Məhkəmə qərarları › İş №2(125)-2323/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2323/2024

03.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2323/2024 03.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 400 manat borcun, eləcə də onun hərəkətləri nəticəsində əlavə olaraq real zərər üçün 300 manat, çəkdiyi xərcin əvəzi qismində 100 manat olmaqla, cəmi 800 manat pulun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdehi qonşu kımı tanıyır, onunla qohumluq əlaqələri və ya ədavəti yoxdur. Cavabdeh avtomobil ustası olduğu üçün, eləcə də qonşusu olduğuna görə ona inanıb, etibar etdiyinə görə xx.xx.2023-cü il tarixində ona demişdir ki, “avtomobil almaq istəyirəm, “hunday” markalı maşın var, mütəxəssis kimi gedək sən də bax, yoxla, münasibdirsə bankdan kredit götürüm həmin avtomobili alım”. Aqil həmin avtomobilə baxıb demişdir ki, “yaxşı maşın deyil, gəl mənim özümün maşınımı al, saz vəziyyətdədir”. Bundan sonra o “Ekspress” Bankın Gəncə filialından 16000 manat pul kredit götürüb, əvvəlki kreditinin 8000 manatını qaytarıb banka ödəmiş, qalan 7000 (yeddi min) manatını cavabdehə verib, ona məxsus olan **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobili almışdır. Həmin günün səhərisi cavabdehdən aldığı avtomobili başqa bir ustaya aparıb göstərmişdir. Başqa usta maşına baxıb yoxlayıb demişdir ki, “maşının motorunda, buferində problem var. Buferi qırıqdır, “zapçastı” isə Gəncədə yoxdur, gərək Bakı şəhərinə gedəsən”. Avtomobilin aıtındakı çürükləri çıxarmaq, maşını kompüterə salmaq üçün o 100 (bir yüz) manat pul xərcləmişdir. Sonra o, cavabdehin özünü həmin ustaların yanına aparıb demişdir ki, “özün qulağınla eşit ki, maşının nasazdır və xərci çoxdur, “zapçastı” isə Gəncədə yoxdur”. Avtomaşının xarab olduğunu, düzəltdirmək üçün xərcin çox olduğunu görüb maşını Gəncə 6 saylı notariat kontorunun xüsusi notariusu vasitəsi ilə geri qaytarmışdır. Cavabdeh ona 6200 (altı min iki yüz) manat pul qaytarmış, cavabdehin ona 800 (səkkiz yüz) manat borcu qalmışdır. Qalan borcunu vermədiyinə görə o, cavabdeh barəsində Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü polis bölməsinə şikayət etmiş, onun şikayətindən sonra cavandeh ona gətirib 300 manat vermişdir. Cavabdeh ona demişdir ki, “qalan 500 manat borcdan 200 manatını verəcəm, lakin 300 manatı verməyəcəm”. 08 mart 2024-cü il tarixdə cavabdeh ona 100 manat da qaytarmış və 400 manat borcu qalmışdır. Cavabdeh ona deyir ki, “400 manatdan 100 manat da nə vaxtsa düzəldib verəcəm, ancaq 300 manat verməyəcəm”. Polisdən isə ona bildirmişlər ki, tələbin mülki iddiadır, məhkəmədə iddia qaldıra bilər. Cavabdehin təqsirinə görə bankdan kredit görüb, hər ay ödəniş edir. Cavabdehə bildirmişdir ki, pulunu vaxtında qaytar, ya da məhkəmədə iddia qaldırarkən ondan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən real zərərə görə 300 manat əlavə pul tələb edəcək. Lakin cavabdeh iki aydır ki, pulunu tam qaytarmır, onu süründürür. Cavabdeh onun tələblərini qəbul etmir, deyir ki, hara istəyirsən şikayət et. Ona görə də, onun yalnız qanunvericiliyin tələblərinə əsasən məhkəmədə cavabdehə qarşı pul tələbinə dair iddia qaldırmaqdan başqa yolu qalmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin telefon nömrəsinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə SMS bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş, Gəncə şəhəri 6 saylı notariat ofisi tərəfindən 7E- 12357 nömrə ilə təsdiq edilmiş, xx.xx.2023-cü il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında ƏN-İX seriyalı, 207880 nömrəli etibarnamədən görünür ki, “Hyundai Elantra” minik markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçi (təmsil edilən) Cavabdeh tərəfindən etibar edilən İddiaçı etibar edilmişdir. İş materiallarına əlavə edilmiş, Gəncə şəhəri 6 saylı notariat ofisi tərəfindən 8İ-5653 nömrə ilə təsdiq edilmiş, xx.xx.2023-cü il tarixli, **********653 nömrəli ərizədə qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri 6 saylı notariat ofisində İddiaçı reyestrdə 7E-12357 nömrə ilə qeyd olunmuş etibarnamə vermişdir, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.3-cü maddəsinə əsasən yuxarıda göstərilən etibarnamənin qüvvəsinə xitam verilməsi barədə “Elektron notariat” informasiya sistemində qeyd yazılmasını və etibarnamə başqa notariat ofisində təsdiq edilibsə ərizənin dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərilməsini təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə Şəhər Polis Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin iddiaçıya xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, etmiş olduğu müraciətlə bağlı aidiyyəti qurumlara müraciət etməsinin məqsədəmüvafiq olduğu, odur ki, toplanmış materialın dəftərxanaya işə alınması üçün təhvil verildiyi qeyd edilmişdir. İş materiallarından görünür ki, iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübut qismində özünün istifadəsində olan +**********02 nömrəsi ilə cavabdehin istifadəsində olan +**********78 nömrəsi arasında telefon danışığını əks etdirən 1 ədəd “CD” disk və 2 ədəd “Whatsapp” sosial platformasına aid yazışmaları əks etdirən fotoşəkil təqdim etmişdir. Həmin diskdə olan səsyazmada cavabdeh boyama işləri ilə məşğul olduğunu, qısa müddət ərzində iddiaçının kartına pulu atacağını bildirmiş, iddiaçı isə əgər pulu hələ də karta atmamışdırsa, qapının ağzında olduğunu, pulu gətirib ona verməyini tələb etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda, MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilən müddəalarda öhdəliyin yaranması əsasları və ümumi şəkildə dairəsi müəyyən edilmişdir. Adı çəkilən müddəaların məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün ilk növbədə onun iştirakçıları (tərəfləri) arasında hüquq münasibətləri yaranmalı və bu münasibətlər qanunla müəyyən edilmiş qeyd edilən əsaslara söykənməlidir. Yaranma formasına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər (deliktlər) və qanundan əmələ gələn öhdəliklərə (özgə işlərini tapşırıqsız aparma və əsassız varlanma) bölünür. Hazırki iş üzrə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iş üzrə cavabdeh mülkiyyətçi (təmsil edilən) Cavabdeh tərəfindən iddiaçıya - İddiaçı Gəncə şəhəri 6 saylı notariat ofisi tərəfindən 7E-12357 nömrə ilə təsdiq edilmiş, “Hyundai Elantra” minik markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair “nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında” xx.xx.2023-cü il tarixli, ƏN-İX seriyalı, 207880 nömrəli etibarnamə verilmişdir. Lakin sonradan bu etibarnamənin qüvvəsinə, Cavabdeh Gəncə şəhəri 6 saylı notariat ofisi tərəfindən 8İ-5653 nömrə ilə təsdiq edilmiş, xx.xx.2023-cü il tarixli, **********653 nömrəli ərizəsinə əsasən xitam verilmişdir. Məhkəmə sözügedən avtomobilin etibaramə əsasında satılmasına dair xüsusata hüquqi qiymət verərək hesab edir ki, həmin hal inandırıcı deyildir və məhkəmə iclasında tədqiq olunmuş sübutların məcmusu ilə təkzib olunur. Belə ki, avtomobilin və ya digər əmlakın etibarnamə əsasında başqa şəxsin idarəçiliyinə verilməsi, hətta etibarnaməli idarəçiliyə verilmiş əmlakın (avtomobilin) sonradan həmin şəxs tərəfindən əldə edilməsi halında da, həmin əmlakın (avtomobilin) daha əvvəldən satılması mənasını ifadə etmir. Əks yanaşma mülki dövriyyənin sabitliyinin pozulmasına, eləcə də etibarnaməli idarəçilik institutu ilə yanaşı, alqı-satqı müqaviləsi institutunun da öz əhəmiyyətini itirməsinə səbəb olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.8-ci maddəsinə görə mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Digər tərəfdən isə tərəflər arasında olan alqı-satqı münasibətləri məhz həmin şəxslər arasında olan alqı-satqı müqaviləsi ilə təsdiq edilməlidir. MPM-in 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının izahatından və iş materiallarından müəyyən olunur ki, iddiaçı cavabdehdən sözügedən avtomobili almaq istəmiş, lakin bu alqı-satqı baş tutmamışdır. Baş tutmamış alqı-satqının nəticəsində isə iddiaçının 400 manat məbləğində pul vəsaitinin cavabdehdə qalması işin digər halları ilə sübuta yetirilir. Belə ki, iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübut qismində özünün istifadəsində olan +**********02 nömrəsi ilə cavabdehin istifadəsində olan +**********78 nömrəsi arasında telefon danışığını əks etdirən 1 ədəd “CD” disk və 2 ədəd “Whatsapp” sosial platformasına aid yazışmaları əks etdirən fotoşəkil təqdim etmişdir. Həmin diskdəki səsyazmada cavabdeh boyama işləri ilə məşğul olduğunu, qısa müddət ərzində iddiaçının kartına pulu atacağını bildirmiş, iddiaçı isə əgər pulu hələ də karta atmamışdırsa, qapının ağzında olduğunu, pulu gətirib ona verməyini tələb etmişdir. Azərbaycan Respublikası Konstitusiyası hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun olduğunu (36-cı maddənin İ hissəsi), habelə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilməsini (60 maddənin İ hissəsi) müəyyən etmişdir. Həmçinin, Mülki Prosessual Məcəllə müəyyən edir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1 və 76.2-ci maddələri). Göründüyü kimi, təqdim edilmiş səsyazmada cavabdeh iddiaçıdan pul almasını etiraf edir. İddiaçı hazırkı tələbində cavabdehin ona verməli olduğu həmin pul məbləğinin 400 manat olduğunu bildirir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak edib həmin səsyazmadakı cavabdehə qaytarmaq istədiyi pul vəsaitinin hansı pul vəsaiti olduğuna aydınlıq gətirməmiş, iddiaçının tələb etdiyi sözügedən pul vəsaitini qaytardığını və borcunun olmamasını sübuta yetirməmişdir. Halbuki, iddiaçıdan aldığı pul vəsaitini qaytarmağı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür (MPM-in 77.1-ci maddəsi). Məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1091.2-ci maddəsi təşkil edir. Belə ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmənin qənaətinə görə, cavabdeh heç bir qanuni əsas və ya müqavilə əsası olmadan, iddiaçıya məxsus 400 manat məbləğində pul vəsaitini özündə saxlamaqla əsassız varlanmışdır. Qeyd edilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdeh heç bir əsas olmadan iddiaçının hesabına əsassız varlandığından, iddia tələbi 400 manat pul vəsaitinin tutulması hissədə təmin edilməlidir. Lakin məhkəmə hesab edir ki, iddia tələbi 300 manat real zərər və 100 manat çəkilən xərc hissəsində əsassızdır. Belə ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində əlavə olaraq ona real zərər vurulduğunu və əlavə xərc çəkdiyini bildirsə də ona vurulan real zərəri, habelə həmin xərcləri həqiqətən də çəkdiyini təsdiq edə bilən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - müharibə veteranları dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 400 (dörd yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcinə görə 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar