Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2318/2025 28.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, iddiaçı X4, Cavabdeh iştirakı ilə, X4 Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 Qurban Eyub oğluna qarşı 530 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçı X6 iddianın azaldılmasına dair məhkəməyə ərizə təqdim edərək 450 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbl edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı X6 məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında bildirdi ki, o, Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən 188-190 nömrəli binada ticarət avadanlıqları mağazasında müxtəlif növ elektrik avadanlıqları, eləcə də soyuducular satır. xx.xx.2024-cü il tarixdə dəyəri 750 manat olan soyuducunu Cavabdeh alqı-satqı müqaviləsinə əsasən hissə-hissə ödəmək şərti ilə satmışdır. Cavabdeh ilkin 220 manat ödəniş etmiş, yerdə qalan pulu isə 5 ay ərzində hər ay hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. Hazırda cavabdehin 450 manat məbləğində ödənilməmiş borcu vardır. O, Cavabdeh aldığı əşyanın dəyərinin ödənilməsini tələb etdikdə isə Cavabdeh müxtəlif bəhanələrlə borcun ödənilməsindən boyun qaçırmışdır. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X2 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, o, dəyəri 750 manat olan soyuducunu X3 nisyə alaraq dostuna vermişdir. Onun dostu isə pulu ödəməkdən yayınmış, sözügedən soyuducunu satmışdır. O, ümumilikdə soyuducunun dəyərindən 500 manat ödəniş etmiş, lakin daha sonra maddi imkanı pisləşdiyinə görə ödənişi tam olaraq həyata keçirə bilməmişdir. Hazırda onun İddiaçı yalnız 250 manat məbləğində borcu vardır. Onun həmin 500 manat məbləğində ödənişi etməsinə dair hər hansı sübutu yoxdur. Sonda Cavabdeh iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə ümumi dəyəri 750 manat olan soyuducunu ilkin 220 manat, yerdə qalan 530 manat məbləğində pulu isə hər ay 100 manat ödəmək şərti ilə X3 nisyə almışdır. İşdə olan AA serialı 409485 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X6 məcburi köçkündür. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, X6 və Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə dəyəri 750 manat olan 1 ədəd soyuducunun alqı-satqısına dair şifahi müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən X6 qeyd olunan soyuducunu Cavabdeh mülkiyyətinə verməyi, Cavabdeh isə ilkin 220 manat ödəmək şərti ilə yerdə qalan 530 manat məbləğində pul vəsaitini hər ay 100 manat hissə-hissə X5 ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan xüsusatlar Cavabdeh tərəfindən yazılmış və X6 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli qəbzlə təsbit olunmuşdur. X1 Qurban Eyub oğluna qarşı 450 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddianı qismən qəbul edərək 500 manat məbləğində ödəniş etdiyini bildirsə də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişləri qaydası, müddəti və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, Cavabdeh xx.xx.2024-cü il tarixli alqısatqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 450 manat məbləğində pul vəsaiti X4 xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə görə məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. Buna görə də məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, ödənilməmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən dövlət nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: X4 iddiası təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 450 (dörd yüz əlli) manat məbləğində pul vəsaiti X4 xeyrinə tutulsun. Cavabdeh ödənilməmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti dövlət nəfinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-2318/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2318/2025
28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver