Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2306/2024 14.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh iddiaçının xeyrinə əsas borc üzrə 1500 manat, faiz borcu üzrə 227,21 manat, ümumilikdə 1727,21 manat borc pulun və ödənilmiş 38 manat dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, tərəflər arasında xx.xx.2023-cü il tarixdə bir ədəd İphone 11 Pro Max markalı telefonun nisyə alğı-satqısı barədə 503-23 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə və ödəniş cədvəlinə əsasən ümumi dəyəri 1500 manat olan əşya 33 faiz dərəcəsi ilə 12 ay müddətinə hər ay 148,45 manat ödəmək şərti ilə satılmışdır. Ödəniş cədvəlinə görə cavabdeh xx.xx.2024-cü il tarixinədək (həmin tarix də daxil olmaqla) hər ay 148,45 manat ödəməli idi. Əşyanın cavabdehə təhvil verilməsi mübahisəsizdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 11 avqust 2023-cü il tarixli ***-**** №-li alqısatqı müqaviləsinə əsasən iddiaçı ümumi dəyəri 1500 manat olan 1 ədəd yeni İphone 11 Pro Max modeli olan mobil telefonu cavabdehə satmışdır. Müqavilə üzrə malın ödənişi müqavilənin 1 saylı əlavəsinə "Ödəniş cədvəlinə" uyğun olaraq 33 % vurularaq bərabər hissələrlə 12 aya həyata keçirilməsi nəzərdə tutulmuşdur. xx.xx.2024-cü il tarixli maliyyə arayışa əsasən cavabdehin müqavilə üzrə 1500 manat əsas borcu, faizlər üzrə 227,21 manat borcu, ümumilikdə isə 1727,21 manat borcu yaranmışdır. Dəfələrlə cavabdehdən öz öhdəliklərini lazımınca yerinə yetirilməsini və borcların vaxtlı-vaxtında ödənilməsi tələb edilsə də cavabdeh hər dəfə müxtəlif bəhanələrlə yaranmış borcunu ödəməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdeh müqavilə üzrə borcundan heç bir ödəniş etməmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat göndərilsə də, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, habelə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halına görə tərəflər arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinə görə satıcı müqavilədə göstərilən əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı əşyanı qəbul etməyi və borcu ödəniş cədvəlinə əsasən zamanında ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən alıcı bu müqavilə üzrə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə müqaviləni birtərəfli qaydada ləğv edir və borcun vaxtından əvvəl qaytarılmasını tələb edir. Müqavilənin 2-ci bəndinə görə müqaviləyə əsasən ödəniş qrafik anunitet üzrə aparıldığına əsasən alıcı vaxtlı-vaxtında ödəmədiyi halda əsas məbləğin üstünə cərimə faizləri hesablanır (hər gecikən günə əsas məbləğin üstünə 0,1 faiz). Sözügedən müqavilənin 5-ci bəndinə əsasən bu müqavilə üzrə 10 (on) gündən 90 (doxsan) günədək gecikdirilmiş borca görə, alıcı hər gecikdirilən gün üçün gecikdirilmiş borcun (əsas məbləğin) 0,2 faizi məbləğində cərimə ödəyir. Ödəniş gecikdirilməsi 60 günü keçdikdə satıcı qanunvericiliyə uyğun tədbirlər görmək hüququna malikdir. İddia tələbinə, iddiaçının verdiyi xx.xx.2024-cü il tarixli maliyyə arayışına, müqaviləyə və ödəniş cədvəlinə görə cavabdeh heç bir ödəniş etməmiş, cavabdehin sözügedən müqavilə üzrə borcu isə - əsas məbləğ üzrə 1500 manat, faizlər üzrə 227,21 manat olmaqla, cəmi 1727,21 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (maddə 600.1). Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir (maddə 601.2). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş mal cavabdehə təhvil verilmiş, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. Cavabdehin iddia tələbində göstərilən məbləğdə icra edilməmiş öhdəliyi vardır. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borcu və hesablanmış faiz məbləğini tələb etməkdə haqlıdır. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar iddia ərizəsində qeyd edilən məbləğdə borcun olduğunu təsdiq edir, cavabdeh tərəf isə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olsa da məhkəməyə gəlməmiş, iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, əsas borc üzrə 1500 manat və faiz borcu üzrə 227,21 manat olmaqla, ümumilikdə 1727,21 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 38 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 1500 manat əsas və 227,21 manat cərimə olmaqla, cəmi 1727,21 (bir min yeddi yüz iyirmi yeddi manat iyirmi bir qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 38 (otuz səkkiz) manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-2306/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2306/2024
14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver