Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2286/2022 05.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu, «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı 11 avqust 2018-ci il tarixli, 5454sGNDJ/18 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.354 manat 40 qəpik, 16 avqust 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 34 manat 09 qəpik, cəmi 1.388 manat 49 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 34 manat 29 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 29 sentyabr 2022-ci il tarixdə «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı 11 avqust 2018-ci il tarixli, 5454sGNDJ/18 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.354 manat 40 qəpik, 16 avqust 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 34 manat 09 qəpik, cəmi 1.388 manat 49 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 34 manat 29 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş 03 oktyabr 2022-ci il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 11 avqust 2018-ci il tarixli, 5454sGNDJ/18 saylı kredit müqaviləsinin surətindən görünür ki, «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti X1 oğluna kreditdən istifadəyə görə illik 35% borc faizləri ödəməsi şərtilə, 120 ay müddətinə 20.000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin 16 avqust 2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, X1 oğlu ilə «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti arasında bağlanmış 11 avqust 2018-ci il tarixli kredit müqaviləsinə əsasən X1 oğlunun borcu əsas borc qismində 1.354 manat 40 qəpik, 16 avqust 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 34 manat 09 qəpik, cəmi 1.388 manat 49 qəpik məbləğində təşkil edir. İşdə olan AZ-İİ seriyalı, 082494 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 oğlu 05 aprel 2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 05 yanvar 2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, 05 aprel 2020-ci il tarixdə ölmüş X1 oğlunun arvadı Cavabdeh vərəsəliyi qəbul etmiş, lakin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almamışdır. Beləliklə, işdə olan sübutlarla S.Ə.Vəliyevin «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti ilə bağladığı kredit və bank hesabı müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya əsas borc qismində 1.354 manat 40 qəpik, 16 avqust 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 34 manat 09 qəpik məbləğində borcunun yarandığı, S.Ə.Vəliyevin ölümündən sonra həmin şəxsə məxsus əmlakın Cavabdeh tərəfindən qəbul olunması təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Mülki Məcəllənin qeyd olunan normalarından da göründüyü kimi mirasın aktivini qəbul etmiş vərəsələr mirasqoyanın öhdəlikləri üçün qəbul etdiyi miras payı həcmində birgə borclu kimi məsuliyyət daşıyır. Eyni zamanda mirasqoyanın borclarının miras aktivindən çox olmasını sübuta yetirmək yükü də vərəsələrin üzərinə düşür. Göstərilən qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, mərhum S.Ə.Vəliyevin kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi Cavabdeh vərəsə kimi ondan miras qalmış əmlakı rəsmi qaydada qəbul etmişdir. Lakin cavabdeh mirasqoyanın öhdəliyini icra etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh 11 avqust 2018-ci il tarixli, 5454sGNDJ/18 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş əsas borcun əvəzi qismində 1.354 manat 40 qəpik, 16 avqust 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 34 manat 09 qəpik, cəmi 1.388 manat 49 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 34 manat 29 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin xeyrinə 11 avqust 2018-ci il tarixli, 5454sGNDJ/18 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.354 (bir min üç yüz əlli dörd) manat 40 (qırx) qəpik, 16 avqust 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 34 (otuz dörd) manat 09 (doqquz) qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 34 (otuz dörd) manat 29 (iyirmi doqquz) qəpik, cəmi 1.422 (bir min dörd yüz iyirmi iki) manat 78 (yetmiş səkkiz) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-2286/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2286/2022
05.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver