Məhkəmə qərarları › İş №2(125)-2273/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2273/2023

04.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2273/2023 04.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Şakir oğlunun sədrliyi, X6 iclas katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli 2(044)-2349/2020 saylı qətnaməsinə əsasən 11 fevral 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qət edilmiş alimentin məbləği artırılaraq ayda sabit məbləğdə 250 (iki yüz əlli) manat məbləğində müəyyən edilməklə ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, 2009-cu ildə Cavabdeh ilə ailə qurmuşdur. Rəsmi olaraq nikahları qeyd edilməmişdir. Birgə ailə həyatlarından xx.xx.2011ci ildə övladları X4 anadan olmuşdur. Ailə həyatları çox sürməmiş və aralarında olan münasibətə son verib uşağın saxlanması üçün aliment tələb edərək məhkəməyə müraciət etməli olmuş və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(044)-2349/2020 qətnaməsi ilə himayəsində olan oğlunun saxlanılması üçün cavabdehdən 170 manat aliment qət edilmişdir. Ölkədə baş verən bahalaşma uşağın tələbatlarının ödənilməsində çətinlik yaratmışdır. Belə ki, uşaq qidası paltarın qiyməti artmışdır. Cavabdehin ödədiyi aliment oğlunun tələbatlarını ödəmir. O, uşağını təkbaşına və çox çətinliklə böyüdür. İşləmir, oğluna çətinliklə baxır. Cavabdeh aliment ödəməkdən başqa oğluna əlavə olaraq maddi köməklik etmir, mənəvi dəstək göstərmir. Onunla əlaqəsi olmadığından konkret olaraq harada işləməsindən xəbəri yoxdur, lakin bir şəhərdə yaşadıqlarından onun maddi vəziyyətinin yaxşı olmasını, fərdi qaydada işləyib pul qazanmasını, hətta yeni ailə qurmasını eşitmişdir. O, cavabdehin maddi vəziyyətinin yaxşı olmasından sevinir və arzulayır ki, gəliri daha çox olsun. Təki onun maddi vəziyyəti yaxşı olsun və uşağını da unutmasın. Özünün vəziyyəti çətindir, valideynlərinin hesabına yaşayır. Anası xəstə insandır, 80 yaşı vardır. Odur ki, alimentin artırılmasına böyük ehtiyacı vardır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği Muhəmməd adlı uşağın tələbatlarını ödəməyə kifayət etmir. Çünki uşaq böyüdükcə onun tələbatları da artır. Belə ki, ildən ilə bahalaşma nəticəsində inflyasiya gedir və aldığı 170 manat aliment dəyərdən düşür. Özü ali təhsillidir, lakin uşaq azyaşlı olduğundan heç yerdə işləmir və uşağın saxlanılmasında əziyyət çəkir. Cavabdeh fərdi əməklə məşğuldur, qazancı yaxşıdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Cavabdeh ikinci dəfə ailə həyatı qurmuşdur. Lakin həmin nikahından uşağı yoxdur. Cavabdeh məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini vaxtı-vaxtında ödəyir. Cavabdeh gəlirlərində hər hansı dəyişiklik olmamış və iddiaçı bu barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İddia ərizəsinə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş yazılı sübutlar; AZ-İİİ seriyalı, 980052 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 11 fevral 2011-ci il tarixdə doğulmuşdur. Valideynləri atası – Cavabdeh, anası – İddiaçıdır. AZ-İ seriyalı, 246928 nömrəli, 18 sentyabr 2017-ci il tarixli, Gəncə şəhəri Kəpəz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, vətəndaş Cavabdeh 11 fevral 2011-ci ildə vətəndaş İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 11 mart 2011-ci il tarixdə 95 nömrə ilə qeyd edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2349/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdən başlayaraq, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. 21 fevral 2023-cü il tarixli, MŞG/1-00623 nömrəli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışdan görünür ki, bu arayış İddiaçı və Cavabdeh 21 fevral 2023-cü il tarixində, 16:00 saatlarında “alimentin artırılması” mübahisəsi üzrə keçirilən ilkin mediasiya sessiyasında iştirak etdiyini təsdiq etmək üçün verilir. Lakin, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, hesab edir ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılması hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş sübutların bilavasitə tədqiqi zamanı aydın oldu ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2349/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi əsasən xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Lakin, həmin vaxtdan uşaq böyüdüyü və onun xərclərinin artdığı üçün qət edilmiş 170 (bir yüz yetmiş) manat məbləğdə aliment uşağın saxlanması üçün yetərli olmadığından, cavabdeh uşağın saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən, İddiaçı “aliment məbləğinin artırılması” tələbinə dair mediasiya şurasına müraciət etmiş, tərəflər arasında razılıq əldə olunmamış, o səbəbdən də iddiaçı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbinin təmin edilərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli 2(044)-2349/2020 saylı qətnaməsinə əsasən 11 fevral 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qət edilmiş alimentin məbləği artırılaraq ayda 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi isə Cavabdeh ikinci dəfə ailə həyatı qurduğunu, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini vaxtı-vaxtında ödədiyini, gəlirlərində hər hansı dəyişikliyin olmadığını bildirərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, aliment məbləğinin artırılması tələbi iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, iddiaçının cavabdehdən tələb etdiyi alimentdən iki il yarımdan çox vaxt keçməsi və uşaq böyüdükcə onun tələbatları və saxlanma xərclərinin nisbətən artması, hazırda uşağın məktəbli olmasını, tərəflərin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı cavabdehin gəlirləri barədə sübut təqdim edə bilməmişdir. Buna baxmayaraq məhkəmənin qənaəti ondan ibarətdir ki, hazırki iş üzrə alimentin məbləği artırılan zaman əvvəlki qətnamə üzrə təyin olunan alimentin məbləği ilə yeni müəyyən olunacaq alimentin məbləği arasında mütənasiblik gözlənilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşağın maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, tərəflərin gəlirləri barədə sübutların təqdim edilməməsini və habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşağın təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, 11 fevral 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2349/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı dəyişdirilmiş (artırılmış) alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı mediasiya xərci üçün ödədiyi məbləği tələb etmədiyindən həmin xərc onun özünə aid edilməlidir. Bundan başqa «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, İddiaçı olmaqla hazırki iddianı məhkəmədə qaldırmaq üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün ona hər ay cavabdeh tərəfindən ödənilməli olan alimentin artırılmış hissəsi 20 manat olmaqla, həmin məbləğin bir il ərzində məcmusu 240 manat təşkil etdiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2349/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılsın və 11 fevral 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilsin. Artırılmış hissədə alimentin tutulması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə mediasiya xidməti üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar