Məhkəmə qərarları › İş №2(125)-231/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-231/2025

24.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-231/2025 24.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Tahir oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ona vurduğu maddi zərərin əvəzi olaraq 1700 manat pulun alınaraq ona ödənilməsi, cavabdehin üzərinə mənzilinin sanitar qovşağının və kanalizasiya borusunun təmir edilməsi vəzifəsinin qoyulması, təmir etmədiyi təqdirdə cavabdehin mənzilinə suyun verilməsinin dayandırılması, ödənilmiş 37 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa İddiaçı vəsatəti ilə Cavabdeh2 cavabdeh qismində işə cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil ona məxsusdur. Mənzili 3-cü mərtəbədədir. Cavabdehə məxsus 12 saylı mənzil 4-cü mərtəbədə, ona məxsus mənzilin üstündə yerləşir. Cavabdeh öz ailəsi ilə həmin mənzildə təxminən 10 ildir yaşayır. Hazırda cavabdeh Rusiya Federasiyasında olduğuna görə mənzildə həyat yoldaşı yaşayır. Son 3 ildir cavabdehin mənzilindən onun mənzilinə mütəmadi olaraq su axıdılır. Nəticədə mənzilinin dəhlizinin və sanitar qovşağının tavanı və divarları yararsız hala düşmüş, mənzildə yaşamaq qeyri-mümkün olmuşdur. Bununla bağlı bir neçə dəfə MKTİB-ə şikayətlər etmiş, MKTİB-in əməkdaşları cavabdehin ünvanına gələrək, bu barədə cavabdehin həyat yoldaşına xəbərdarlıq etsələr də, cavabdeh tərəf bu xəbərdarlıqlara məhəl qoymamışdır. Suyun sızması dəhlizi və sanitar qovşağını yararsız hala saldığından o, mənzilin dəhlizini və sanitar qovşağını təmir etdirmək qərarına gəlmişdir. Lakin təmirə başlayan vaxtdan yenə divarlara su sızmağa başlamışdır. Buna görə həm yenidən MKTİB-ə, həm də polisə şikayət etmişdir. xx.xx.2024-cü il tarixdə MKTİB-in əməkdaşları cavabdehin mənzilinə baxış keçirmiş və onun mənzilinə suyun sızmasının cavabdehin mənzilindən baş verdiyi barədə akt tərtib etmişdirlər. MKTİB-in ona ünvanladığı 05 iyul 2024-cü il tarixli məktubdan da görünür ki, Cavabdeh1 məxsus 12 nömrəli mənzilin sanitar qovşağının döşəməsinə vurulmuş metlax plitələr uzun müddət istismarda olduğundan bəzi hissələrinin çatlaması və ara doldurucuların qopması nəticəsində su sızmasının baş verməsi ehtimal olunur. Həmçinin binanın ilkin layihəsində nəzərdə tutulmuş çuqundan ibarət əsas kanalizasiya borusunun cavabdehin mənzilinə aid olan hissəsində sanitar qovşağından kəsilməsi müşahidə olunmuşdur. Cavabdehin mənzilindən onun mənzilinə suyun sızması nəticəsində sanitar qovşağına vurulmuş zərərin aradan qaldırılması üçün 1200 manat pul xərcləmişdir. Mənzilin dəhlizinə dəymiş zərəri aradan qaldırmaq üçün isə 500 manat pul tələb olunur. Buna görə cavabdeh tərəfindən onun mənzilinə vurulmuş zərərə görə cavabdeh ona 1700 manat pul ödəməlidir. Həmçinin bundan sonra ona zərər vurmaması üçün cavabdeh öz sanitar qovşağında və kanalizasıya borusunda təmir işləri də aparmalı, əks halda cavabdehin mənzilinə suyun verilməsi dayandırılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, məhkəmə prosesi uzun müddət davam etdiyinə görə hamamı öz vəsaiti hesabına təmir etdirmiş, buna görə də ekspert yalnız dəhlizə dəymiş zərərə görə məbləğ hesablamışdır. Həmin məbləğ ilə razı olduğunu göstərərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyib məhkəməyə yazılı etiraz da ünvanladığını bildirərək izahatında göstərdi ki, digər Cavabdeh1 həyat yoldaşıdır, 14 ildir ki Rusiyadadır, gəlməmişdir. Sözügedən ünvanda yaşayır. Onun evindəki turbalar polun, yaxud da metlakın altında deyildir ki, hər hansı su sızıntısı baş versin, hamısı metlakın üstündədir. Problem ola bilər ki, hökumətin sanitar qovşağının turbalarındadır. Çünki hər bir evdən nə qoşulursa, həmin turbalara qoşulur. İddiaçı onu dəfələrlə şikayət etmişdir. Usta çağırmış, usta həm onun mənzilinə, həm də iddiaçının mənzilinə baxış keçirmiş, iddiaçının evindəki borunun çürümüş vəziyyətdə olduğunu və problemin iddiaçıda olduğunu demişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspert baxış keçirdikdə isə iddiaçı həmin çürümüş turbanın üzərini betonla örtüb gizlətmişdir. Mütəxəssis rəyində göstərilmiş məbləğlə razı deyildir. Həmin məbləğ bir otağın ümumi təmirinə xərclənən puldur, iddiaçının koridorunda isə yalnız bir küncə su sızmışdır. Hökumətə məxsus turbalarda olan nasazlığa görə məsuliyyət daşımadığını göstərərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdeh2 yazılı etirazını onunla əsaslandırmışdır ki, ekspertizanın da rəyindən göründüyü kimi 1-ci sualın cavabında 12 saylı mənzilə, yəni onun mənzilinin tikililərinə də ziyan vurulduğu, 2-ci sualın cavabında isə onun evinin su-kanalizasiya xətlərinin təmirli olduğunun, hər hansı bir yerində qüsur olmadığının cavabı verilmişdir. Binanın ümumi sukanalizasiya sistemində problem olduğu üçün onun və digər mənzillərin nəm çəkmə və ya su sızmasıyla bağlı ziyan gördüyü verilən rəydə onun evinə də ziyan dəyməsindən məlumdur. Belə ki, bina köhnə tikili olduğu üçün ümumi olaraq binanın su kanalizasiya xətləri bərbad haldadır. Bu səbəbdən də qonşunun və ya qonşuların, onun evinin tikilisinin ziyan çəkməsinin səbəbi açıq aşkar ekspert rəyində öz cavabını tapmış olur. Mülki işin materiallarında olan:- Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X6 3 nömrəli Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktdan və Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X6 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, Ə-686 nömrəli məktubdan görünür ki, Cavadxan küçəsində yerləşən 56 nömrəli binanın 9 nömrəli mənzilinə vizual texniki baxış keçirilmiş, baxış zamanı mənzilin sanitar qovşağının tavanında və divarında su sızmasının əlamətləri müşahidə edilmişdir. Su sızmasının mənbəyini tapmaq məqsədilə sözügedən binanın 4-cü mərtəbəsində yerləşən Cavabdeh1 məxsus 12 nömrəli mənzilin sanitar qovşağına baxış keçirilmiş, baxış zamanı sanitar qovşağının döşəməsinə vurulmuş metlax plitələr uzun müddət istismarda olduğundan bəzi hissələrinin çatlaması və ara doldurucuların qopması nəticəsində su sızmasının baş verməsi ehtimal olunmuş, həmçinin binanın ilkin layihəsində nəzərdə tutulmuş çuqundan ibarət əsas kanalizasiya borusunun vətəndaşın mənzilinə aid olan hissəsində sanitar qovşağından kəsilməsi müşahidə olunmuşdur. xx.xx.2003-cü il tarixli, 4474 nömrəli qeydiyyat vəsiqəsinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, bina 56, mənzil 9 İddiaçı adına mülkiyyət hüququ əsasında xx.xx.2003-cü ildə qeydə alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-11606/2024 nömrəli məktubdan görünür ki, Gəncə şəhəri, Cavadxan küçəsi, ev 56 ünvanında yerləşən 12 saylı mənzil X3 adına özəlləşdirilərək xx.xx.1996-cı il tarixli, 11181 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 1 saylı dövlət notariat kontorunun xx.xx.2001-ci il tarixli, 2V-2-229 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən X2, Cavabdeh1 və X1 Hüseyn Kamal oğlunun vərəsələri tanınmış, lakin vərəsələrin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 10/445 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin yerləşmə planı, yəni iddiaçıya məxsus 9 saylı mənzilin binanın 3-cü mərtəbəsində, cavabdehə məxsus 12 saylı mənzilin isə binanın 4-cü mərtəbəsində yerləşdiyini, 9 saylı mənzilin tikililərinin konstruktiv elementlərində (divar, tavan və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu nəzərə alaraq, Gəncə şəhəri, Cavadxan küçəsində yerləşən 56 saylı binanın 9 saylı mənzilinə su axıdıldığı və nəticədə 9 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Gəncə şəhəri, Cavadxan küçəsində yerləşən 56 saylı binanın 12 saylı mənzilinin sanitar- qovşağı tikilisi təmirli olduğundan, su-kanalizasiya xətlərinin gözlə görünən hissələrində hər-hansı bir qüsur olmadığından 9 saylı mənzilə su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə tərəfindən cəlb olunmuş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, LP-184/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, Gəncə şəhəri, Cavadxan küçəsi, ev 56 ünvanında yerləşən İddiaçı məxsus olan 9 saylı mənzilə dəymiş zərərin məbləği 850 manat təşkil etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin izahatını dinləyib, işdə olan sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində cavabdehin mənzilindən iddiaçıya məxsus mənzilə suyun axıdılması və iddiaçıya zərər dəyməsi iş üzrə araşdırılmış sübutlarla sübuta yetirilmişdir. Həmin zərərin məbləği mütəxəssis rəyi ilə 850 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1097-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 850 manat pul alınaraq İddiaçı verilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 30 manat dövlət rüsumu, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat və mütəxəsssis rəyi üzrə 300 manat xərc cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 850 (səkkiz yüz əlli) manat pul və dövlət rüsumunun əvəzi olaraq 30 manat alınaraq İddiaçı verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh2 tutularaq Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilsin. İş üzrə mütəxəssis rəyinin verilməsi üçün 300 manat xidmət haqqı Cavabdeh2 tutularaq VÖEN: **********, Bank: "xxxx" ASC Yasamal filialı, Bank VÖEN-i: **********, M.h: AZ02NABZ**********0000022944, H.h: AZ30AZRT********************, Kod: 512565, SWİFT: AZRT AZ 22 hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar