Məhkəmə qərarları › İş №2(125)-2385/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2385/2024

20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2385/2024 20.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kreditin, kredit faizinin və cərimənin ödənilməsi» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «kreditin, kredit faizinin və cərimənin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə 4643,33 (dörd min altı yüz qırx üç manat otuz üç qəpik) AZN əsas, 707,52 (yeddi yüz yeddi manat əlli iki qəpik) AZN faiz, 83 (səksən üç) AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 5433,85 (beş min dörd yüz otuz üç manat səksən beş qəpik) AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 74,74 (yetmiş dörd manat yetmiş dörd qəpik) AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC-nin xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi ofertası əsasında iddia Unibank» KB ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2022-ci il tarixində xx.xx.2025-ci il tarixinədək illik 23 faiz ödəmək şərti ilə 5300 manat məbləğində kredit verilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixində ərizə (aksept) imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. X2 20.9-cu bəndinə əsasən “Müştəri“ kreditin və/ və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 (qırx) faizi miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olum məbləğdə və faizlə borcalana kredit ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarma öhdəsinə götürür. Lakin cavabdeh Müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 01 fevral 2024, tarixinə "xxxx" KB ASC-yə 4643,33 AZN əsas, 707,52 AZN faiz, 83 AZN cərimə, 0 AZN komisyon haqqı borc olmaqla, cəmi 5433,85 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin, məhkəməyə ərizə göndərərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanmaqla işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə tərəfindən bildiriş cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına göndərilmiş və həmin orqan tərəfindən məhkəmə bildirişinin üzərində müvafiq qeydlər olunmaqla bildirişin kötüyü məhkəməyə qaytarılmışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Cavabdeh tərəfindən "xxxx" X3 Səhmdar Cəmiyyətinə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 01U/21 nömrəli bank xidmətlərinə dair X2 şərtlərini qəbul etmişdir. xx.xx.2022-ci il tarixdə bağlanmış xx.xx.2021-ci il tarixli, 01U/21 nömrəli bank xidmətlərinə dair ümumi oferta müqaviləsindən görünür ki, bu oferta üzrə müştəri banka məxsus mobil əlavə üzərindən və ya istənilən filiala yaxınlaşmaqla karta bağlı bir daimi bərkidilmiş hesab seçir. Bank tərəfindən xidmət aktivləşdirildikdən sonra müştəriyə mobil əlavə vasitəsi ilə və ya mümkün olan digər elektron üsullarla məlumat verildikdən sonra müştəri banka məxsus mobil əlavə və ya istənilən filiala yaxınlaşmaqla əlavə olaraq bir müvəqqəti bərkidilmiş hesab seçə bilər. Daha sonra, müştəri fərqli valyutadan istifadə etmək istədikdə mobil əlavə üzərindən hesabı manual olaraq dəyişərək əməliyyatlar edə bilər. Yalnız mobil tətbiqdə nəzərdə tutulan əməliyyatlardan bank tərəfindən texniki imkan yaradıldıqda digər elektron üsulla istifadə edilə bilər. Müştəri kartdan debet, kredit/kredit xətti, əmək haqqı kartı kimi istifadə etmək hüquq əldə edir. Həmçinin, kart müştəriyə nağd qaydada rəsmiləşdirilən kredit vəsaitinin əldə edilməsi üçün bir alət kimi (yəni POS/ATM terminaldan nağdlaşdırılmaqla) istifadə hüququ verir. Kartı ancaq debet kartı kimi əldə edən müştəri mobil tətbiq vasitəsi ilə kredit üçün müraciət edərsə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Asan-Finans dövlət portalından müştəri haqqında olan bütün məlumatların bank tərəfindən sorğu edilməsinə və məlumatların ötürülməsinə dair müvafiq sənədləri analoq imza vasitəsi ilə təsdiq edir. Bu oferta müştəriyə təqdim edilən kart əmanət üçün hesablanan faiz gəlirlərinin əldə edilməsi üçün istifadə edilə bilər. Bu oferta üzrə müştəri ilə bank arasında bütün münasibətlər yazılı qayda ilə yanaşı, internet, elektron poçt ünvanı, SMS və/vəya mobil əlavə vasitəsi ilə də tənzimlənə bilər. Tərəflər razılaşırlar ki, internet, elektron poçt ünvanı, SMS və/və ya mobil mobil əlavə vasitəsi ilə və bu müqavilədə nəzərdə tutulmuş istənilən digər qaydada təqdim edilən və təsdiq edilənlər onların həqiqi imzasının analoqudur. "xxxx" X3 Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" X3 Səhmdar Cəmiyyətinə 4643,33 AZN əsas, 707,52 AZN faiz, 83 AZN cərimə 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 5433,85 AZN borcu vardır. xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, "xxxx" X3 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 13411nkKPZb/22 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyi üçün Banka 23 noyabr 2023-cü il tarixinə 4643,33 AZN əsas, 505,56 AZN faiz, 44,02 AZN cərimə, cəmi 5192,91 AZN borcu vardır. Banka olan bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etməyi təklif etmişdir. Əks təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, mülki iş materiallarından görünür ki, tərəflər arasında bağlanmış borc müqaviləsinə uyğun olaraq, Cavabdeh tərəfindən öhdəliklər icra edilməmişdir. "xxxx" KB ASC tərəfindən Cavabdeh borcun tam ödənilməsi xx.xx.2023-cü il tarixdə tələb edilmiş, həmin tarixə Cavabdeh "xxxx" KB ASC-yə borcu ödənilməmiş əsas borc qismində 4643,33 AZN, faiz borcu qismində 505,56 AZN təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc alana qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərimişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Mülki işin tədqiq edilmiş hallarından göründüyü kimi "xxxx" KB ASC Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə bağlanmış xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi oferta müqaviləsindən xx.xx.2023-cü il tarixdə imtina etməklə ona xitam vermişdir. Həmin tarixə Cavabdeh "xxxx" KB ASC-yə borcu ödənilməmiş əsas borc qismində 4643,33 AZN, hesablanmış və ödənilməmiş faiz borcu qismində 505,56 AZN təşkil etmişdir. Buna görə də Cavabdeh "xxxx" KB ASC-yə faiz borcunun hesablanması məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi tarixədək deyil, tərəflər arasındakı müqaviləyə xitam verildiyi tarixədək hesablanmalıdır. Digər tərəfdən "xxxx" KB ASC-nin Cavabdeh qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, tərəflər arasındakı müqavilənin ləğv edildiyi xx.xx.2023-cü il tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsi tələbi mövcud deyildir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, "xxxx" KB ASC-nin Cavabdeh qarşı ödənilməmiş əsas borcun əvəzi qismində 4643,33 AZN, hesablanmış və ödənilməmiş faiz borcu qismində 505,56 AZN məbləğində pul tələbi əsaslı olsa da, iddia faiz borcuna dair digər hissədə əsassızdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, 83 (səksən üç) AZN təşkil edən cərimə məbləğinin 2 (iki) AZN məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə bağlanmış xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi oferta müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə ödənilməmiş əsas borc qismində 4643,33 (dörd min altı yüz qırx üç manat otuz üç qəpik) AZN, xx.xx.2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 505,56 (beş yüz beş manat əlli altı qəpik) AZN, cərimə qismində 2 (iki) AZN məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə bağlanmış xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi oferta müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə 4643,33 (dörd min altı yüz qırx üç manat otuz üç qəpik) AZN əsas borc, 505,56 (beş yüz beş manat əlli altı qəpik) AZN faiz borcu, 2 (iki) AZN cərimə borcu, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 5150,89 (beş min yüz əlli manat səksən doqquz qəpik) AZN məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyinə görə iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 74,74 (yetmiş dörd manat yetmiş dörd qəpik) AZN dövlət rüsumunun 71,50 (yetmiş bir manat əlli qəpik) AZN hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4643,33 (dörd min altı yüz qırx üç manat otuz üç qəpik) AZN əsas borc, 505,56 (beş yüz beş manat əlli altı qəpik) AZN faiz, 2 (iki) AZN cərimə borcu olmaqla, cəmi 5150,89 (beş min yüz əlli manat səksən doqquz qəpik) AZN borc və ödənilmiş dövlət rüsumunun 71,50 (yetmiş bir manat əlli qəpik) AZN hissəsi tutularaq, iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar