Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2292/2023 01.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, «X2» açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı 02 iyun 2020-ci il tarixli, 915nkKPZ/20 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.000 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.938 manat 24 qəpik, cərimə qismində 490 manat 08 qəpik, cəmi 5.428 manat 32 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 74 manat 69 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: «X2» açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı 02 iyun 2020-ci il tarixli, 915nkKPZ/20 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.000 manat, 01 fevral 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.938 manat 24 qəpik, cərimə qismində 490 manat 08 qəpik, cəmi 5.428 manat 32 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 74 manat 69 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi G.F.Hüseynova iddianı müdafiə edərək bildirdi ki, «X2» açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında 02 iyun 2020-ci il tarixdə bağlanmış 915nkKPZ/20 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 24 ay müddətinə illik 27% ödəmək şərtilə 3.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə «X2» açıq səhmdar cəmiyyətinə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilə şərtini pozaraq, dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə 01 fevral 2023-cü il tarixə Cavabdeh «X2» açıq səhmdar cəmiyyətinə 3.000 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.938 manat 24 qəpik məbləğində borcu yaranmışdır. Sonda G.F.Hüseynova iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 02 iyun 2020-ci il tarixli, 915nkKPZ/20 saylı kredit müqaviləsinin surətindən görünür ki, «X2» açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh 24 ay müddətinə illik 27% ödəmək şərtilə 3.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan «X2» açıq səhmdar cəmiyyətinin 01 fevral 2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdehla «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti arasında bağlanmış 02 iyun 2020-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh borcu əsas borc qismində 3.000 manat, 01 fevral 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.938 manat 24 qəpik, cərimə qismində 490 manat 08 qəpik, cəmi 5.428 manat 32 qəpik məbləğində təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh «X2» açıq səhmdar cəmiyyəti ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya əsas borc qismində 3.000 manat, 01 fevral 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.938 manat 24 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (dəbbə pulu, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, 490 manat 08 qəpik təşkil edən cərimə məbləğinin 20 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən iddianın etiraf olunması təsdiq edilməli, Cavabdeh 02 iyun 2020-ci il tarixli, 915nkKPZ/20 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş əsas borcun əvəzi qismində 3.000 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.938 manat 24 qəpik, cərimə qismində 20 manat, cəmi 4.958 manat 24 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə ərizə verilərkən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 74 manat 69 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh «X2» açıq səhmdar cəmiyyətinin xeyrinə 02 iyun 2020-ci il tarixli, 915nkKPZ/20 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.000 (üç min) manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.938 (bir min doqquz yüz otuz səkkiz) manat 24 (iyirmi dörd) qəpik, cərimə qismində 20 (iyirmi) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 74 (yetmiş dörd) manat 69 (altmış doqquz) qəpik, cəmi 5.032 (beş min otuz iki) manat 93 (doxsan üç) qəpik məbləğində pul vəsaiti tutulsun. «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin iddiası qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-2292/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2292/2023
01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver