Məhkəmə qərarları › İş №2(125)-2301/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2301/2022

01.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2301/2022 01.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X21 Şakir oğlunun sədrliyi, X6 iclas katibliyi, İddiaçı nümayəndəsi (anası) X7 və Cavabdeh nümayəndəsi (vəkil) X11 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində artırılması” tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 30 iyun 2009-cu il tarixli 2(043)-753/2009 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək, xx.xx.2007-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması və tərəfindən ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin də Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 30 iyun 2009-cu il tarixli, 2(043)-753/2009 nömrəli qətnaməsinə əsasən xx.xx.2009-cu ildən başlayaraq, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, ev 7, mənzil 35-də yaşayan Cavabdeh xx.xx.2007-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 35 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. O, hazırda həmin pula uşağının tələbatını ödəyə bilmir. Cavabdeh maddi cəhətdən uşağına yardım göstərəcək iqtidarda olsa da, özü könüllü olaraq uşağına əlavə heç bir maddi yardım göstərmir. Övladının maddi və mənəvi maraqlarını təmin etmir. Uşağı üçün kəsilmiş 35 manat alimentin üzərindən artıq 13 il ötür. Övladı böyüyür, inkişaf edir. Böyüdükcə, inkişaf etdikcə məlumdur ki, artıq onun saxlanma xərci də artır. Onun təhsil hazırlıqlarının da xərcini tək qarşılayır. Hazırki dövrdə həmin pula uşağının tələbatını qarşılamaq qeyri-mümkündür. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya şurasına müraciət etmiş və ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə mediasiya təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixli arayış verilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X7 iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkil) X16 məhkəmə iclasında iddia tələbini qəbul etməyək bildirdi ki, Cavabdeh 2-ci dəfə ailə həyatı qurmuş və həmin evliliyindən olan üç uşağı üçün də aliment ödəyir. Məhkəmə qətnamələri ilə müəyyən edilmiş aliment məbləğlərini ödəməkdə çətinlik çəkir. İİ qrup əlil olmaqla heç bir yerdə işləmir və maddi vəziyyəti ağırdır. Ona görə də iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, hesab edir ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılması hissəsində iddia qismən təmin edilməlidir. İddia ərizəsinə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar; Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 30 iyun 2009-cu il tarixli, 2(043)- 753/2009 nömrəli qətnaməsinin surətindən görünür ki, X12 ilə Cavabdeh arasında 30 noyabr 2006-cı ildə Gəncə Nikah evində 462 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra onların birgə nikahdan doğulmuş uşaqları X10 anası X8 yanında saxlanılmış, xx.xx.2009-cu ildən başlayaraq, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi 2-ci mikrorayon, ev 7, mənzil 35-də yaşayan Cavabdeh xx.xx.2007-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 35 manat sabit pul məbləğində aliment Gəncə şəhəri, DOS 102, ev 138, mənzil 24-də yaşayan X8 xeyrinə ödənilməsi qət edilmişdir. AZ-İ seriyalı, 902999 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 17 aprel 2007-ci il təvəllüdlü X10 anadan olmuşdur. Doğum haqqında Şəhadətnamədə uşağın atası Cavabdeh, anası isə X12 qeyd edilmişdir. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2022-ci il tarixli, MŞG/1-03123 nömrəli arayışdan görünür ki, bu arayış Cavabdeh İddiaçı tərəfindən təsvir edildiyi kimi “alimentin ödənilməsi və artırılması”na dair mübahisə üzrə xx.xx.2022-ci il tarixdə 13:30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini təsdiq etmək üçün verilir. Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 11 gün əvvəlcədən xx.xx.2022-ci il tarixli dəvət məktubu vasitəsi ilə eyni zamanda mediator X13 telefonla məlumat vermişdir. İddiaçı xx.xx.2022-ci il tarixində 13:30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Cavabdeh tərəfin təqdim etdiyi və məhkəmə iclasında tədqiq olunan sübutlar: xx.xx.2022-ci il tarixli, ********** nömrəli məşğulluq haqqında arayışdan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iş axtaran kimi X1 qeydiyyata alınmışdır. DSMF publik hüquqi şəxsinin Gəncə-Daşkəsən regional filialından verilmiş 03 oktyabr 2022-ci il tarixli, **********5 nömrəli arayışdan görünür ki, Cavabdeh İİ qrup əlilliyə görə sosial müavinət alır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-948/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, X9 ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, onların birgə nikahından doğulmuş Mədinə, Mələk və Əbəlfəz adlı uşaqlar X2 himayəsində saxlanılmış və hər uşaq üçün 50 manat olmaqla ümumilikdə 150 manat alimentin Cavabdeh alınıb X4 verilməsi qət olunmuşdur. Məhkəməyə təqdim edilmiş sübutların bilavasitə tədqiqi zamanı aydın oldu ki, iddia ərizəsinə əlavə olunmuş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 30 iyun 2009-cu il tarixli, 2(043)-753/2009 nömrəli qətnaməsi ilə xx.xx.2009-cu ildən başlayaraq xx.xx.2007ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 35 (otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Lakin, həmin vaxtdan uşaq böyüdüyü və onun xərclərinin artdığı üçün qət edilmiş cəmi 35 (otuz beş) manat məbləğdə aliment uşağın saxlanması üçün yetərli olmadığından, cavabdeh uşağın saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən, İddiaçı “alimentin artırılması” tələbinə dair mediasiya şurasına müraciət etmiş, tərəflər arasında razılıq əldə olunmamış, o səbəbdən də iddiaçı “alimentin artırılması” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı cavabdehin mövcud gəlirləri barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Cavabdehin nümayəndəsi iddianı qəbul etməmiş və Cavabdeh 2-ci dəfə ailə həyatı qurduğunu və həmin evliliyindən olan üç uşağı üçün də aliment ödədiyini, onun İİ qrup əlil olmaqla heç bir yerdə işləmədiyini və maddi vəziyyətinin ağır olduğunu bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, alimentin artırılması tələbi iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, iddiaçının cavabdehdən tələb etdiyi alimentdən təxminən on üç il vaxt keçməsi və uşaq böyüdükcə onun tələbatları və saxlanma xərclərinin artması, hazırda uşaq 15 yaşında olmaqla məktəbin yuxarı sinfində oxumasını, tərəflərin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, hazırki iş üzrə alimentin məbləği artırılan zaman əvvəlki qətnamə üzrə təyin olunan alimentin məbləği ilə yeni müəyyən olunacaq alimentin məbləği arasında tənasüblük gözlənilməlidir. Eyni zamanda məhkəmə cavabdehin 2-ci ailəsindən doğulan 3 uşağın hər biri üçün 50 manat olmaqla ümumilikdə 150 manat aliment ödəməsini və onun İİ qrup əlil olmasını da hazırki işə baxan zaman nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşağın maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, tərəflərin gəlirləri barədə sübutların təqdim edilməməsini və habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşağın təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə tərəflərin faktiki ailə münasibətlərindən doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 30 iyun 2009-cu il tarixli, 2(043)-753/2009 nömrəli qətnaməsi ilə müəyyən edilmiş, hər ay 35 (otuz beş) manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay cəmi 135 (bir yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı dəyişdirilmiş (artırılmış) alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiya xərcini ödəmişdir. Mediasiya xərci iddiaçı tərəfindən ödənildiyindən, cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən, iddia tələbinin təmin edilən hissəsi nəzərə alınaraq, Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, İddiaçı olduğundan dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün ona hər ay cavabdeh tərəfindən ödənilməli artırılmış hissədə 100 manat sabit pul məbləğində alimentin bir il ərzində məcmusu 1200 manat təşkil etdiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən Cavabdeh 32 (otuz iki) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 30 iyun 2009-cu il tarixli, 2(043)- 753/2009 nömrəli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılsın və 17 aprel 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 135 (bir yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilsin. Artırılmış hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 32 (otuz iki) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar