Məhkəmə qərarları › İş №2(125)-2286/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2286/2024

11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2286/2024 11.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" KB ASC, Cavabdeh iddiaçının xeyrinə əsas borc üzrə 6891,65 manat və cərimə üzrə 2041,22 manat olmaqla, cəmi 8932,87 manat pul vəsaitinin, bank xidmət haqqına görə 0,40 manat və dövlət rüsumuna görə 109,33 manat pul vəsaitinin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə Cavabdeh (cavabdeh və ya borcalan) xx.xx.2021-ci il tarixli ərizə-anketi imzalayaraq iddiaçı "xxxx" KB ASC-yə (Banka) təqdim etməklə Bankın internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli, 01/21-Ə nömrəli kütləvi oferta ilə tanış olaraq aksept etmiş, ödəniş kartları üzrə xidmətlər və elektron xidmətlər göstərilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Bank tərəfindən cavabdehə 524375****1316 nömrəli, AZ65UBAZ**********1010AZN001 hesab nömrəli ödəniş kartı təhvil verilmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Bank tərəfindən açılmış hesab üzrə cavabdeh tərəfindən texniki overdrafta yol verilmiş və həmin overdraft məbləğindən ödənişlər edilməmişdir. Sonradan cavabdeh ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bugünədək geri qaytarmamışdır. Bugünkü günə borclunun kreditor qarşısında 8932,87 manat məbləğində texniki overdraft üzrə icra edilməmiş öhdəliyi vardır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Cavabdeh məhkəməyə etiraz-izahat ünvanlayaraq bildirmişdir ki, iddiaçı tərəfindən ona qarşı pul tələbi ilə bağlı iddia qaldırılmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ümumi oferta üzrə onunla bank arasında bağlanmış bank hesabı müqaviləsi üzrə onun kart hesabına daxil olmuş pul vəsaiti geri qaytarılmalıdır. Lakin əslində onun iddiaçıdan aldığı bank kartı olmaqla şəxsi istehlak hüququ üzrə onun tərəfindən istifadə edilir. İddiaçı iddia tələbi üzrə ondan kredit, faiz və cərimənin ödənilməsini tələb edir. Lakin onunla iddiaçı arasında heç bir kredit münasibəti, yəni kredit müqaviləsi bağlanmamışdır. Bağlanmış kart hesabı üzrə isə kart yalnız şəxsi istehlak üçün ona verilmişdir. Onun hesabına isə qardaşı X1 tərəfindən 2021-ci il tarixdə 7000 manat pul vəsaiti yerləşdirilmiş, o da həmin vəsaiti istifadə etmişdir. Göründüyü kimi onun tərəfindən kart hesabı ilə bağlı müqavilə öhdəlikərinə hər zaman riayət edilmişdir. Onun kartından iddiaçı özü pulu çıxarmış və istifadə etmişdir. Onunla iddiaçı arasında heç bir borc münasibəti mövcud deyil. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, cavabdeh xx.xx.2021-ci il tarixli ərizə-anketi imzalayaraq iddiaçı Banka təqdim etməklə Bankın internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli, 01/21-Ə nömrəli kütləvi oferta ilə tanış olaraq aksept etmişdir, bank tərəfindən cavabdehin debit kartına xx.xx.2021-ci il tarixdə səhvən 6891,65 manat məbləğində pul köçürülmüşdür. Tələb olunan məbləğ cavabdeh tərəfindən 6 dəfə hissəhissə çəkilərək istifadə edilmişdir. Cavabdehin hər bir məsələdən xəbəri olub, ona məlumat verilməsinə baxmayaraq o, ödəniş etməkdən imtina etmişdir. Həmçinin o, iddia tələbinin əksini təsdiq edən heç bir sübut təqdim etməyib. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir, qeyd olunan pulun banka heç bir aidiyyatı yoxdur. İddiaçının təqdim etdiyi bütün sənədlər absurddur, banka ərizə ilə müraciət etdikdən sonra ona debit kartı açılmışdır, o bankdan təkcə debit kartı almışdır. Sözügedən məbləğ ona Tatarıstanda yaşayan qardaşından gəlmişdir. Qardaşının ona həmin pulu bank vasitəsilə və ya telefonla göndərdiyindən xəbəri yoxdur. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin telefon nömrəsinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə SMS bildiriş göndərmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 954.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir (maddə 462.1). Tərəflər arasında bağlanmış müqaviləyə əsasən Texniki Overdraft-akseptsiz və ya təkrar silinmə, valyuta məzənnəsinin dəyişdirilməsi və ya texniki əməliyyat nəticəsində hesabda yaranan mənfi qalıq, borc və öhdəlikdir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, 01/21-Ə nömrəli kütləvi oferta müqaviləsinə əsasən Bank Müştəriyə ödəniş kartına xidmət göstərilməsini və karta bağlı olan cari hesab vasitəsilə hesablaşma-kassa əməliyatlarının aparılması üçün bank xidmətlərini göstərilməsini, Müştəri isə Bankın müəyyən etdiyi Tarif üzrə ona göstərilən bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür. “Müştəri” kart vasitəsilə bir qayda olaraq hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmağı və hesab üzrə texniki overdrafta yol verməməyi öhdəsinə götürür. Digər tərəfdən texniki overdraft “Bank”la razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində “Müştəri”nin “Bank” qarşısında yaranmış borcudur və “Müştəri” tərəfindən məcburi qaydada ödənilməlidir. Kütləvi oferta müqaviləsinin 2.6-cı bəndinə görə kartdan istifadə olunmaqla aparılmış bütün əməliyyatlara, imza etdiyi kart-çeklərə görə müştəri məsuliyyət daşıyır. Müqavilənin 2.8-ci bəndində nəzərdə tutulmuşdur ki, müəyyən texniki səbəblərə görə hesabda mövcud olan pul vəsaitindən daha artıq istifadə oluna bilinməsi texniki overdraftın formalaşması ilə nəticələnə bilər. Hesab üzrə texniki overdraft yarandığı halda müştəri bank qarşısında yaranmış borcu texniki overdraftın yarandığı gündən ən geci 30 (otuz) iş günü ərzində ödəməlidir. Müəyyən edilmiş vaxtda müştəri bank qarşısında yaranmış borcunu ödəmədiyi təqdirdə, yaranmış texniki overdraft üzrə həmin tarixdən etibarən illik 30 (otuz) faiz məbləğində cərimə ödənişi həyata keçirməlidir. Yaranmış borc və ona hesablanan cərimə faizləri müəyyən edilmiş müddətdə qaytarılmadıqda bank müştərini xəbərdar etmədən kartın fəaliyyətini dayandıra bilər. Hesab üzrə texniki overdraftın yarandığı və ya müştəriyə kredit xətti açıldığı təqdirdə yaranmış borc məbləği və hesablanmış cərimə faizləri, dəbbə pulu Bank tərəfindən müştəriyə məxsus olan bank hesablarından, o cümlədən digər valyutalardakı hesablarından cari kommersiya məzənnə kursu ilə konvertasiya olunaraq, komisyon haqqları tutulmaq şərtilə akseptsiz qaydada silinə bilər. Müqavilənin 3.1.6-cı bəndinə görə kart bankın mülkiyyəti hesab edilir. Həmin müqavilənin 3.4.2-ci bəndində qeyd edilmişdir ki, kart vasitəsilə bir qayda olaraq hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və hesab üzrə texniki overdrafta yol verməmək, texniki Overdraft Bankla razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin Bank qarşısında yaranmış borcudur və Müştəri tərəfindən məcburi qaydada ödənilməlidir. Məhkəmə qeyd edir ki, Texniki Overdraft dedikdə, texniki səhv nəticəsində ödənilmiş (köçürülmüş), qalıq və ya borc qismində pul vəsaiti başa düşülür. İşin hallarından göründüyü kimi, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək cavabdehə bank hesabı açmışdır, habelə müqavilə üzrə digər öhdəliklərini yerinə yetirmişdir. Lakin cavabdeh öhdəliyini pozaraq, hesabına iddia ərizəsində göstərilən məbləğdə pul vəsaitini qoymadan, əslində isə iddiaçıya məxsus olan pul vəsaitini hesabdan məxaric edərək iddiaçıya maddi ziyan vurmuşdur. İşin bu halı iş materiallarında olan cavabdeh tərəfindən pul vəsaitlərinin çıxarılması əməliyyatlarını əks etdirən hesabdan çıxarışda və müvafiq arayışda öz əksini tapmışdır. Hesabdan çıxarışda və arayışda əks olunmuş məlumatlardan da görünür ki, cavabdeh tərəfindən xx.xx.2021 – xx.xx.2021-ci il tarixlərdə ümumilikdə 6891,65 manat pul vəsaiti çıxarılmışdır. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə iddia tələbinin qanuni əsasını tərəflər arasındakı müqavilənin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1 və 445.7.1-ci maddələri təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisənin qanuni əsasını əsassız varlanma təşkil etmir. Çünki, tərəflər arasında etibarlı müqavilə münasibətləri qüvvədə olmuşdur və mübahisənin faktiki və hüquqi əsasları həmin müqavilənin yuxarıda sadalanan bəndlərində öz əksini tapmışdır. Belə ki, təqdim edilmiş ödəniş kartından çıxarışa əsasən müəyyən olunur ki, cavabdehin kartına texniki maliyyə əməliyyatı səhvi olaraq bank tərəfindən köçürülmüş 6891,65 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən geri qaytarılmamışdır. Cavabdeh müqavilə öhdəlikləri üzrə həmin məbləği geri qaytarmaq vəzifəsini icra etməməklə müqavilə üzrə sərbəst irədəsinə əsasən üzərinə götürdüyü vəzifəyə əməl etməmiş və nəticədə iddiaçıya maddi zərər vurmuşdur. Qeyd edilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdeh heç bir əsas olmadan və özünə məxsus olmayan pul vəsaitlərini istifadəsində olan kart vasitəsi ilə bankdan çıxarmaqla müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, iddiaçıya ziyan vurmuşdur. Ona görə də, idiaçının hesabına əldə etdiyi 6891,65 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə bu qənaətə gələrkən həm də, iddiaçının təqdim etdiyi sübutların borcun düzgün hesablandığını təsdiq etdiyini və cavabdehin məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etmədiyini nəzərə alır. Başqa sözlə, cavabdeh onun hesabına qardaşı X1 tərəfindən 2021-ci il tarixdə 7000 manat pul vəsaiti yerləşdirildiyini, istifadə etdiyi vəsaitin də məhz həmin vəsait olduğunu bildirmiş, lakin məhkəmə iclaslarında iştirak etmiş cavabdehə kifayət qədər şərait yaradılsa da o, bu halı təsdiq edən hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı cavabdehdən cərimə üzrə 2041,22 manat tələb edir. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə müqavilədə nəzərdə tutulmuş şərtləri nəzərə alaraq, tələb edilən cərimənin tənasübsüz surətdə yüksək olduğu qənaətinə gələrək cavabdehdən iddiaçının xeyrinə 551,33 manat məbləğində cərimə tutulmasını məqsədəmüvafiq hesab edir. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia əsasən əsaslı olduğundan, məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 109,33 manat dövlət rüsumunun əvəzi və iddiaçının bank xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi 0,40 manat əlavə xərcin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 6891,65 manat və cərimə üzrə 551,33 manat olmaqla, cəmi 7442,98 (yeddi min dörd yüz qırx iki manat doxsan səkkiz qəpik) manat və ödənilmiş dövlət rüsumunun, bank xidmət haqqının əvəzi kimi 109,73 (bir yüz doqquz manat yetmiş üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar