Məhkəmə qərarları › İş №2(125)-2394/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2394/2023

17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2394/2023 17.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinə əsasən ödənilməmiş əsas borcun əvəzi qismində 5.930 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 80 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi Q.İ.Yusifov məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında bildirdi ki, İddiaçı ünvan 1 ünvanında yerləşən «KZS Elektroniks» adlanan mağazada məişət texnikası avadanlıqlarının pərakəndə nağd və daxili kredit vasitəsi ilə satışını həyata keçir. Cavabdeh xx.xx.2019-cu il tarixində həmin mağazaya gələrək ümumi dəyəri 2.640 manat olan 2 ədəd «Samsung» markalı televizoru, ümumi dəyəri 2.720 manat olan 2 ədəd «Samsung» markalı soyuducunu, dəyəri 700 manat olan 1 ədəd «Samsung» markalı paltaryuyanı, dəyəri 300 manat olan 1 ədəd istilik sobasını almışdır. Cavabdeh ümumilikdə 6.360 manat məbləğində borcu 12 ay müddətinə hissə-hissə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin hazırki tarixədək cavabdeh ümumi borcundan cəmi 430 manat ödəniş etmiş, qalan 5.930 manat borcu isə ödəməmişdir. Dəfələrlə Cavabdeh borcu könüllü ödəməsi barədə xəbərdarlıq edilsə də, Cavabdeh borcu ödəməkdən qərəzli olaraq yayınmışdır. Buna görə də Q.İ.Yusifov hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda Q.İ.Yusifov iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəzaçəkən Cavabdeh məhkəməyə daxil olmuş iddiaya xx.xx.2023-cü il tarixli etirazında göstərilmişdir ki, onun X2 ilə şəxsi tanışlığı olmuş və o, Q.İ.X7 Respublikasında istehsal olunmuş istilik sobası almışdır. Həmçinin onun bacısı yeni mənzil almış və o, bacısına hədiyyə olaraq soyuducu almışdır. Sözügedən soyuducunu X2 özü birbaşa mənzilə gətirmişdir. O, İddiaçı deyil, İddiaçı atası Qoşqarı tanıyır. Şəxsi münasibətlərinə istinad edərək Qoşqar ondan mağazaya müştəri cəlb etməsini də xahiş etmişdir. Belə ki, o, aşbaz olmuş, heç bir rəsmi iş yeri olmamışdır. Buna görə də iddiaçı tərəfindən onunla bir neçə müqavilə bağlanmağı absurddur. Həmçinin indiyə kimi olan borcundan o, 400 manat ödəniş etmişdir. O, iddianı yalnız istilik sobası və soyuducu dair hissəsini qəbul edir, arvadı 300 manat əmək haqqı aldığına görə borcunun hissə-hissə ödənilməsinə şərait yaradılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən və ona əlavə edilən ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı 1.140 manat dəyərində «Samsung» markalı soyuducunu 12 ay ərzində hər ay 95 manat ödəmək şərtilə almışdır. Cavabdeh həmin borcundan 180 manat ödəniş etmiş, qalıq borcu 960 manat qalmışdır. İşdə olan xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən və ona əlavə edilən ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı 2.280 manat dəyərində «Samsung» markalı soyuducunu və paltaryuyanı 12 ay ərzində hər ay 190 manat ödəmək şərtilə almışdır. Cavabdeh həmin borcundan 190 manat ödəniş etmiş, qalıq borcu 2.090 manat qalmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən və ona əlavə edilən ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı 1.320 manat dəyərində «Samsung» markalı televizoru 12 ay ərzində hər ay 110 manat ödəmək şərtilə almışdır. Cavabdeh həmin borcundan 60 manat ödəniş etmiş, qalıq borcu 1.260 manat qalmışdır. İşdə olan xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən və ona əlavə edilən ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı 1.320 manat dəyərində «Samsung» markalı televizoru 12 ay ərzində hər ay 110 manat ödəmək şərtilə almışdır. Həmin müqavilə üzrə heç bir ödəniş edilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh borcu könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir. İşdə olan sənədlərin texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 5/1063 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş dəyərini hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında 11 dekabr 2019-cu il tarixli, 06 oktyabr 2019-cu il tarixli, 21 dekabr 2019-cu il tarixli və 24 noyabr 2019-cu il tarixli müqavilələrdəki və müqavilələrə əlavə edilmiş ödəniş cədvəllərindəki Cavabdeh adından olan imzalar hər hansı texniki qurğu vasitəsi ilə deyil, birbaşa qələmlə icra edilmişdir. İş materiallarında olan məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-4/1268 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, İddiaçı və Cavabdeh arasında olan 06 oktyabr 2019-cu il tarixli müqavilədə «Alıcı:» və «Alıcının qeydləri:» qrafalarındakı imzalar, həmin müqaviləyə əlavə olunan ödəniş cədvəlinin yuxarı hissəsində «İmza» qrafasındakı imzalar, İddiaçı və Cavabdeh arasında olan 24 noyabr 2019-cu il tarixli müqavilədə «Alıcı:» qrafasındakı imza və həmin müqaviləyə əlavə olunan ödəniş cədvəlində «Alıcı:» qrafasında və yuxarı hissəsində «İmza» qrafasındakı imzalar İddiaçı və Verdiyev. Nail Elxan oğlu arasında olan 11 dekabr 2019-cu il tarixli müqavilədə «Alıcı:» və «Alıcının qeydləri:» qrafalarındakı imzalar, həmin müqaviləyə əlavə olunan ödəniş cədvəlində «Alıcı:» qrafasındakı və yuxarı hissəsində «İmza» qrafasındakı imza İddiaçı və Cavabdeh arasında olan 21 dekabr 2019-cu il tarixli müqavilədə «Alıcı:» və «Alıcının qeydləri:» qrafalarındakı imzalar və həmin müqaviləyə əlavə olunan ödəniş cədvəlində «Alıcı» qrafasındakı imza – Cavabdeh tərəfindən icra olunmuşdur. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələr üzrə Cavabdeh öhdəliklərini icra etməmişdir. Bununla əlaqədar Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 960 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 2.090 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1.260 manat və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1.320 manat olmaqla cəmi 5.630 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinin tələbinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əçyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, öhdəliyin icrasını sübuta yetirmək vəzifəsi Cavabdeh üzərinə düşsə də, Cavabdeh öhdəliyin icra edilməsi barədə məhkəməyə sübut təqdim etməmiş, Cavabdeh yalnız xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələrdəki onun adından olan imzaların ona məxsus olmadığını bildirərək, iddiaya etiraz etməklə kifayətlənmişdir. Qeyd olunan xüsusatın araşdırılması və tələbetmə hüququ ilə əlaqədar olan əqdlərin etibarlılığının yoxlanılması məqsədi ilə mülki işin məhkəmə tədqiqi zamanı kompleks məhkəmə xəttşünaslıq və sənədlərin texniki ekspertizası təyin edilmiş, məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-4/1268 nömrəli və sənədlərin texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 5/1063 nömrəli rəyi ilə həmin müqavilələrdəki imzaların Cavabdeh məxsus olduğu, həmin əqdlərin etibarsızlığına dəlalət edən hər hansı halın mövcud olmadığı müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh iddiaya etirazının əsası kimi istinad etdiyi hallar iddianın təmin olunmaması üçün əsas deyildir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, X3 xx.xx.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş əsas borc qismində 960 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş əsas borc qismində 2.090 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş əsas borc qismində 1.260 manat və xx.xx.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş əsas borc qismində 1.320 manat olmaqla, cəmi 5.630 manat məbləğində pul vəsaiti Cavabdeh xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 76 manat 30 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə və ödənilməmiş eksperiza tədqiqatının dəyəri qismində 208 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh iddiası qismən təmin edilsin. Cavabdeh 06 oktyabr 2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 960 (doqquz yüz altmış) manat, 24 noyabr 2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.090 (iki min doxsan) manat, 11 dekabr 2019cu il tarixli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.260 (bir min iki yüz altmış) manat, 21 dekabr 2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.320 (bir min üç yüz iyirmi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 76 (yetmiş altı) manat 30 (otuz) qəpik, cəmi 5.706 (beş min yeddi yüz altı) manat 30 (otuz) qəpik məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdeh iddiası qalan hissədə təmin edilməsin. Cavabdeh eksertiza tədqiqatının dəyəri qismində 208 (iki yüz səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar