Məhkəmə qərarları › İş №2(125)-2372/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2372/2024

26.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2372/2024 26.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Şakir oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli, 2(044)-57/2014 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək, 12 oktyabr 2011-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin və tərəfindən ödənilmiş 55 (əlli beş) manat mediasiya xərcinin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(044)-57/2014 saylı qətnaməsi ilə onların birgə nikahlarından 12 oktyabr 2011-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 13 fevral 2014-cü il tarixdən başlayaraq, Cavabdeh onun xeyrinə hər ay 90 (doxsan) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. O, hazırda həmin pula uşağının tələbatlarını ödəyə bilmir. Cavabdeh maddi cəhətdən uşağına yardım göstərəcək iqtidarında olsa da, özü könüllü olaraq uşağına əlavə heç bir maddi yardım göstərmir. Övladının maddi və mənəvi maraqlarını təmin etmir. Övladı böyüyür, inkişaf edir. Böyüdükcə, inkişaf etdikcə məlumdur ki, artıq onun saxlanma xərci də xeyli artmışdır. O, heç bir yerdə işləmir. Uşağının saxlanılmasında əziyyət çəkir. 2014-cü ildə təyin edilmiş 90 manat alimentin üzərindən artıq 10 (on) il müddət ötür. Hazırki dövrdə həmin pula uşağının tələbatını qarşılamaq qeyri-mümkündür. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək, əlavə olaraq izahatında bildirdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-57/2014 nömrəli, 13 fevral 2014-cü il tarixli qətnaməsi ilə Günay adlı uşağın saxlanılması üçün 90 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. Lakin, uşağın tələbatları, ehtiyacları günü-gündən artır və uşağın ehtiyaclarının qarşılanmasında çətinlik çəkir. Belə ki, uşaq məktəbli olmaqla gözündə qüsur vardır. Həmçinin, qız uşağı olan Günayda artıq ginekoloji problemlər də var. Mütəmadi olaraq müalicə və müayinə olunmalıdır, hansı ki, bunların hamısı da kifayət qədər pul tələb edir. Məhkəmənin sözügedən qətnaməsi əsasında müəyyən edilmiş aliment məbləği ilə də bu ehtiyacların qarşılanması mümkün deyildir. Özü isə heç bir yerdə işləmir. Ona görə də aliment məbləğinin artırılmasına zərurət vardır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında bildirdi ki, mühasib vəzifəsində işləməklə, 450 manat maaş alır. Arada taksi fəaliyyəti ilə də məşğuldur. Buna baxmayaraq, borcları vardır, ona görə də iddiaçının tələb etdiyi məbləğdə alimenti ödəməsi mümkün deyildir. Mövcud aliment məbləğinin 70 manat artırılaraq, 160 manat məbləğində olmasına razıdır. Odur ki, iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. İddia ərizəsinə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş; AZ-İİ seriyalı, 748773 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 12 oktyabr 2011-ci il tarixində doğulmuşdur. Atası: Cavabdeh, anası: İddiaçıdır. “İlkin mediasiya prosesində iştirak edilməməsi” barədə xx.xx.2024-cü il tarixli, 00420 nömrəli arayışdan görünür ki, bu arayış İddiaçı müraciəti əsasında yeri və vaxtı barədə əvvəlcədən məlumatlandırılan qarşı tərəf Cavabdeh mübahisə üzrə 04 mart 2024cü il tarixdə saat 14:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməməsinin təsdiq edilməsi üçün verilir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 55 (50 manat ims, 5 manat poçt xərci) manat məbləğində xərci tam ödəmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-57/2014 nömrəli, 13 fevral 2014-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Cavabdeh ilə Qasımova (Məmmədova) Gülnar Alim qızının arasında Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsində 01 dekabr 2010-cu il tarixdə 976 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından 12 oktyabr 2011-ci il tarixdə anadan olmuş X1 cavabdeh Qasımova (Məmmədova) Gülnar Alim qızının himayəsində saxlanılması, 12 oktyabr 2011-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 13 fevral 2014-cü il tarixdən başlayaraq, Cavabdeh Qasımova (Məmmədova) Gülnar Alim qızının xeyrinə hər ay 90 (doxsan) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikası Gəncə X7 Mərkəzi tərəfindən verilmiş 07 nömrəli, 25 aprel 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixindən Gəncə X7 mərkəzində işləyir. Hal-hazırda o, Gəncə X7 Mərkəzində mühasib vəzifəsini tutur. X9 X4 Ştat Cədvəlinə uyğun olaraq, əmək haqqı 450 (dörd yüz əlli) manat məbləğində təşkil etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi tərəfindən verilmiş iş yerinə dair arayışdan görünür ki, Cavabdeh Gəncə X7 Mərkəzində məşğulluq təsnifatı üzrə: direktor, müəssisə/emaledici sənaye; əmək müqaviləsi üzrə: rəhbər, inzibatçı işləməklə, 450 (dörd yüz əlli) manat əmək haqqı alır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, hesab edir ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılması barədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-57/2014 nömrəli, 13 fevral 2014-cü il tarixli qətnaməsi ilə, 12 oktyabr 2011-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 13 fevral 2014-cü il tarixdən başlayaraq, Cavabdeh Qasımova (Məmmədova) Gülnar Alim qızının xeyrinə hər ay 90 (doxsan) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Lakin, həmin vaxtdan uşaq böyüdüyü və onun xərclərinin artdığı üçün qət edilmiş 90 (doxsan) manat məbləğdə aliment uşağın saxlanması üçün yetərli olmadığından, cavabdeh uşağın saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən, İddiaçı “alimentin artırılması” tələbinə dair mediasiya şurasına müraciət etmiş, cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən, tərəflər arasında razılıq əldə olunmamış, o səbəbdən də iddiaçı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə iddia tələbini qismən qəbul etdiyini bildirərək, qismən təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun: 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, aliment məbləğinin artırılması tələbi iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, iddiaçının cavabdehdən tələb etdiyi alimentdən 10 ildən çox vaxt keçməsi və uşaq böyüdükcə onun tələbatları və saxlanma xərclərinin nisbətən artması, tərəflərin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır. Buna baxmayaraq məhkəmənin qənaəti ondan ibarətdir ki, hazırki iş üzrə alimentin məbləği artırılan zaman əvvəlki qətnamə üzrə təyin olunan alimentin məbləği ilə yeni müəyyən olunacaq alimentin məbləği arasındakı mütənasiblik gözlənilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşağın maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, tərəflərin gəlirləri barədə sübutların təqdim edilməməsini və habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşağın təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, 12 oktyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-57/2014 nömrəli, 13 fevral 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş, hər ay 90 (doxsan) manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılmalı və Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı dəyişdirilmiş (artırılmış) alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmiş, cavabdeh isə mediasiya sessiyasında iştirak etməmişdir. Mediasiyaya çəkilən xərc iddiaçı tərəfindən ödənildiyindən, məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 40 (qırx) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-57/2014 nömrəli, 13 fevral 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılsın və 12 oktyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. Artırılmış hissədə alimentin tutulması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər (mediasiya xərci) qismində ödənilmiş xərcin 40 (qırx) manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar