Məhkəmə qərarları › İş №2(125)-2327/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2327/2024

03.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2327/2024 03.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 Zeynalabdin oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən sadə elektron qolbağı və mobil nəzarət qurğusunu yararsız vəziyyətə saldığına görə ondan dəyəri 2277,40 manat məbləğində pul vəsaitinin alınıb Ədliyyə Nazirliyinin hesabına ödənilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Gəncə Şəhər Məhkəməsinin 1(125)-169/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəzanın icrası ilə bağlı xx.xx.2023-cü il tarixdə Cavabdeh üzərinə “Attenti” markalı sadə elektron qolbaq tətbiq edilmişdir. Bununla yanaşı ona bir ədəd mobil nəzarət qurğusu və onun adapteri təhvil verilmişdir. Həmin vasitələri itirəcəyi və ya zədələyəcəyi yaxud digər üsulla yararsız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı Cavabdeh elan edilmiş və bu barədə protokol tərtib edilmişdir. Daha sonra Cavabdeh Gəncə Şəhər Məhkəməsinin 3(125)- 1875/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 20 gün müddətə inzibati həbs edilmişdir. Bununla bağlı olaraq ona tətbiq edilmiş elektron nəzarət vasitələri üzərindən açılaraq təhvil alınmışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh inzibati həbs müddəti başa çatdığına görə xx.xx.2023cü il tarixdə ona yenidən elektron nəzarət vasitələri tətbiq edilmiş və həmin vasitələri itirəcəyi və ya zədələyəcəyi yaxud digər üsulla yararsız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı ona bir daha izah edilmişdir. Cavabdeh elektron nəzarət vasitələrini gəzdirmək və işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsini pozduğu üçün Gəncə Şəhər Məhkəməsinin 7(125)-6/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə verilmiş təqdimat təmin edilərək barəsində olan azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 06 ay 01 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Bu zaman ona tətbiq edilmiş elektron nəzarət vasitələri üzərində olmamışdır. Həmin tarixdə Cavabdeh rəsmi xəbərdarlıq məktubu tərtib edilərək ona elektron nəzarət vasitələrinin dəyərini könüllü olaraq ödəmədiyi halda dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmiş və həmin məktub 2 saylı İstintaq Təcridxanasına göndərilmişdir. Həmin Təcridxananın məktubuna əsasən Cavabdeh rəsmi xəbərdarlıq məktubu və ona qoşma olaraq əlavə edilmiş elektron nəzarət vasitələrinin dəyərinin elan edilməsi haqqında protokolla tanış edilmişdir. Lakin bu günə kimi həmin elektron nəzarət vasitələri şöbəyə təhvil verilməmiş və yaxud onun dəyəri ödənilməmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məktubuna görə “Attenti” markalı sadə elektron qolbağın dəyəri 1930 manat, ƏDV 347,40 manat, cəmi 2277,40 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etdi və cavabdehin üzərinə Gəncə Şəhər Məhkəməsinin 1(125)-169/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü üzrə cəzanın icrası ilə bağlı sadə elektron qolbağın tətbiq edildiyini, lakin cavabdehin 20 gün müddətə inzibati həbs edilməsinə görə ona tətbiq edilmiş elektron nəzarət vasitələrinin üzərindən açılaraq təhvil alındığını bildirdi. Həmçinin əlavə etdi ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh inzibati həbs müddəti başa çatdığına görə xx.xx.2023-cü il tarixdə ona yenidən elektron nəzarət vasitələri tətbiq edilmiş, lakin cavabdeh dəyəri 2277,40 manat məbləğində olan elektron nəzarət vasitəsini qırmış, yararsız vəziyyətə salmışdır, hazırda qurğunun aqibəti məlum deyil. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı Cəzaçəkmə Müəssisəsində cəzaçəkən cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat, eləcə də iddia ərizəsinin surəti göndərilmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək hazırda 5 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkdiyini, məhkəmə bildirişi ilə tanış olduğunu, maddi ziyan ilə razı olduğunu, azadlığa çıxdıqdan sonra dəymiş maddi ziyanı ödəməyə imkanının çatdığını, hazırda həbsdə olduğu üçün dəymiş maddi ziyanı ödəyə bilmədiyini, yalnız azadlığa çıxdıqdan sonra ödəniş etməyə hazır olduğunu bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, cavabdehin ərizəsini, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 1(125)-169/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına təyin edilmiş, cavabdehin 21 noyabr 2022-ci il tarixdən 23 noyabr 2022- ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər tutularaq cəmi 4 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanmışdır. Hökmlə azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti cavabdehin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması müəyyən edilmiş, cavabdehin üzərinə Gəncə şəhərinin hüdudlarını tərk etməmək, ünvan 1 ünvanını axşam saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. Hökmün və ya məhkəmənin digər yekun qərarının icra edilməsi haqqında göstərişə əsasən Gəncə Şəhər Məhkəməsinin 1(125)-169/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almış, icraya yönəldilmişdir. İş materiallarına əlavə edilmiş, cavabdeh tərəfindən İddiaçındə verilmiş xx.xx.2023cü il tarixli izahatdan görünür ki, cavabdehə Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yerinə yetirməli olduğu vəzifələri izah edilmişdir. İş materiallarında olan, “azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan məlum olur ki, cavabdehin üzərinə 07119 nömrəli “Attenti” markalı elektron qolbaq tətbiq edilmiş və 1 ədəd 35622733 nömrəli mobil qurğu məhkuma təhvil verilmişdir. Məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə tətbiq edilən elektron nəzarət vasitələrinin dəyərinin elan edilməsi barədə” xx.xx.2023-cü il tarixli digər protokoldan məlum olur ki, cavabdehə elektron nəzarət vasitələrinin dəyəri elan edilmiş, sadə elektron qolbağ və mobil nəzarət qurğusu (stasionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihazla) birlikdə dəyəri 2277,4 manat qeyd edilmişdir. Həmçinin, həmin elektron nəzarət vasitələrini itirəcəyi və ya zədələyəcəyi, yaxud digər üsulla yararsız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı cavabdehə elan edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 3(125)-1875/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 20 (iyirmi) gün müddətinə inzibati həbs edilmiş, həbsetmənin əvvəli 23 avqust 2023-cü il tarixdən hesablanmış, qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunmuş və Cavabdeh narkomaniyadan məcburi müalicə təyin edilərək o, narkoloji dispanserdə qeydiyyata götürülmüşdür. xx.xx.2023-cü il tarixli “azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitəsinin təhvil alınması” barədə protokoldan məlum olur ki, cavabdehə tətbiq edilmiş 35622733 nömrəli “ATTENTİ” markalı mobil qurğu, 07119 nömrəli elektron qolbaq Gəncə Şəhər Məhkəməsinin 3(125)-1875/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə 20 gün müddətə inzibati həbs edildiyi üçün saz vəziyyətdə təhvil alınmışdır. xx.xx.2023-cü il tarixli “azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə” protokoldan məlum olur ki, cavabdehin inzibati həbs müddətinin başa çatması ilə bağlı olaraq üzərinə 08633 nömrəli sadə elektron qolbaq bağlanılmış və 1 ədəd 35650262 nömrəli mobil nəzarət qurğusu, adapter və kabro məhkuma təhvil verilmişdir. Məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. Gəncə Şəhər Məhkəməsinin 7(125)-6/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı icra məmuru Nümayəndə1 tərəfindən verilmiş təqdimat təmin edilmiş, məhkum Cavabdeh Gəncə Şəhər Məhkəməsinin 1(125)-169/2023 saylı, 18 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2024-cü il tarixə çəkilməmiş 01 (bir) il 02 (iki) gün hissəsi 06 (altı) ay 01 (bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Cavabdeh barəsində qərar qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclası zalında dərhal həbs edilmişdir. Həmin qərarla Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 12 yanvar 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, “ATTENTİ” markalı elektron nəzarət vasitələrinin – sadə elektron qolbaq, mobil nəzarət qurğusu, elektrik adabteri və proqram lisenziyasının birlikdə dəyəri 1930 manat, ƏDV 347,40 manat olmaqla, ümumilikdə 2277,40 manat təşkil edir. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli, 82/2023 nömrəli rəsmi xəbərdarlıqla cavabdehin ona tətbiq edilmiş elektron nəzarət vasitələrini özbaşına üzərindən çıxarıb yararsız vəziyyətə salaraq itirməsi, sadə elektron qolbağın dəyərinin 2277,4 manat təşkil etməsi, qısa müddət ərzində vurulmuş ziyanın bank vasitəsilə Ədliyyə Nazirliyinin hesabına ödənilib bunu təsdiq edən qəbzi şöbəyə təqdim etməli olduğu qeyd edilərək, əks halda vurulmuş ziyanın ödənilməsi barədə məhkəməyə mülki iddia veriləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 2 saylı İstintaq Təcridxanasının İddiaçı icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Nümayəndə1 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-17/41/2-614/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixli, 82/2023 nömrəli rəsmi xəbərdarlıq məktubu və azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə tətbiq edilən elektron nəzarət vasitələrinin dəyərinin elan edilməsi barədə 11 iyul 2023-cü il tarixli protokolu Penitensiar Xidmət 2 saylı İstintaq Təcridxanasında saxlanılan Cavabdeh tanış edilib şəxsi işinə əlavə edilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 15-2.4-cü maddəsinə əsasən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun istifadəsinə verilir və ya üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. Həmin Məcəllənin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 aprel 2018-ci il tarixli 144 nömrəli qərarı ilə təstiq edilmiş “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydaları”nın 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan qanunvercilik normalarından və məhkəmənin qanuni qüvvəyə minmiş hökmündən göründüyü kimi cavabdehin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək, onu işlək vəziyyətdə saxlamaq və s. öhdəliklər qoyulmuşdur. Eyni zamanda ona elektron nəzarət vasitəsinin zədələnməsi, yararsız hala salınması, eləcə də itirilməsi zamanı dəyərinin ondan tutulacağı barədə xəbərdarlıq edilmişdir. Cavabdeh ona təhvil verilmiş elektron nəzarət vasitələrini kifayət qədər məsuliyyətlə mühafizə etməmiş, özbaşına üzərindən çıxarıb yararsız vəziyyətə salaraq itirmişdir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya 2277 manat 40 qəpik məbləğində maddi ziyan vurulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddia təmin edilməli, vurulmuş zərərin əvəzi qismində 2277 manat 40 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı büdcədən maliyyələşən təşkilat olduğundan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən dövlət rüsumunun ödənilməsindən azad edilmişdir. Həmin Qanunun 9.4-cü və Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Tələb olunan məbləğ 1000 manatdan çox olduğundan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci və Mülki Prosessual Məcəllənin 112.1.1-ci maddəsinə əsasən ödənilməli olan dövlət rüsumu 42,77 manat təşkil edir. İddia tam həcmdə təmin edildiyindən 42,77 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi kimi 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilsin. Cavabdeh 42,77 manat (qırx iki manat yetmiş yeddi qəpik) dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fəhradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar