Məhkəmə qərarları › İş №2(125)-2309/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2309/2023

01.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2309/2023 01.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının vəkili X5, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılması tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(043)-2532/2021 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün tutulması müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, 20 aprel 2011-ci tarixdə anadan olmuş X6 və 17 sentyabr 2014-cü il tarixdə anadan olmuş X1 üçün hər ay hər uşağa görə 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili E.O.Osmanov iddianı müdafiə edərək bildirdi ki, tərəflər 31 avqust 2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq, ailə qurmuşlar. Onların birgə nikahlarından 20 aprel 2011-ci tarixdə Ebru və 17 sentyabr 2014-cü il tarixdə Ömər adlı iki uşaq anadan olmuşdur. Hazırda həmin uşaqlar İddiaçı himayəsindədir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(043)-2532/2021 nömrəli qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması, Cavabdeh birgə nikahdan anadan olmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 130 manat, cəmi 260 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Hazırda məhkəmə tərəfindən müəyyən edilmiş 130 manat aliment məbləği uşaqların tələbatlarını ödəməyə kifayət etmir. Belə ki, bazarda olan ərzaq və ümumi tələbat məhsullarının qiyməti əhəmiyyəli dərəcədə artmışdır. Bununla bağlı bir uşağın saxlanması ilə bağlı ümumi istehlak məbləğinin qiyməti dəyişdirilərək, 220 manat olmuşdur. Cavabdeh Rusiya Federasiyasında ticarətlə məşğul olur və kifayət qədər qazanc əldə etməsi ilə bağlı sübutlar əldə etmək mümkün deyildir. Buna baxmayaraq hazırda bazarda yaranmış qiymət dəyişikliyi qeyd olunan halların doğruluğunu təsdiq edir. Buna görə də iddiaçı cavabdehlə birgə nikahlarından anadan olmuş iki uşağın maddi xərclərini çətinliklə ödəyir və aliment miqdarının artırılmasına zərurət yaranmışdır. Sonda E.O.Osmanov iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi S.K.Nəcəfova iddianı qəbul etməyərək bildirdi ki, tərəflər arasında olan nikahın pozulmasının əsas səbəbi cavabdehin yaşadığı maddi sıxıntılar olmuşdur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(043)-2532/2021 nömrəli qətnaməsinə əsasən tərəflər arasında olan nikah pozulmuşdur və onların birgə nikahlarından anadan olmuş uşaqların saxlanması üçün hər ay hər uşağa görə 130 manat, cəmi 260 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı verilməlidir. Aliment məbləğinin müəyyən edildiyi gündən İddiaçı məhkəməyə aliment məbləğinin artırılması üçün müraciət etdiyi vaxta kimi 1 il 07 ay keçmişdir. Bu qısa müddətdə cavabdehin maddi çətinliklərinin aradan qaldırılmış olması və maddi vəziyyətinin anidən yaxşılaşması mümkün deyildir. İddiaçı da bunu çox yaxşı bilir, çünki o Cavabdeh məhz maddi çətinliklərlə əlaqədar ayrılmışdır. Cavabdeh keçirdiyi əsəb və yaşadığı stresslə əlaqədar olaraq Gəncə şəhərində yerləşən «Şans» Tibb Mərkəzində müayinə və müalicə olunmuşdur. Hətta Cavabdeh səhhəti ilə əlaqədar olaraq 26 fevral 2023-cü il tarixdə Rusiya Federasiyasına qohumlarının yanına müalicə almaq üçün getmişdir. Cavabdeh orada öz tələbatlarını ödəyə bilmək üçün müxtəlif bazarlarda fəhləlik fəaliyyəti ilə məşğul olur. Əldə etdiyi qazanc isə aşağı və qeyrimüntəzəm olduğu üçün Cavabdeh müalicə almaqda və digər tələbatlarını təmin etməkdə çətinlik çəkir. Məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin ödənilməsinə isə cavabdehə onun anası və qardaşı köməklik göstərir. İddiaçı cavabdehin Rusiya Federasiyasında ticarətlə məşğul olduğunu və maddi vəziyyətinin yaxşı olduğunu iddia etsə də, bunu sübuta yetirə bilməmişdir. Bundan başqa, İddiaçı Firuddin qızı hazırda yaşadığı ünvan 1 ünvanda fərdi qaydada gözəllik salonu açmış və hər ay 1500-2000 manat məbləğində pul qazanc əldə edir. Qanunun tələbinə görə isə valideynlər öz uşaqlarının böyüməsində, onların maddi təminatının təmin edilməsində ata və ana olaraq bərabər məsuliyyət daşıyırlar. Yəni uşağı saxlamaq hər iki valideynin borcu və vəzifəsidir. Buna görə də, hər iki tərəfin maddi vəziyyəti nəzərə alındıqda, aliment məbləğinin artırılmasına əsas olmadığı aşkar görünür. Sonda S.K.Nəcəfova iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının vəkilini və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(043)- 2532/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, tərəflər arasında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından 20 aprel 2011-ci il tarixdə anadan olmuş X6 və 17 sentyabr 2014-cü il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 130 manat, cəmi 260 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan Rusiya Federasiyanın «Mirt» Tibb Mərkəzinin 10 mart 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh nevroloqa müraciət edərək müalicə olunmuşdur, son bir neçə həftədə səhhəti pisləşmişdir. Cavabdeh xroniki baş ağrısı, servikal-kranial sindrom diaqnozu qoyulmuşdur. İşdə olan «Elektron Məhkəmə» informasiya sistemindən çıxarışdan görünür ki, Əliyeva X3 Anar Nəriman oğluna məxsus pərakəndə satış müəssisəsində satıcı işləyir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Bundan başqa, həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli sərəncamının 1-ci bəndinə görə minimum aylıq əmək haqqının məbləği 01 yanvar 2022-ci il tarixdən 345 manat müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2021-ci ildə yaşayış minimumu haqqında» 29 dekabr 2020-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2021-ci ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2023-cü ildə yaşayış minimumu haqqında» 09 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2023-cü ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü bəndinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Bununla əlaqədar məhkəmə tərəflərin maddi vəziyyətini, tərəflərin birgə nikahlarından doğulmuş uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətini, həmin uşaqların mənafeyini və aliment qət edildikdən sonra ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artmasını, eləcə də iddiaçının cavabdehin gəlirlərinə dair sübutlar təqdim etməməsini, habelə iddiaçının əmək fəaliyyəti ilə məşğul olmasını və hər iki valideynin uşaqlarını saxlamağa borclu olmasını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(043)-2532/2021 nömrəli qətnaməsi ilə tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 50 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(043)- 2532/2021 nömrəli qətnaməsi ilə uşaqların saxlanması üçün tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 20 aprel 2011-ci il tarixdə anadan olmuş X6 və 17 sentyabr 2014-cü il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa 150 (bir yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar