Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2310/2024 07.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Şakir oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə əsas borcu 280 AZN, faizlər üzrə 108 AZN, gecikdirilmiş gün üçün 53,85 AZN ümumilikdə isə 441,85 AZN borc pul və ödənilmiş 30 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC Cavabdeh Fəxrəddin oğluna 08 oktyabr 2016-cı il tarixli, 871-16 saylı alqı-satqı müqaviləsi üzrə ümumi dəyəri 300 AZN olan 1 ədəd yeni “Samsung J1” olan mobil telefonu satmışdır. Müqavilə üzrə malın ödənişi müqavilənin 1 saylı əlavəsinə Ödəniş cədvəlinə uyğun olaraq 36 % (faiz) vurularaq bərabər hissələrlə 12 aya həyata keçirilməsi nəzərdə tutulmuşdur. Müqavilənin ödəniş sənədlərinə əsasən cavabdeh əsas məbləğdən 20 AZN ödəmişdir. xx.xx.2023-cü il tarixli son ödənişinə, xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin müqavilə üzrə əsas borcu 280 AZN, faizlər üzrə 108 AZN, gecikdirilmiş gün üçün 53,85 AZN ümumilikdə isə 441,85 AZN borc təşkil edir. Dəfələrlə borcludan öz öhdəliklərini lazımınca yerinə yetirilməsini və borcun vaxtı-vaxtında ödənilməsi tələb edilsə də, borclu hər dəfə müxtəlif bəhanələrlə yaranmış borcunu ödəməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X1 iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirdi ki, 08 oktyabr 2016-cı il tarixli, 871-16 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh ümumi dəyəri 300 manat olan 1 ədəd yeni “Samsung J1” olan mobil telefon almışdır. Müqavilə üzrə malın ödənişi müqavilənin 1 saylı əlavəsinə “Ödəniş cədvəli”nə uyğun olaraq 36 faiz olmaqla, 12 ay müddətinə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 20 AZN ödəniş olunmuşdur. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı ilə onun arasında bağlanmış 08 oktyabr 2016-cı il tarixli, 871-16 saylı alqı-satqı müqaviləsinə əsasən 36 faiz olmaqla, 12 ay müddətinə ödəmək şərti ilə ümumi dəyəri 300 manat olan 1 ədəd yeni “Samsung J1” olan mobil telefon almışdır. O, həmin telefonu dostu üçün almışdır. Lakin, hazırki iş üzrə iddia müddəti keçmişdir. Odur ki, iddia müddəti tətbiq edilməklə iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehin izahatını dinləyib, cavabdehin ərizəsini, habelə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı ilə Cavabdeh arasında bağlanmış 08 oktyabr 2016-cı il tarixli, 871-16 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, bu müqaviləyə görə Alıcı Satıcıdan hissəhissə ödəmək şərti ilə aşağıda qeyd olunan şərtlər və texniki parametrlərlə Mobil telefonu möhlətlə alır: 300 manat dəyərində yeni “Samsung J1”. Ödəmələr 36 faiz vurularaq, bərabər hissələrlə 12 aya həyata keçirilir. Bu müqavilə üzrə aylıq ödəmələr 1 saylı Ödəniş cədvəlinə əsasən Alıcı tərəfindən kredit yolu ilə borc müddətində tamamən Satıcıya qaytarılır. Hissə-hissə ödəmə, satılan malın təhvil müddətindən başlanır və müddətin sonuncu günü qurtarır. Aylıq ödəmələr Ödəniş cədvəlinə uyğun aparılır. Ödəniş cədvəli Azərbaycan manatı ilə tərtib olunur. 20 fevral 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə bağlanmış 08 oktyabr 2016-cı il tarixli, 871-16 saylı alqı-satqı müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə, kreditor "xxxx" MMC-yə əsas məbləği 280 manat, faizlər üzrə 108,00 manat, gecikdirilmiş gün üçün 53,85 manat ümumilikdə isə 441,85 manat borc pul təşkil edir. Ödəniş cədvəlindən görünür ki, ümumi dəyəri 300,00 manat olan əşya 1 ədəd yeni “Samsung J1” olan mobil telefon 36 faiz dərəcəsi ilə 12 ay müddətinə hər ay 30,14 manat ödəmək şərti ilə satılmışdır. Ödəniş cədvəlinə görə cavabdeh xx.xx.2017-ci il tarixinədək (həmin tarix də daxil olmaqla) hər ay 30,14 manat ödənilməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 44-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Belə ki, işin mübahisəsiz halına görə tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə görə satıcı müqavilədə göstərilən əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı əşyanı qəbul etməyi və borcu ödəniş cədvəlinə əsasən zamanında ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən alıcı bu müqavilə üzrə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə müqaviləni birtərəfli qaydada ləğv edir və borcun vaxtından əvvəl qaytarılmasını tələb edir. Müqavilənin 2-ci bəndinə görə müqaviləyə əsasən ödəniş qrafik anunitet üzrə aparıldığına əsasən alıcı vaxtlı-vaxtında ödəmədiyi halda əsas məbləğin üstünə cərimə faizləri hesablanır (hər gecikən günə əsas məbləğin üstünə 0,1 faiz). Sözügedən müqavilənin 5-ci bəndinə əsasən bu müqavilə üzrə 10 (on) gündən 90 (doxsan) günədək gecikdirilmiş borca görə, alıcı hər gecikdirilən gün üçün gecikdirilmiş borcun (əsas məbləğin) 0,2 faizi məbləğində cərimə ödəyir. Ödəniş gecikdirilməsi 60 günü keçdikdə satıcı qanunvericiliyə uyğun tədbirlər görmək hüququna malikdir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq xx.xx.2016-cı il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş əşya cavabdehə təhvil verilmiş, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. Cavabdehin iddia tələbində göstərilən məbləğdə icra edilməmiş öhdəliyi vardır. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış borcu tələb etməkdə haqlı olmuşdur. Lakin, cavabdeh məhkəmənin 15 aprel 2024-cü il tarixində keçirilən hazırlıq iclasında məhkəməyə ərizə təqdim edərək, həmçinin, məhkəmə iclasında verdiyi izahatında iddia müddəti tətbiq etməklə, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2- ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçının iddia ərizəsində istinad etdiyi, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdə başa çatmışdır. Belə olan halda, həmin müqavilə üzrə iddia müddətinin axımı da xx.xx.2017-ci il tarixdən başlanmışdır. İşin materiallarından görünür ki, iddiaçının mövcud iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia müddətinin axımının xx.xx.2017-ci il tarixdən hesablanmağa başlaması nəzərə alındıqda, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, göstərilən tələb üçün qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür. Bu səbəbdən iddia tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, öhdəlik üzrə sonradan, yəni xx.xx.2023-cü il tarixdə 20 AZN ödəniş olunsa da, həmin tarixdə iddiaçı tərəfindən artıq iddia müddəti ötürülmüşdür. Bu baxımdan öhdəliyin kəsilməsi halı baş verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası, iddia müddətinin tətbiq olunması əsası ilə rədd edilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçınə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-2310/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2310/2024
07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver