Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2283/2024 16.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Tahir oğlunun sədrliyi və Səfixanova Arzu Sabir qızının katibliyi ilə, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 12400 manat əsas, 4363 manat faiz, 848,44 manat cərimə olmaqla, cəmi 17611,44 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 142,96 manat məbləğində vəsaitin "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılıb iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC-nin xx.xx.2022-ci il tarixli bank xidmətlərinin təqdim edilməsinə dair ümumi ofertası əsasında iddiaçı "xxxx" KB ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il müddətinə, illik 26% ödəmək şərtilə 12400 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixində ərizə-anket imzalamaqla iddiaçı "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 12400 manat əsas, 4363 manat faiz, 848,44 manat cərimə olmaqla, cəmi 17611,44 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2022-ci il tarixli ərizə-anket və imza nümunəsindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixində ərizəanket imzalamaqla iddiaçı "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. xx.xx.2022-ci il tarixli sms bildirişdən görünür ki, cavabdehə xx.xx.2025-ci il tarixədək, illik 26%-lə 12400 manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" KB ASC-yə xx.xx.2024-cü il tarixə 12400 manat əsas, 4363 manat faiz, 848,44 manat cərimə olmaqla, cəmi 17611,44 manat borcu vardır. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında müqavilə bağlanmış və tərəflər müqavilə üzrə üzərlərinə öhdəlik götürmüşlər. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə iddia tələbinin faiz borcunun və cərimənin tutulması hissəsinə qiymət verərək hesab edir ki, faiz borcunun və cərimənin tutulması hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə bildiriş verərək müqavilə üzrə vaxtı çatmamış borcun bütövlükdə geri qaytarılmasını tələb etməklə müqaviləni ləğv etməsinə baxmayaraq müqavilə ləğv olunduqdan sonra da faiz borcu tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü l tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmin qərarda qeyd olunur ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair borcluya verdiyi bildirişdə əlavə müddət bitdiyi tarixdən müqavilə ləğv olunmuş sayıldığına görə bundan sonrakı dövr üçün cavabdehdən müqavilə üzrə faizi tələb edə bilməz. Odur ki, iddiaçı həmin tarixdən etibarən borcun tam qaytarıldığı vaxtadək öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin (əgər digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, ən azı illik beş faizin) ödənilməsini borcludan tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, tələb olunan 848,44 manat cərimə məbləği azaldılaraq 48,44 manat həddində müəyyən edilməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, kredit borcunu ödəməli olduğu halda öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 12400 manat əsas, 1431,81 manat faiz, 48,44 manat cərimə olmaqla, cəmi 13880,25 manat pul Cavabdeh alınaraq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 131,64 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 12400 manat əsas, 1431,81 manat faiz, 48,44 manat cərimə olmaqla, cəmi 13880,25 (on üç min səkkiz yüz səksən manat 25 qəpik) manat pul və 131,64 manat dövlət rüsumu alınaraq "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-2283/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2283/2024
16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver