Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2281/2024 03.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" KB ASC, Cavabdeh iddiaçının xeyrinə 119,44 manat əsas borc, 0 manat faiz borcu, 55,4 manat cərimə, cəmi 174,84 manat pul vəsaitinin, 0,40 manat xidmət haqqının və 30 manat dövlət rüsumunun əvəzinin tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, iddiaçı Bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli ödəniş kartına xidmət göstərilməsi haqqında müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə əsasən Bank müştəriyə cari hesab açmağı və hesab üzrə ödəniş kartı vasitəsilə hesablaşma-kassa əməliyyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsini təşkil edir, müştəri isə bu müqavilənin ayrılmaz hissəsi olan Bankın müəyyən etdiyi tarif üzrə ona göstərilən Bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Bank tərəfindən açılmış hesab üzrə cavabdeh tərəfindən texniki overdrafta yol verilmiş və həmin overdraft məbləğindən ödənişlər edilməmişdir. Sonradan cavabdeh ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bugünədək geri qaytarmamışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Cavabdehin ünvanına yazılı məhkəmə bildirişi və prosessual hüquq və vəzifələr barədə qanundan çıxarış göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmiş, bu barədə müvafiq xəbərnamə işə əlavə edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Texniki Overdraft-akseptsiz və ya təkrar silinmə, valyuta məzənnəsinin dəyişdirilməsi və ya texniki əməliyyat nəticəsində hesabda yaranan mənfi qalıq, borc və öhdəlikdir. Həmin müqavilənin 2.7-ci bəndində qeyd edilmişdir ki, kartdan istifadə olunmaqla aparılmış bütün əməliyyatlara, imza etdiyi kart-çeklərə görə müştəri məsuliyyət daşıyır. Müqavilənin 2.9-cu bəndində nəzərdə tutulmuşdur ki, müəyyən texniki səbəblərə görə hesabda mövcud olan pul vəsaitindən daha artıq istifadə oluna bilinməsi texniki overdraftın formalaşması ilə nəticələnə bilər. Hesab üzrə texniki overdraft yarandığı halda müştəri bank qarşısında yaranmış borcu texniki overdraftın yarandığı gündən ən geci 30 (otuz) iş günü ərzində ödəməlidir. Müəyyən edilmiş vaxtda müştəri bank qarşısında yaranmış borcunu ödəmədiyi təqdirdə, yaranmış texniki overdraft üzrə həmin tarixdən etibarən illik 30 (otuz) faiz məbləğində cərimə ödənişi həyata keçirməlidir. Yaranmış borc və ona hesablanan cərimə faizləri müəyyən edilmiş müddətdə qaytarılmadıqda bank müştərini xəbərdar etmədən kartın fəaliyyətini dayandıra bilər. Hesab üzrə texniki overdraftın yarandığı və ya müştəriyə kredit xətti açıldığı təqdirdə yaranmış borc məbləği və hesablanmış cərimə faizləri, dəbbə pulu Bank tərəfindən müştəriyə məxsus olan bank hesablarından, o cümlədən digər valyutalardakı hesablarından cari kommersiya məzənnə kursu ilə konvertasiya olunaraq, komisyon haqqları tutulmaq şərtilə akseptsiz qaydada silinə bilər. Müqavilənin 3.1.7-ci bəndinə görə kart bankın mülkiyyəti hesab edilir. Həmin müqavilənin 3.4.2-ci bəndində qeyd edilmişdir ki, kart vasitəsilə bir qayda olaraq hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və hesab üzrə texniki overdrafta yol verməmək, texniki Overdraft Bankla razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin Bank qarşısında yaranmış borcudur və Müştəri tərəfindən məcburi qaydada ödənilməlidir. Müqavilənin 3.1.1-ci bəndinə görə müştəri tərəfindən bu müqavilənin 3.4.2-ci bəndinin tələbləri yerinə yetirilmədikdə əsas kart və əlavə kartlar üzrə əməliyyatları dayandırmaq və bank tarifləri əsaısnda yerinə yetirilməmiş öhdəlik məbləğində cərimə tutmaq bankın hüququdur. İş materiallarına əlavə edilmiş, xx.xx.2024-cü il tarixli elektron arayışdan və hesabdan çıxarışdan görünür ki, cavabdehin Banka 119,44 manat borcu yaranmış, ona 55,4 manat cərimə hesablanmışdır. Cavabdehin ünvanına bank tərəfindən xx.xx.2023-cü il tarixli bildiriş göndərilərək ona sözügedən müqaviləsi üzrə Banka borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun 3 iş günü ərzində ödənilməsi təklif olunaraq müqavilənin 3 iş günü müddətində ləğv edilməsi təklif olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 954.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir (maddə 462.1). Məhkəmə qeyd edir ki, Texniki Overdraft dedikdə, texniki səhv nəticəsində ödənilmiş (köçürülmüş), qalıq və ya borc qismində pul vəsaiti başa düşülür. İşin hallarından göründüyü kimi, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək cavabdehə bank hesabı açmışdır, habelə müqavilə üzrə digər öhdəliklərini yerinə yetirmişdir. Lakin cavabdeh öhdəliyini pozaraq, hesabına iddia ərizəsində göstərilən məbləğdə pul vəsaitini qoymadan, əslində isə iddiaçıya məxsus olan pul vəsaitini hesabdan məxaric edərək iddiaçıya maddi ziyan vurmuşdur. İşin bu halı iş materiallarında olan cavabdeh tərəfindən pul vəsaitlərinin çıxarılması əməliyyatlarını əks etdirən hesabdan çıxarışda öz əksini tapmışdır. Hesabdan çıxarışda əks olunmuş məlumatlardan da görünür ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixində ümumilikdə 119,44 manat pul vəsaiti çıxarılmışdır. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə iddia tələbinin qanuni əsasını tərəflər arasındakı xx.xx.2019-cu il tarixli, ******* nömrəli “ödəniş kartına xidmət göstərilməsi haqqında” müqavilənin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1 və 445.7.1-ci maddələri təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisənin qanuni əsasını əsassız varlanma təşkil etmir. Çünki, tərəflər arasında etibarlı müqavilə münasibətləri qüvvədə olmuşdur və mübahisənin faktiki və hüquqi əsasları həmin müqavilənin yuxarıda sadalanan bəndlərində öz əksini tapmışdır. Belə ki, təqdim edilmiş ödəniş kartından çıxarışa əsasən müəyyən olunur ki, cavabdehin kartına texniki maliyyə əməliyyatı səhvi olaraq bank tərəfindən köçürülmüş 119,44 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən geri qaytarılmamışdır. Cavabdeh müqavilə öhdəlikləri üzrə həmin məbləği geri qaytarmaq vəzifəsini icra etməməklə müqavilə üzrə sərbəst iradəsinə əsasən üzərinə götürdüyü vəzifəyə əməl etməmiş və nəticədə iddiaçıya maddi zərər vurmuşdur. Qeyd edilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdeh heç bir əsas olmadan və özünə məxsus olmayan pul vəsaitlərini istifadəsində olan kart vasitəsi ilə bankdan çıxarmaqla müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, iddiaçıya ziyan vurmuşdur. Ona görə də, idiaçının hesabına əldə etdiyi 119,44 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlar cavabdehin kartına texniki maliyyə əməliyyatı səhvi olaraq bank tərəfindən 119,44 manat məbləğində pul vəsaitinin köçürüldüyünü təsdiq edir, cavabdeh məhkəməyə iddia tələbini təkzib edəcək, həmin məbləğin düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə tərəflər arasında bağlanmış sözügedən müqavilənin şərtlərini nəzərə alaraq, cavabdehdən iddiaçının xeyrinə 9,56 məbləğində cərimə tutulmasını məqsədəmüvafiq hesab edir. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia əsasən əsaslı olduğundan, məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi və iddiaçının bank xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi 0,40 manat əlavə xərcin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 119,44 manat, cərimə üzrə 9,56 manat olmaqla, cəmi 129 (bir yüz iyirmi doqquz) manat və ödənilmiş dövlət rüsumunun, bank xidmət haqqının əvəzi kimi 30,40 (otuz manat qırx qəpik) manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-2281/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2281/2024
03.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver