Məhkəmə qərarları › İş №2(125)-2395/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2395/2024

10.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2395/2024 10.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş 18 mart 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh onun xeyrinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(044)- 1039/2021 saylı qətnaməsi ilə tutulan 150 (bir yüz əlli) manat alimentin artırılaraq, 250 (iki yüz əlli) manat edilməsinə, həmin məbləğdə alimentin və 55 (əlli beş) manat ödədiyi mediasiya xərcinin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi nikah qeydiyyatından keçərək, ailə qurmuşdur. Onların birgə nikahlarından 18 mart 2015-ci ildə X5 adında uşaqları doğulmuşdur. Onların münasibətləri uyğun gəlmədiyi üçün Sumqayıt Şəhər Məhkəməsinin 15 yanvar 2016-cı il tarixli, 2(060)-369/2016 saylı qətnaməsi ilə onların nikahları pozulmuş və onların birgə nikahlarından doğulmuş 18 mart 2015-ci il təvəllüdlü Ayxan adlı uşaqlarının yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh onun xeyrinə hər ay 100 (yüz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Daha sonra, o, alimentin artırılmasına dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(044)-1039/2021 saylı qətnaməsi ilə, Sumqayıt Şəhər Məhkəməsinin 15 yanvar 2016-cı il tarixli, 2(060)-369/2016 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq, onların birgə nikahlarından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Cavabdeh məhkəmə qətnaməsi ilə təyin edilmiş aliment pulundan başqa uşağın saxlanılmasında ona hər hansı köməklik etmir. Uşaq böyüyür, tələbatları artır, o, uşağın saxlanılmasında çətinlik çəkir. Ona görə də o, alimentin miqdarının artırılması üçün qanunvericiliyin tələbinə uyğun olaraq Gəncə 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş, cavabdeh ilkin mediasiya sessiyasına gəlməmişdir. Buna görə də mediator onlara ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış vermiş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də o, məcbur olmuş, hazırki ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(044)-1039/2021 saylı qətnaməsi ilə cavabdehdən onun xeyrinə hər ay tutulan 150 (bir yüz əlli) manat təyin olunmuş sabit pul məbləğində alimentin miqdarının artırılaraq 250 (iki yüz əlli) manat miqdarında edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək, əlavə olaraq bildirdi ki, Cavabdeh ilə əlaqəsi yoxdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(044)- 1039/2021 saylı qətnaməsi ilə müəyyən edilən 150 manat sabit pul məbləğində aliment məbləği əvvəllər Ayxan adlı uşağın saxlanılması üçün kifayət etsə də, hal-hazırda uşaq böyümüş, xərcləri və tələbatları daha da artmışdır. O cümlədən uşağın sağlamlığında da problemlər vardır, üzgüçülüyə getməlidir. Bu da özlüyündə kifayət qədər vəsait tələb edir. Özü “Gəncə Dövlət Universitetinin X4” X6 işləyir və 350 manat əmək haqqı alır. Lakin yenə də uşağın xərclərini çatdıra bilmir. Ona görə də aliment məbləğinin artırılmasına zərurət vardır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddia ərizəsinə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş; AZ-İİİ seriyalı, 468842 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 18 mart 2015-ci il tarixdə doğulmuşdur. Atası: Cavabdeh, anası: X2r. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1039/2021 nömrəli, 15 mart 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(044)-369/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, xx.xx.2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi, İddiaçı ödəməkdən azad edildiyi dövlət rüsumu 30 manat Cavabdeh tutularaq, dövlət mədaxilinə keçirilməsi, artırılmış alimentin tutulmasına Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin bu iş üzrə 2(044)-1039/2021 nömrəli, 15 mart 2021-ci il tarixli qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanması qət edilmişdir. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2024-cü il tarixli, 00436 nömrəli arayışdan görünür ki, bu arayış İddiaçı Cavabdeh tərəfindən təsvir edildiyi kimi, “alimentin artırılması” tələbinə dair mübahisə üzrə xx.xx.2024-cü il tarixində 16:00 saatlarında iştirak etmədiyini təsdiq üçün verilir. Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 manat mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, hesab edir ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılması barədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1039/2021 nömrəli, 15 mart 2021-ci il tarixli qətnaməsi ilə, iddia qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(044)-369/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, xx.xx.2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Lakin, həmin vaxtdan uşaq böyüdüyü və onun xərclərinin artdığı üçün qət edilmiş 150 (bir yüz əlli) manat məbləğdə aliment uşağın saxlanması üçün yetərli olmadığından, cavabdeh uşağın saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən, İddiaçı “alimentin artırılması” tələbinə dair mediasiya şurasına müraciət etmiş, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, tərəflər arasında razılıq əldə olunmamış, o səbəbdən də iddiaçı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak etmədiyindən onun iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun: 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, aliment məbləğinin artırılması tələbi iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, iddiaçının cavabdehdən tələb etdiyi alimentdən 3 ildən çox vaxt keçməsi və uşaq böyüdükcə onun tələbatları və saxlanma xərclərinin nisbətən artması, tərəflərin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı cavabdehin gəlirləri barədə sübut təqdim edə bilməmişdir. Buna baxmayaraq məhkəmənin qənaəti ondan ibarətdir ki, hazırki iş üzrə alimentin məbləği artırılan zaman əvvəlki qətnamə üzrə təyin olunan alimentin məbləği ilə yeni müəyyən olunacaq alimentin məbləği arasındakı mütənasiblik gözlənilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşağın maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, tərəflərin gəlirləri barədə sübutların təqdim edilməməsini və habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşağın təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, 18 mart 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1039/2021 nömrəli, 15 mart 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılmalı və Cavabdeh hər ay 210 (iki yüz on) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı dəyişdirilmiş (artırılmış) alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmiş, cavabdeh isə mediasiya sessiyasında iştirak etməmişdir. Mediasiyaya çəkilən xərc iddiaçı tərəfindən ödənildiyindən, məhkəmə hesab edir ki, Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 40 (qırx) manat məbləğində pul tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1039/2021 nömrəli, 15 mart 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılsın və 18 mart 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 210 (iki yüz on) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. Artırılmış hissədə alimentin tutulması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər (mediasiya xərci) qismində 40 (qırx) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar