X21, oğlu Cavabdeh2, qızı X11, qızı X8 və qızı X3 ibarət ailə üzvləri vardır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda, yeni qaydalarla Gəncə şəhəri, Atatürk prospekti 247, M5, m1 ünvanda yerləşən ümumi sahəsi 89.4 kv.m. olan mənzil tam mülkiyyət hüququ ilə xx.xx.2023-cü il tarixdə **********66- 05101-093009 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə Cavabdeh1 adına qeydə alınmışdır. İşdə olan X17 məhkəməyə ünvanladığı teleqramdan görünür ki, o, İddiaçı, X22 və X10 onlara məxsus olan ünvan 1 ünvanda yaşamağına etiraz edirlər. İşdə olan X2 məhkəməyə ünvanladığı teleqramdan görünür ki, o, İddiaçı, X22 və X10 onlara məxsus olan ünvan 1 ünvanda yaşamağına etiraz edirlər. İşdə olan X4 ərizəsindən görünür ki, o, İddiaçı, X22 və X10 onlara məxsus olan ünvan 1 ünvanda yaşamağına etiraz edirlər. İşdə olan Gəncə Şəhər Məhkəməsinin 2(125)-876/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış, xx.xx.2010-cu il tarixdə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsində 08 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulması, tərəflərin birgə nikahından xx.xx.2007-ci ildə anadan olmuş X9, xx.xx.2010-cu ildə anadan olmuş X10 İddiaçı yanında saxlanılması, tərəflərin birgə nikahından xx.xx.2007-ci ildə anadan olmuş X9, xx.xx.2010-cu ildə anadan olmuş X10 yetkinlik yaşına çatanadək saxlanması üçün 13 dekabr 2022-ci il tarixdən başlayaraq hesablanmaqla hər ay Cavabdeh2 hər uşağa 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X15 xx.xx.2010-cu ildə Gəncə şəhərində anadan olmuşdur. Atası Cavabdeh2, anası İddiaçıdır. İşdə olan “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 xx.xx.2007-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Atası Cavabdeh2, anası İddiaçıdır. İşdə olan Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 9 nömrəli xidmət sahəsinin 463 saylı xx.xx.2023-cü il tarixli arayışından görünür ki, həqiqətən İddiaçı xx.xx.2006-cı il tarixdən bu günədək ünvan 1 ünvanda X1-2007 və X15-2010 ilə birlikdə qeydiyyatsız yaşayır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh2 xx.xx.2006-ci ildə el adəti ilə evlənib ailə qurmuş, xx.xx.2010-cu il tarixdə isə nikahları rəsmi qeydə alınmışdır. Cavabdeh2 ilə evləndikləri gündən xx.xx.2006-cı ildən həmin vaxtı order əsasənda Cavabdeh1 adına olan mənzilə köçmüşlər. Həmin mənzildə yaşadıqalrı dövrdə Cavabdeh1 ilə iddiaçının birgə nikahlarından xx.xx.2007-ci il tarixdə X9 və xx.xx.2010-cu il tarixdə X15 adlı iki uşaqları anadan olmuşdur. 2023-cü ildə münasibətləri pisləşdiyi üçün Gəncə Şəhər Məhkəməsinin 2(125)-876/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış, xx.xx.2010-cu il tarixdə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsində 08 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulması, tərəflərin birgə nikahından xx.xx.2007-ci ildə anadan olmuş X9, xx.xx.2010-cu ildə anadan olmuş X10 İddiaçı yanında saxlanılması, tərəflərin birgə nikahından xx.xx.2007-ci ildə anadan olmuş X9, xx.xx.2010-cu ildə anadan olmuş X10 yetkinlik yaşına çatanadək saxlanması üçün 13 dekabr 2022-ci il tarixdən başlayaraq hesablanmaqla hər ay Cavabdeh2 hər uşağa 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinindən çıxarış əsasında ünvan 1 ünvanda, yeni qaydalarla Gəncə şəhəri, Atatürk prospekti 247, M5, m1 ünvanda yerləşən ümumi sahəsi 89.4 kv.m. olan mənzil tam mülkiyyət hüququ ilə xx.xx.2023-cü il tarixdə **********66-05101-093009 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə Cavabdeh1 adına qeydə alınmışdır. İddiaçı hazırda cavabdehlərin onun yaşamağına imkan vermədiklərini qeyd edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4. maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası ilə əlaqədar qeyd etməyi vacib hesab edir ki¸ iddiaçının tələbi Cavabdeh1 istifadəsində olan mənzildən istifadə ilə bağlı olduğundan tərəflərin arasında yaranan münasibətlərə yaşayış sahəsindən istifadə ilə bağlı münasibətləri tənzimləyən normalar tətbiq edilməlidir. Göründüyü kimi tərəflər arasında münasibətlər 2006-cı ildə yaranmış və həmin vaxt mübahisəli mənzil mülkiyyətdə olmamışdır və dövlət mənzil fonduna aid olmuşdur. Azərbaycan Respublikasının 08 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən mənzil fonduna dövlət mənzil fondu, ictimai mənzil fondu, mənzil-tikinti kooperativləri fondu və fərdi mənzil fondu daxildir. Dövlət mənzil fonduna aid mənzilin istifadəçisinin ailə üzvlərinin hüquq və vəzifələri 1982-ci il redaksiyalı Azərbaycan Respublikasının Mənzil Məcəllənin 123-cü maddəsi ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Мənzil Мəcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdir. Bu məcəllənin 53-cü maddəsinə göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarının köçürmək ixtiyarına malikdirlər, digər ailə üzvlərinin köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmçinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri, icarədarın arvadı(əri), onların uşaqları və valideynləri, həmçinin icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsindən yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmçinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. İş materiallarından məlum olur ki, İddiaçı Cavabdeh2 ilə 2006-cı ildə faktiki nikah münasibətlərinə daxil olmaqla, 2010-cu ildə nikahlarını rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahlarından xx.xx.2007-ci ildə anadan olmuş X9 və xx.xx.2010-cu ildə anadan olmuş X15 adlı uşaqları anadan olmuşdur. İddiaçı və övladları əsasında ünvan 1 ünvanda, yeni qaydalarla Gəncə şəhəri, Atatürk prospekti 247, M5, m1 ünvanda yerləşən ümumi sahəsi 89.4 kv.m. olan mənzildə qeydiyyatsız yaşamışlar. Tərəflərin münasibətləri ilk vaxtlar yaxşı olsa da, sonradan münasibətləri gərginləşmiş, aralarında soyuqluq yaranmışdır. Buna görə xx.xx.2023-cü ildə Gəncə Şəhər Məhkəməsinin qətnaməsi ilə tərəflərin arasında olan nikahları pozulmuşdur. Mübahisəli mənzil 2023-cü ilədək **********060 saylı şəxsi hesab əsasında dövlət mənzil fonduna aid olmaqla Cavabdeh1 adına olan Atatürk prospekti 197/13, mənzil 60 ünvanında yerləşən mənzildə arvadı X21, oğlu Cavabdeh2, qızı X11, qızı X8 və qızı X3 ibarət ailə üzvləri birlikdə qeydə alınmışdır. Mənzil xx.xx.2023-cü il tarixdə **********66-05101-093009 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə Cavabdeh1 adına qeydə alınmışdır. Məhkəmə hesab edir ki, mübahisəli mənzil 2023-cü ilədək dövlət mənzil fonduna aid olduğundan və iddiaçı həmin mənzilə 2006-cı il tarixdə köçdüyündən onlar arasında olan münasibətlərə Azərbaycan Respublikasının 08 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 54-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, mübahisəli mənzil fərdi mənzil fonduna aid olduğundan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 54-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçının həmin mənzildən istifadə hüququ yaranmışdır. Bu baxımdan iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Belə olan halda, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və cavabdehlərin ilkin mediasiya sessiyasında iştirak etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərcin 25 manatı və məhkəməyə ödədiyi 50 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbayjan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanda, yeni qaydalarla Gəncə şəhəri, Atatürk prospekti 247, M5, m1 ünvanda yerləşən ümumi sahəsi 89.4 kv.m. olan mənzilə istifadə hüququ tanınsın. İş üzrə iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 (əlli) manat xərcin 25 manatı və məhkəməyə ödədiyi 50 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar